Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında son dövrlərdə AMEA-da aparılan islahatlar çərçivəsində FRTEB-in elmi müəssisələrində çalışan əməkdaşların attestasiyasının nəticələrindən bəhs edib.  

 

Akademik bildirib ki, attestasiyanın keçirilməsində əsas məqsəd əməkdaşların peşəkarlıq səviyyəsinin monitorinqi, onların tutduğu vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi, elmi məhsuldarlğının və səmərəliliyinin yoxlanılmasıdır.

 

AMEA-nın elmi-texniki potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələsinə toxunan alim Akademiyanın müəssisə və təşkilatlarında fəaliyyət göstərən yüksəkixtisaslı kadrların fəaliyyətinin qiymətləndirilməsi, beynəlxalq elmi bazalarda məqalələr dərc etdirən alimlərin əməyinin stimullaşdırılması, prioritet istiqamətlər üzrə aparılan tədqiqatlara dəstək göstərilməsinin əhəmiyyətindən danışıb.

 

Gənc, istedadlı kadrların elmə cəlb edilməsinin, müasir dövrün çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadrların hazırlanmasının AMEA-nın qarşısında duran əsas hədəflərdən olduğunu söyləyib.

 

Sonda akademik R.Əliquliyev FRTEB-in elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən əməkdaşların attestasiyasının nəticələrini diqqətə çatdırıb. Alim bu prosesin cari ilin sonuna kimi davam edəcəyini söyləyib, attestasiyanın şəffaf keçirilməsinin AMEA-nın gələcək inkişafı və fəaliyyətinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.