Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 6 il əvvəl Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdi zamanı həlak olan şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də Türkiyədə dövlət çevrilişində şəhid olmuş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Rektor, professor Mustafa Babanlı çıxış edərək 15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayıb. Dövlət çevrilişi cəhdinin Türkiyənin artan qüdrətini gözü götürməyən qüvvələrin işi olduğunu qeyd edən rektor M.Babanlı həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini söyləyib. O, dövlət çevrilişi cəhdinin uğursuzluğa düçar olmasının qardaş ölkənin qüdrətinin daha da artmasını şərtləndirdiyini qeyd edib:” Türkiyənin məhz bu qədər güclü olması ona 2020-ci ildə Qarabağın azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində Azərbaycanın yanında durmasına imkan verib”.

 

M.Babanlı 26 may 2022-ci il tarixində ADNSU-da açılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin və universitetin iki auditoriyasına 2016-cı il dövlət çevrilişi zamanı həlak olmuş şəhid professor İlhan Varank və Erol Olçokun adlarının verilməsini iki qardaş ölkə arasındakı birliyə töhfə olduğunu bildirib. Rektor gənc nəslin Azərbaycan və Türkiyənin qəhrəman övladlarının xatirəsini daim uca tutmalı olduqlarını qeyd edərək, ADNSU-da tələbələrin vətənpərvərlik tərbiyəsinin daim prioritet vəzifə kimi həyata keçirilməli olduğunu vurğulayıb. 

 

Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, informasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev də çıxış edərək tarixin ən çətin günlərində Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə sadiq qaldıqlarını qeyd edib, iki ölkə arasında birliyin bütövlükdə bölgəmizdə sülhə və əmin-amanlığa mühüm töhfə verdiyini söyləyiblər.