Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə görüşləri davam edir. Növbəti tanışlıq görüşləri Bakının Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Qaradağ rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri ilə keçirilib. Onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, şagirdlərin müəllimləri və valideynləri iştirak ediblər.

 

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

 

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.