V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Son illərdə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir.  Özündə təşəbbüskar ideyaları və bir sıra mütərəqqi  yenilikləri ehtiva edən müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Cari tədris ilində keçirilən V Qrant müsabiqəsinin qalib layihələri də təhsildə yeniliklərə can atan müəllimlərimizin səmərəli axtarışlarının bəhrəsi kimi  qiymətləndirilə bilər. 

 

“Sağlam ruh - xoşbəxt gələcək”

 

V qrant müsabiqəsində qalib olan “Sağlam ruh - xoşbəxt gələcək” layihəsinin məqsədi məktəblilərdə sağlam psixoloji ruhun formalaşmasını təmin və qarşılaşdıqları çətinliklər zamanı daha optimal çıxış yolları tapmalarına kömək etməkdir. Layihənin rəhbəri  Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli  xarici dillər təmayüllü məktəb-liseyin müəllimi Leyla Camalzadə müəllifi olduğu təşəbbüs və onun icrası barədə danışır:

 

- Ötən ilin sonlarında  layihənin icrası təmin edildi. Öncə “Sağlam ruh - xoşbəxt gələcək” layihəsinin tanışlıq xarakterli görüşü keçirildi. Görüşün məqsədi 9-cu sinif şagirdlərini layihədən xəbərdar etmək, valideynləri bir amal altında birləşməyə səsləmək idi.  Görüşün əlçatanlığının təmin olunması üçün  Zoom platforması üzərindən onlayn formada keçirildi.

 

Layihənin açılış tədbirində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, gənc alim, Prezident mükafatçısı Elnur Həsənov,  regional təhsil idarəsinin əməkdaşları, Samux və Gəncə şəhər məktəb direktorları, “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı, 9-cu sinif rəhbərləri və müəllimlər iştirak etdi. Layihənin icrasına psixoloq Günay Bayramova tərəfindən 9-cu sinif şagirdləri arasında anket tipli sorğu keçirilməklə başlanıldı. Sorğuya əsasən onların psixoloji vəziyyəti  təhlil edildi.

 

Daha sonra isə hər həftənin şənbə günü təlimlər təşkil edildi. Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin 200 nəfər 9-cu sinif şagirdinə psixoloji təlimlər və maarifləndirici görüşlər keçirildi. Layihənin planından bir az kənara çıxaraq 3, 40 və Samux rayonu Səhrəddin Əliyev adına 2 nömrəli tam orta məktəblərin 9-cu sinif şagirdləri arasında da psixoloji sorğu keçirildi və eyni zamanda psixoloji zəiflik aşkarlanan şagirdlər də təlimlərə cəlb olundu.

 

Layinənin sonunda valideynlərlə Zoom platforması üzərindən hesabat xarakterli görüş təşkil olundu. Görüşdə valideynlər layihə müddətində keçirilən təlimlərin şagirdlər üzərində müsbət nəticələrindən danışdılar.

 

Daha sonra  layihənin bağlanış tədbiri keçirildi. 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin direktoru Əliağa Səfərəliyev bütün layihə əməkdaşlarını dəstəkləyərək onların gördüyü işləri çox təqdir etdiyini bildirdi. Qonaqlar layihənin maarifləndirici mövzuda çəkilmiş sosial çarxı və 3 aylıq hesabat videonu izlədilər. Layihənin eksperti, hüquqşünas Sərxan Sadıxov və digər çıxış edənlər layihəni yüksək qiymətləndirdilər. 

 

Layihə bitdikdən sonra da Leyla Camalzadə və Günay Bayramova mütəmadi olaraq şagirdlərlə görüşlər təşkil edirlər. Layihənin şagirdlərə müsbət təsiri isə bizi məmnun  etdi.

 

“Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”

 

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş  layihələrdən biri də  “Kənd məktəblərində təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması” mövzusuna həsr olunub. Layihə rəhbəri Füzuli rayon R.Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin direktor müavini, qabaqcıl  təhsil işçisi Maya Əhmədovadır. M.Əhmədova   təhsil sistemi üçün çox əhəmiyyətli layihənin məqsəd və əhəmiyyəti  barədə fikirlərini bölüşür:

 

- Layihənin məqsədi məsafədən təhsilə qoşula bilməyən kənd məktəblərində təhsilalanlar üçün distant təhsilin əlçatanlığını təmin etməkdir. Layihə haqqında məlumatlandırma aparmaq üçün sosial şəbəkə hesablarının açılması, layihənin təqdimat tədbiri keçirildi. MS Teams platforması üzərindən onlayn qaydada keçirilən tədbirdə  rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin direktoru M.Əliyev, müəllim, valideynlər və şagirdlər, layihənin eksperti, təlimçisi iştirak etdilər.

 

Ümumilikdə 200-ə yaxın şagird arasından onlayn dərsə qoşula bilməyən 90 -dan çox məktəbli seçilərək informasiya-kommunikasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş distant təhsil mərkəzindən yararlanmaq üçün təlimə cəlb olundular. Təlimlər bir təlimçi tərəfindən həftədə iki dəfə 6 qrupda 15 şagird olmaqla ümumilikdə 12 təlim günü MS Teams platformasında onlayn təşkil edildi. Şagidlərə “Virtual məktəb”də qeydiyyatdan keçmək qaydası, şifrənin bərpası, şəxsi kabinetə daxil olmaq, müəllimin sinfə təyin etdiyi tapşırıqların icrası, ümumi qruplardakı test tapşırıqlarının işlənməsi, onlayn dərs zamanı virtual məktəb qaydaları, videoresurslardan istifadə imkanı, teledərslərini televizorda izləmək imkanı olmadıqda videoyazıları sonradan izləmək və s. mövzularda təlim keçirildi. Layihədə nəzərdə tutulmuş avadanlıqlar alındı, mərkəz hazır vəziyyətə gətirildi. Sertifikatlar paylandı, layihənin bağlanış tədbiri keçirildi.

 

Məsafədən təhsilə qoşula bilməyən təhsilalanlar mərkəzdə quraşdırılmış müasir İKT  avadanlıqlarından istifadə edəcəklər. Şagirdlər onlayn dərslərə qoşulmaqla müəllimin sinfə təyin etdiyi tapşırıqları təhvil verməyi öyrəndilər. Pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla yaradılan mərkəzlərdə xüsusilə ucqar kənd məktəblərində çoxuşaqlı ailələrdə ağıllı telefon, kompüter və s. kimi internetə çıxışı olan cihazların məhdudiyyətləri təhsilalanların distant təhsildən kənarda qalmasını əngəlləyəcək. Layihənin davamlılığı təmin olunacaq.

 

“Şəkini addım-addım tanıyaq və tanıdaq”

 

V qrant müsabiqəsinin qaliblərindən biri də Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin müəllimi  Könül Cəbrayılovadır. O, qrant müsabiqəsində “Şəkini addım-addım tanıyaq və tanıdaq” layihəsi ilə iştirak edib. Layihənin məqsədi və icrası  barədə müəllif özü məlumat verir:

 

- Dərslərdə şagirdlərə mütəmadi olaraq esselər yazdıranda, müzakirələr aparanda onların şəhərimiz haqqında lazımi biliklərə yiyələnmədiklərini müşahidə edirdim. Düşünürəm ki, insan doğulduğu, boya-başa çatdığı şəhəri tanımalıdır. Şəhərimizin keçmişi, tarixi, milli mədəni irsimizin şagirdlərə aşılanması, həm də bunun daha əyləncəli, həvəsləndirici və məlumat xarakterli oyunlar keçirməklə həyata keçirilməsi bu problemin həllinə doğru atılmış addım hesab oluna bilər.

 

Layihənin əsas məqsədi şagirdlərdə komanda ilə işləmə bacarığını təkmilləşdirmək, komanda halında problemin həllinə çalışmaq, eyni zamanda tarixi abidələrin daha yaxından öyrədilməsi, düzgün qiymətləndirilməsi, marağın artırılmasıdır.

 

Layihənin birinci icra müddəti ərzində təşkilat komitəsinin yaradılması, layihədə iştirak edəcək əməkdaşlarla əlaqənin təmin edilməsi, PR işlərinin aparılması, çap və dəftərxana ləvazimatlarının hazırlanması həyata keçirildi. II  mərhələdə məktəblərdə təqdimatlar təşkil olundu. Layihədə ümumilikdə 10 məktəb iştirak etdi. Komandalar seçildi. III mərhələdə ekspert və mütəxəssislər tərəfindən oyun üçün suallar tərtib edildi (8 sual). Suallar dünyaca məşhur olan “Kod da Vinçi”  formatında hazırlanmışdır. Şəki şəhərində  Xan sarayından B.Vahabzadə parkına qədər olan ərazidə keçirilən oyunda hər birində 5 şagird olmaqla ümumilikdə 10 komanda iştirak etdi.  Oyunda şagirdlərə təqdim olunan suallar həm fiziki, həm də intellektual səviyyədə hazırlanmışdır. Sonuncu sualı ən tez gətirən və düzgün izah edən komanda qalib elan olundu. Sonda layihənin bağlanış mərasimi keçirildi, layihə iştirakçıları, qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırıldılar.

 

Nəticə olaraq qeyd edim ki, layihənin əməkdaşlıq etdiyimiz məktəblərin tarix müəllimləri tərəfindən bu tipdə oyunlarla davamlı olaraq həyata keçirilməsi gözlənilir. Çünki tariximizi gəzərək, oxuyaraq və araşdıraraq daha mükəmməl öyrənə bilərik. Bu layihənin həyata keçirilməsi də gənclərin rayonun tarixi haqqında daha geniş məlumat əldə etməsinə, aktiv ictimai fəaliyyətlərinin artırılmasına və bu tipli layihələrdə onların daha da fəal iştirakına səbəb olacaq.

 

Oruc MUSTAFAYEV