Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq Bakı Dövlət Universitetində (BDU) olub.

 

Səfir əvvəlcə rektor Elçin Babayevlə görüşüb. Rektor səfirə Azərbaycanın ən böyük universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verib. Bildirib ki, universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Son zamanlar BDU-da elektronlaşma, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində geniş işlər görülür. 

 

Görüşdə Koreya universitetləri ilə ikili diplom, elmi sahədə əməkdaşlıq imkanları müzakirə edilib, bu ilin oktyabr ayında universitetdə “Koreya günləri”nin keçirilməsi barədə razılıq əldə olunub.

 

Sonra səfir Heydər Əliyev lektoriyasında şərqşünaslıq, beynəlxalq əlaqələr və iqtisadiyyat fakültələrinin müəllim-tələbə heyəti üçün “Koreya və Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi: mübadilə vəziyyəti, əlaqələrin perspektivləri və gələcəkdə qarşıda duran məsələlər” mövzusunda mühazirə oxuyub.

 

Səfir iki ölkə arasında əlaqələrin daha da güclənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını və Koreya dilini, koreyaşünaslığı tədris edən BDU ilə əməkdaşlığın çox faydalı olacağına inandığını qeyd edib.

 

Li İn-Yonq daha sonra Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi ilə tanış olub.