Ana dilini öyrənmə prosesi uşağın həyatının ilk illərindən başlayır. Başlanğıcda uşaq onun sosial dairəsini təşkil edən insanlarla, yaşıdları ilə ünsiyyət qurmağa başlayır. Ünsiyyət qurma vərdişinin formalaşması, düşüncələrini ana dilində nitq vasitəsi ilə ifadə etməsi uşağın ümumi inkişafının mühüm şərtidir. Nitqin köməyi ilə uşağın müstəqilliyi artır, şəxsi təcrübəsi genişlənir, təfəkkürü zəngin olur. Sözün köməyilə uşaqlarda bu və ya digər psixi proseslər inkişaf edir, şəxsiyyətin xüsusiyyətləri formalaşır. Ana dilinin gözəlliklərinə yiyələnməklə uşaqlar öz fikirlərini kifayət qədər sərbəst, dəqiq və incəliklə deyə bilir və bu, insanlarla təmasda olarkən dildən düzgün şəkildə istifadə edilməsinə, qavramağa gətirib çıxarır. Belə ki, uşaqlar ulu babalarımızdan bizə miras qalan, nəsildən-nəslə ötürülən bəşəri təcrübəni, bilik və bacarığı nitqin köməyi ilə yaşlılardan, xüsusilə onların inkişafında mühüm əhəmiyyət kəsb edən şəxslərdən-valideyn və müəllimlərdən öyrənirlər. Uşaqların mənəvi dünyasının zənginləşməsində, inkişafının düzgün təşkil edilməsində valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

 

Müxtəlif yaş kateqoriyasından olan uşaqların Azərbaycan dili biliklərini inkişaf etdirmək, onlarda düzgün nitq vərdişlərini və bacarıqlarını formalaşdırmaq mövzusunda Quba rayonunun Küpçal kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Fətullayeva ilə söhbətləşdik, bu sahədə həyata keçirilməsi vacib bəzi əhəmiyyətli məqamlara toxunduq.

 

Dilimizi ədəbi dil normalarına uyğun olaraq istifadə etməliyik

- İlk olaraq onu deyim ki, ana dilini tədris etdiyimə görə hər zaman məsuliyyət və qurur hissi duyuram. Çünki dilimizin saflığının özünəməxsus rəngarəngliyinin qorunması vəzifəsi müəllimlərin də üzərinə düşən böyük öhdəlikdir. Azərbaycan dili əsrlər boyu digər dillərlə qaynayıb qarışmasına baxmayaraq, həmişə zənginliyini qoruyub saxlayıb və inkişaf edib. Ana dilinin zənginləşməsi, inkişaf etməsi üçün ilk olaraq, dilimizi ədəbi dil normalarına uyğun olaraq istifadə etməliyik. Həm ailədə, həm də məktəbdə ana dilinin leksikologiyasına daxil olan doğma sözlərimizdən istifadə etməli, Azərbaycan dilində bədii qiraətlə daha çox məşğul olmalıyıq. Bu yolda atılacaq addımlardan ən önəmlisi mütaliə vərdişlərini uşaqlar arasında yaymaq və təbliğ etməkdir. Kitab oxuma mədəniyyətini daha erkən yaşlarda uşaqlara aşılamaq dilin inkişafı, eyni zamanda da nitq vərdişlərinin formalaşdırılması baxımından önəmlidir. Buna nəzərən biz məktəbimizdə müxtəlif yaşlı şagirdlərin öz yaşlarına uyğun kitab mütaliəsi ilə məşğul olmasına, onlarla rollu oyunların oynanılmasına, bədii əsərlərin ədəbi dil normalarının gözlənilərək səhnələşdirilməsinə diqqət edir, müxtəlif şeir və inşa müsabiqələri keçiririk. Təbii ki, bu formatda həyata keçən müsabiqələrdə şagirdlərin öz dilində fikirlərini aydın və anlaşıqlı  ifadə etmələrinə diqqət göstəririk.

 

 

Kitab, jurnal, televiziya verilişləri dilin inkişafına təsir göstərir

 

- Ümummilli liderimiz Heydər Əliyevin “Xalqı xalq, milləti millət edən onun doğma dilidir” fikrinə əsaslanaraq qeyd edim ki, doğma dilimiz bizə əjdadlarımızın əmanətidir. Biz də gələcəyin qurucuları olaraq, şagirdlərimizə bu dili saf, zəngin, axıcı olaraq ötürməli, gələcəyimizi öz dilimizlə anlatmalıyıq. Kitab, jurnal, televiziya verilişləri təbii ki, dilin inkişafına təsir göstərir. Çünki elm və texnologiyadan istifadə müasir dövrdə beynəlxalq aləmə inteqrasiya etmək üçün əhəmiyyətlidir. Bu baxımdan, televiziya verilişlərində ədəbi dil normalarına uyğun anlaşıqlı, aydın danışıq dilindən istifadə edilməsi məqsədəuyğundur. Ana dili dərsliklərində verilən nağıl qəhrəmanlarının doğma dilimizdə adlandırılması fikrimcə, daha əhəmiyyətlidir. Uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması ailədən başlayır və məktəbdə davam edir. Bunun üçün həm valideynlər, həm də müəllimlər daha diqqətli olmalıdır. Nitqlərində doğma dilə yad olan sözlərdən istifadə etməməyə, müəyyən qüsurlara yol verməməyə, nitq etiketlərindən istifadə edərək uşaqlarla səmimi və aydın şəkildə ünsiyyət qurmağa çalışmalıdırlar.

 

Öz ana dilində danışa bilməyən uşaq vətənpərvər böyüyə bilməz

 

-Biz bilirik ki, uşaqlarda ana dilinin inkişafı erkən yaşlardan formalaşmağa başlayır. Uşaq ətraf aləmlə təmasda olur və onda fikrini cümlələr şəklində ifadə etmə təlabatı yaranır. Və bununla da nitq vərdişləri formalaşır. Təbii ki, insan anadangəlmə gözəl danışmır. Buna heç bir genetik və yaxud irsi faktorlar təsir etmir. Bu zamanla, özünüinkişafla əlaqədar yaranan bir xüsusiyyətdir. Onu da qeyd edim ki, qloballaşmanın gətirdiyi yeniliklərdən biri olan texnologiya sürətli şəkildə inkişaf edir. Bu da uşaqların mobil cihazlara meylini artırır, online resurslardan istifadəsini çoxaldır. Ənənəvi öyrənmə üsulları öz yerini mobil platformalarında əldə edilən informasiyalarla əvəz edir. Bizim cəmiyyətdə də bu tərəqqi ilə ayaqlaşmaq təqdirəlayiq bir addımdır. Amma kitab, jurnal, qəzet  oxuma mədəniyyətini də daim qorumaq zəruridir. Hər hansı bir kitabı oxuyarkən aramla, anlayaraq oxumaq gərəklidir. Bu nəinki uşaqlara, bütün yaş kateqoriyasından olanlara da cümlələri düzgün qurmağa, öz fikirlərini rahat ifadə etməyə, söz ehtiyatının armasına köməklik göstərəcək. Nəticədə nitq bacarıqları və vərdişləri  inkişaf edəcək, xüsusilə uşaqların cəmiyyətdə mövqelərini müəyyənləşdirməyə vasitəçi olacaq, yeni sağlam cəmiyyət formalaşacaq. Cəmiyyət inkişaf etdikcə dil də inkişaf edir. Belə ki, öz ana dilində danışa bilməyən, doğma dilini anlamayan uşaq vətənpərvər böyüyə bilməz. Biz bunu anlamalıyıq ki, vətən hamımızındır. Çalışmalıyıq ki, vətənpərvər gənclər yetişdirək, gələcəyimizi sağlam quraq, dilimizi saf şəkildə, ahəngdarlığı ilə növbəti nəsillərə ötürək.

 

Tünzalə QULİYEVA