Sertifikasiya müəllimlərin inkişafını stimullaşdıracaq


İyunun 9-da Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe bölgələrdə çalışan bir qrup müəllimlə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirib.

 

Görüşdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli, Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Nazirliyin əməkdaşları iştirak edib.

 

Görüşə Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olan təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri ilə yanaşı, müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstərən fənn müəllimləri də qatılıb.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov görüşün faydalılığına toxunub, sayca üçüncü olan bu cür məlumatverici xarakter daşıyan görüşlərin davamlı olacağını qeyd edib.

 

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi bu günün məsələsi deyil

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin təhsilverənlərin sertifikatlaşdırılması prosesini təşkil etməkdə məqsədindən danışıb: “Bu prosesin məqsədi pedaqoji işçilərin işdən azad olunması ilə bağlı deyil. Sertifikasiya keçirməklə əmin olmaq istəyirik ki, hər gün sinfə girib uşaqlarımıza dərs keçən müəllimlər öz üzərində işləyir. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi bu günün məsələsi deyil. Biz bunun önəmini əvvəldən anlamışıq və 8 il əvvəl diaqnostik qiymətləndirmələrə start verdik”.

 

E.Bağırov əlavə edib ki, diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əmək haqqının artırılması, məktəblərdə dərs yükü bölgüsünün optimallaşdırılması kimi islahatlar aparıldı. Lakin bu, davamlı olmalıdır ki, düzgün rəqabət mühiti formalaşsın və təhsilverənlər öz peşəkarlığını inkişaf etdirməkdə maraqlı olsun. Bu məqsədlə 2018-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanunda dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən qiymətləndirmə mexanizmi olaraq “təhsilverənlərin sertifikatlaşdırılması” müddəa olaraq qəbul edilib. Sertifikatlaşdırma müəllimlərin nəyə ehtiyacı olduğunu bilməyə, müəllimlərin hansı istiqamətdə bilik və bacarığının inkişafına ehtiyac olduğunu müəyyən etməyə imkan verəcək”.

 

E.Bağırov test imtahanlarının avqust ayında keçiriləcəyini deyib.

 

İnsan resursları şöbəsinin əməkdaşı, Sertifikatlaşdırma Şurasının katibi Tükəzban Quliyeva sertifikatlaşdırma prosesi ilə bağlı təqdimatla çıxış edib. O, test mərhələsinə aid nümunə sualların artıq müəllimlərin ixtiyarında olduğunu deyib. Həmin nümunə suallarla tanışlıq müəllimlərə imtahanın ruhunu tutmaqda yardımçı olacağına inandığını vurğulayıb.

 

“Məqsəd təhsilimizə töhfə verməkdir”

 

Millət vəkili Ceyhun Məmmədov deyib ki, hamımızın məqsədi təhsildə keyfiyyətin artması, daha bilikli nəslin yetişdirilməsi prosesinə öz töhfəmizi verməkdir: “Bizim 2 yolumuz var: ya ənənəvi yolla davam etməli, təhsildən hər hansı inkişaf, yenilik gözləməməliyik. Ya da, müəllimlər təşviq edilməli, yeni təhsil metodlarından istifadə edərək təhsil verməli, nəticədə təhsildə keyfiyyət artmalıdır. İndiyədək bir yanlış təsəvvür olub: universiteti bitirdikdən sonra heç nə oxumur, hesab edirdilər ki, vaxtında oxuyub və bu, kifayətdir. Lakin beynəlxalq tendensiya artıq dəyişib. Hər müəllim öz üzərində işləməlidir. Son vaxtlar məktəblərdə baş verən və sadəcə məktəbin, müəllimin məsul tutulduğu problemlər də təsdiq edir ki, müəllimlər daim öz üzərində işləməli, hazırlıqlı olmalıdırlar”.

 

C.Məmmədov qeyd edib ki, proseslə bağlı yanaşmalar fərqli olsa da, məqsəd birdir: “Məqsəd təhsilimizə töhfə verməkdir. Hesab edirəm ki, biz doğru yoldayıq. Mövcud problemlər də zamanla həll olunacaq. Ancaq bu prosesdə hər birimizin fəal olmağı zəruridir. Çünki bu gün dünyada təhsilə baxış, yanaşma dəyişir. Hər birimiz bu prosesin ölkəmizdə də sürətlənməsinə çalışmalıyıq. Müəllimlərin bu prosesdə rolu böyükdür”.

 

Millət vəkili Təhsil Nazirliyinin gördüyü işləri də qiymətləndirib: “Təhsil Nazirliyini də alqışlayıram ki, mütəmadi olaraq müəllimlərlə görüşür, sizin suallarınızı dinləyir, müəllimlərin inkişafı üçün mühit yaradır. Bu istiqamətdə ciddi addımlar atılır”.

 

İmtahana hazırlaşmaq istəyənlər üçün ədəbiyyat siyahısı hazırlanıb

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib ki, sertifikasiya imtahanlarına hazırlıqda mütləq şərt çərçivə sənədi ilə hər bir müəllimin tanış olmasıdır: “Çərçivə sənədi ilə tanış olduqdan sonra imtahan həyəcanı qalmayacaq. Müəllimin hazırlaşması üçün bu, mütləqdir. Gündə 1-2 suala baxmaq, vebinarları izləməklə müəllimlər bu prosesi uğurla başa çatdıra bilər”.

 

Müəllimlərin sertifikasiyaya hazırlaşması üçün ədəbiyyat siyahısının da artıq hazır olduğunu bildirən R.Əzizov ibtidai sinif müəllimlərini fəal olmağa çağırıb. Müəllimlərin peşə hazırlığına dəstək məqsədi ilə seminarlar planlaşdırıldığını, prosesin Bakıda artıq başladığını vurğulayıb.

 

R.Əzizov təhsilverənlərin qiymətləndirilməsində beynəlxalq təcrübəyə də toxunub. Ukrayna, Sinqapur, Estoniya və Türkiyə təcrübələrindən nümunə gətirərək sertifikasiyanın müəllimlərin inkişafına yönələn addım olduğunu qeyd edib.

 

Görüş zamanı müəllimlərin çoxsaylı sualları cavablandırılıb.

 

Ruhiyyə DAŞSALAHLI