Bakı Slavyan Universitetinin (BSU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi ilə birgə Şamaxı rayonunda təşkil etdiyi siyasi elmlər və diplomatiya üzrə yay məktəbinin bağlanış mərasimi keçirilib.

 

BSU-nun rektoru Anar Nağıyev Təhsil Nazirliyinin dəstəyi ilə, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və universitetin əməkdaşlığı çərçivəsində reallaşdırılan siyasi elmlər və diplomatiya üzrə ilk yay məktəbində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrini, həmçinin xarici universitetləri təmsil edən savadlı, vətənpərvər, geniş dünyagörüşünə malik gənclərin iştirakının diqqətəlayiq olduğunu bildirib. Vurğulayıb ki, bu gənclərin sırasında BSU tələbələrinin də olması sevindirici haldır. Rektor gənclərin yay məktəbində ünsiyyətinin davamlı və bundan sonra da bu şəbəkələşmənin uğurlu olacağına inamını ifadə edib.

 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə gələcəkdə birgə layihələrin təşkil olunacağına və əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Yay məktəbinin iştirakçıları çıxış edərək, tədbirin maraqlı, geniş məzmunlu olduğunu diqqətə çatdırıb, yüksək səviyyədə təşkilatçılığa görə bütün təşkilatçılara təşəkkür ediblər.

 

Xatırladaq ki, iyulun 9-dan 14-dək keçirilmiş yay məktəbinə ölkə üzrə ümumilikdə 15 universitetin müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrantları cəlb edilib.

 

Yay məktəbində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov və digər təlimçilərin məruzə və təqdimatlarından ibarət informativ sessiyalar təqdim olunub.

 

Sessiyalar təqdim olunan mövzular ətrafında qrup müzakirələri formatında davam etdirilib. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə “Nə? Harada? Nə zaman?” bilik yarışması və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil edilib.

 

Qeyd edək ki, yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi proseslərin müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək hadisələrin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı üçün səmərəli platformanın yaradılmasıdır.