Sumqayıt Dövlət Universiteti ilə (SDU) Çin Xalq Respublikasının Heksi Universiteti arasında onlayn formatda əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Heksi Universitetinin prorektoru Zanq Yunun moderatorluğu ilə keçən onlayn görüş universitetin rektoru Zanq Haninin çıxışı ilə başlayıb.

 

Rektor Heksi universitetinin tarixi, akademik imkanları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verərək beynəlxalq əlaqələrin universitetlərin inkişafındakı rolundan, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs edib. O, Azərbaycanla Çin arasında olan dostluq, ikitərəfli əməkdaşlıq əlaqələrindən də söz açaraq qarşılıqlı mübadilələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

 

Daha sonra  SDU-nun rektoru, professor Elxan Hüseynov  ali məktəbin fəaliyyətindən və  beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, SDU beynəlxalq  əlaqələrini genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində uğurlu addımlar atılır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

 

Rektor keçirilən görüşün və imzalanan müqavilənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq, bunun hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

 

SDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Qafar Atayev də imzalanan müqavilənin hər iki universitet üçün beynəlmiləlləşmə sahəsində atılan uğurlu addım olduğunu bildirib.

 

Qarşılıqlı faydalılıq prinsipi əsasında iki universitet arasında əməkdaşlıq və akademik mobillik imkanlarını  nəzərdə tutan  müqaviləni rektorlar Elxan Hüseynov və Zanq Hani  imzalayıb.

 

Əməkdaşlıq müqaviləsi çərçivəsində SDU-da Konfutsi İnstitutunun (məktəbin) yaradılması da müzakirə olunub.