Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan təlimlərin ilk həftəsi başa çatıb.  

 

Universitetdən bldirilib ki, BMU ilə İNHA arasında icra olunan ikili diplom proqramı çərçivəsində baş tutan təlimlərdə universitetin İnformasiya texnologiyaları ixtisasının 7 nəfərdən ibarət professor-müəllim heyəti (Etibar Seyidzadə, Asif Qanbayev, Əhməd Əhmədzadə, Əli Həsənov, Gülbiçə Zahidova, Xəyalə İbrahimova, Rasim Mahmudov) iştirak edir.

 

Təlimlərin ilk həftəsində “Sistem proqramlaşdırılması” mövzusu üzrə mühazirələr dinlənilib, sözügedən istiqamətin tətbiq və əhatə dairəsi haqda geniş məlumat verilib. “Əməliyyat sistemləri”, həmçinin “Kəsilmələr” mövzuları ilə işini davam etdirən nəzəri və praktiki təlimlərdə kompüter resurslarının idarə olunması, tətbiqi proqramların işə salınması, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsi, informasiya emalının idarə olunması vvə s. istiqamətlərdə əməliyyat sistemlərinin rolu haqda geniş informasiyaların verilməsi və bunların praktiki tətbiqi nəzərdə tutulur. Ümumilikdə 6 həftə davam edəcək təlimlər avqustun 19-da yekunlaşacaq.

 

BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biri kimi gerçəkləşdirilən təlimlər qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, eyni zamanda onların bilik və bacarıqlarının daha da inkişafına nail olmaq məqsədi daşıyır.