Əqli Mülkiyyət Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

 

Anlaşma memorandumunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev imzalayıblar.

 

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov imzalanan memorandumun tədris və istehsalatı bir araya gətirəcəyini, ölkədə əqli mülkiyyət hüquqlarının qorunması işinə böyük töhfə verəcəyini qeyd edib.
BDU-nun rektoru E.Babayev isə iki qurum arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığa geniş imkan yaradan Anlaşma memorandumunun imzalanmasına görə Əqli Mülkiyyət Agentliyinin sədri K.İmanova təşəkkür edib və onun ölkədə əqli mülkiyyət hüquqlarının qorunmasında böyük rolunu vurğulayıb. 

 

Rektor bildirib ki, memoranduma əsasən, tərəflər tədris prosesinin elmi təcrübə ilə əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, əqli mülkiyyət hüququ elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasına dəstək, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahələrində əməkdaşlıq edəcəklər.