Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura təhsili alan UNEC doktorantları ilə görüşüb.

 

Universitetdən bildirilib ki, rektor Türkiyə, Böyük Britaniya və Portuqaliyanın ali təhsil müəssisələrində doktorantura təhsili alan gənclərlə təhsillərinin mövcud vəziyyətini müzakirə edib. Görüşdə UNEC-in İnkişaf Strategiyasının əsas hədəfləri və bu istiqamətdə gənc müəllimlərin qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Məzunların bilik və bacarıqlarla yanaşı, dəyərlərə də sahib olmalarının vacibliyinə toxunan professor Ə.Muradov bu istiqamətdə gənc müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib, onlara təşəbbüskar olmağı tövsiyə edib.

 

Sonra BMDM-in direktoru, dosent Fariz Əhmədov, Doktorantura şöbəsinin müdiri İlqar Seyfullayev və doktorantlar təhsillərinin mövcud durumu barədə məlumat verib, təkliflər səsləndiriblər.