Bakı Ali Neft Məktəbinin (BANM) daha 2 tələbəsi SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.

 

Ali Məktəbdən bildirilib ki, təqaüdü qazananlar Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri - Zərifə Cəbrayılova və Kənan Məmmədovdur. BANM-in Elmi Şurasının bu qərarı onların tədris illəri ərzində əldə etdikləri yüksək nəticələr, Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki xüsusi aktivliyi nəzərə alınaraq verilib.

 

Qeyd edək ki, bu tələbə təqaüdü akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq BANM tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17 mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təsis edilib. Belə ki, hər il BANM-in 2 nümunəvi IV və ya V kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malik olur.