Azərbaycan  Dillər Universitetində (ADU) Sakarya Universitetinin və Bandırma Universitetinin rəhbər heyəti  ilə görüş keçirilib.

 

ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov iki ölkə arasında  müxtəlif sahələrdə aparılan uğurlu əməkdaşlığın ildən-ilə inkişaf etdiyini söyləyib. Qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi önə çəkilib. 

 

ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi, təhsildə də yüksək səviyyədə qurulduğunu qeyd edib. Prorektor  ADU-nun fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir. 

 

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova Azərbaycan Dillər Universitetinin beynəlxalq müstəvidə kifayət qədər önəmli və faydalı əməkdaşlıq münasibətlərinin olduğunu söyləyib. Bu münasibətlərin müəllim-tələbə mübadiləsində, qarşılıqlı təcrübə proqramlarında özünü göstərdiyini vurğulayıb.

 

ADU-nun tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova tədris sahəsində aparılan uğurlu islahatlardan, gənc kadların hazırlanmasından və beynəlxalq əlaqələrin qurulmasından danışıb. Qeyd olunub ki, tədris tələbə-müəllim heyətinin bilik və bacarıqlarının artırılması, peşəkar bacarıqlarının inkişafı yönündə aparılır.

 

Sakarya Universitetinin rektoru Mehmet Sarıbıyık ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib,  qarşılıqlı əməkdaşlığın faydasından söhbət açıb, müəllim-tələbə mübadiləsinin yeni inkişaf istiqamətlərinin detallarını açıqlayıb.

 

Bandırma Universitetinin rektoru, professor Süleyman Özdemir universitetlər arasında qurulan elmi əməkdaşlığın perspektivlərindən danışıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində müəllim–tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar və s. kimi  fəaliyyətlər həyata keçiriləcək.

 

Sonda universitet rəhbərlikləri arasında Anlaşma memorandumu imzalanıb.