“2022 Enactus Azərbaycan” milli yarışı uğurla başa çatıb.

 

“Enactus Azərbaycan” milli yarışının final mərhələsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları gün boyunca layihələrini təqdim edərək, münsiflər heyətinin suallarını cavablandırıblar.

 

Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə UNEC-in komandası “2022 Enactus Azərbaycan” milli yarışının qalibi elan edilib.

 

Qalib komanda oktyabrın 30-dan noyabrın 2-dək Puerto-Rikoda keçiriləcək “Enactus” dünya kubokunda ölkəmizi təmsil edəcək.

 

Xatırladaq ki, “Enactus” gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə “Enactus” gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır,  azad sahibkarlığı təbliğ edir. “Enactus” proqramı 1975-ci ildə ABŞ-da yaradılıb. Ölkəmizdə proqramı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir.