Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak etmiş Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

 

Rektor Yay məktəbinin uğurla başa çatması münasibətilə onları təbrik edib, 2 həftə ərzində Strasburq Universitetində fransız dili dərsləri ilə yanaşı, müxtəlif elmi laboratoriyalarla tanışlığın onlara əlavə motivasiya verəcəyini və bundan sonra da səylə çalışacaqlarına ümid etdiyini bildirib.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov Yay məktəbinin təşkili və gedişatı ilə bağlı qeyd edib ki, Strasburq Universitetinin Prezidenti Michel Deneken tələbələrlə görüşdə onların hazırlıq səviyyəsindən çox məmnun qalıb. Tələbələr yer elmləri, geofizika, kimya üzrə müxtəlif laboratoriyalarda olublar. Bundan əlavə, Strasburq Universitetinin professoru Pierre Collet “21-ci əsrdə süni intellektin doğura biləcəyi etik problemlər” mövzusunda tələbələrə mühazirə söyləyib.

 

Daha sonra tələbələr səfərlə bağlı öz təəssüratlarını bölüşüblər.

 

Qeyd edək ki, ümumilikdə 46 nəfər UFAZ tələbəsi iyulun 3-dən 17-dək Fransanın Strasburq Universitetində təşkil olunan Yay məktəbində iştirak edib. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxil olub. Proqramın mədəni hissəsində tələbələr yerli muzeylər və Strasburqun mədəni-tarixi obyektlərinə baş çəkiblər.

 

Yay məktəbində iştirak edən tələbələr təhsil müddətində akademik göstəricilərinə görə seçilirlər.