Ötən həftə Prezident İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdi. Dövlət başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının, eləcə də 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışlarını etdi. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verildi. Prezident Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış oldu, bundan başqa, Gəncə Memorial Kompleksinin təməlini qoydu.

 

Qeyd edək ki, bu səfər dövlət başçısının Gəncəyə sayca on səkkizinci səfəri idi. Məlumdur ki, Gəncəyə hər zaman xüsusi diqqət göstərilib, nəticədə qədim Gəncə dinamik inkişaf edərək müasir, abad bir şəhərə çevrilib.

 

Şəhərin kompleks inkişaf planının təsdiqlənməsi, bir çox layihələrin burada uğurla icra edilməsi, əsas infrastruktur layihələrin böyük əksəriyyətinin öz həllini tapmasında hədəf məhz ondan ibarət olub ki, böyük şəhərlərə xas  inkişaf xüsusiyyətlərini Gəncə də özündə yaşada bilsin.

 

Əhali sayına görə üstünlüyə malik Gəncənin elektrik enerjisi ilə təchizatı baxımından mühüm işlər görülüb,10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir olunub. Şəhərin tələbatını tam ödəyən bu enerji istehsalının gücü 220 meqavat təşkil edir.

 

Şəhərdə qazlaşdırma layihəsi tam icra olunub. İçməli su layihəsinin icra prosesi isə davam edir. Belə ki, bu işlərin icrası hələlik 42 faiz səviyyəsindədir. Maliyyə tutumu təqribən 800 milyon manat təşkil edən bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.

 

Yol hər zaman rahatlıq, mədəniyyətdir deyirik. Bu gün əminliklə vurğulaya bilərik ki, Gəncəyə aparan yol infrastrukturu da tam müasirləşdirilib. Bakı-Gəncə avtomobil yolunun, Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsənə gedən yollarda da əsaslı təmir işləri aparılıb.

 

Dəmir yolu sahəsində də inkişafa xidmət edən addımlar atılıb. Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi olan Gəncə-Bakı dəmir yolu xətti tam modernləşdirilib. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən, vaxt baxımından çox əlverişli, həm də komfortlu olan sürət qatarları hazırda Bakıdan Gəncəyə, Gəncədən Bakıya doğru işləyir. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.

 

Hər bir şəhər və rayon üçün səhiyyə, təhsil infrastrukturu da böyük və əhəmiyyətli infrastruktur sayılır. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib, əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Təbii ki, vurğulanan bu statistika şəhərin probleminin böyük hissəsini həll edə bilən rəqəmlərdir.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib ki, kənd təsərrüfatının ölkə iqtisadiyyatında önəmi nəzərə alınaraq, aqrar sahə üzrə bu təhsil mərkəzinin müasirləşdirilməsinə diqqət göstərmək xüsusi əhəmiyyət daşıyır.

 

Gəncədə “ASAN xidmət” mərkəzlərinin şəbəkəsi genişlənir. Bir neçə il bundan əvvəl şəhərdə “ASAN xidmət” Mərkəzi açılsa da, belə bir şəffaf, xidmət səviyyəsi, yüksək və rahat quruma artan tələbat ikinci “ASAN xidmət”in açılması ehtiyacını yaratdı. Hazırda ikinci xidmət də istifadəyə verilib.

 

Bilirik ki, Gəncə həm də bir mədəni mərkəzdir. Bu baxımdan şəhərin mədəni həyatına töhfə olan təşəbbüslər, maraqlı layihələr hər zaman dövlət tərəfindən dəstəklənib. Bir neçə il bundan əvvəl burada Gəncə Filarmoniyası açılıb. Dram Teatrı aktiv fəaliyyət göstərir. Bütün bunlar Gəncənin mədəni həyatını zənginləşdirir.

 

Sırada Gəncə üçün görüləcək hələ nə qədər işlər var! Gəncə yerləşdiyi coğrafi mövqeyə görə digər şəhər və rayonların inkişafında da mühüm rola malikdir. Təbii ki, burada söhbət işğaldan azad olunmuş Kəlbəcər rayonunun inkaşafında Gəncənin öz sözünü deməsindən gedir. Yəni, Kəlbəcərə yeganə gedən yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Bu bağlantı sözsüz ki, işğalın zərbələrinə məruz qalan Kəlbəcərin yaxın zamanlarda inkişafı üçün yaxşı nəticələr vəd edir.  

 

Bundan başqa, Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Orada həm qızıl, həm də dəmir filizi yataqları mövcuddur. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Gəncənin də burada xüsusi rolu olacaq.

 

Təməli qoyulan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi kimi nəzərdə tutulub. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcək. Saray gənclərin fiziki inkişafında, asudə vaxtlarının təşkilində mühüm rol oynayacaq.

 

Məlumdur ki, II Qarabağ müharibəsində Gəncə olduqca ağır bir terrorla üzləşdi. Ermənistan ordusu tərəfindən dəfələrlə bombalandı. Qadınlar, kişilər, yaşlılar, uşaqlar həlak oldu. Bu hərbi cinayəti dünya ictimaiyyətinə, gələcək nəsillərə əyani göstərmək üçün, təqribən dörd hektar ərazidə cinayətin izlərinə toxunulmadan Gəncə Memorial Kompleksi inşa olunacaq.

 

Beləliklə, qədim və müasir Gəncə Azərbaycanın ikinci böyük şəhəri kimi özünün dinamik inkişafı ilə insanlarda hər zaman xoş ovqat yaradacaq. 

 

V.ALLAHVERDİYEVA