Bakı Dövlət Universitetində (BDU) Belçikanın Gent Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gent Universitetinin Türk dili bölməsinin müdiri Yohan Vandeveyl, Şərq dilləri və mədəniyyəti üzrə mütəxəssis Linda Gezel, Azərbaycanın Belçika krallığındakı səfirliyinin nümayəndəsi Taleh Həsənli, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavini Nigar İsmayılzadə, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Türkologiya kafedrasının müdiri Ramiz Əsgər iştirak ediblər.

 

Görüşdə Gent Universitetinin Türk dili bölməsinin müdiri Yohan Vandeveyl təmsil etdiyi  ali məktəb barədə məlumat verib. Qeyd edib ki, Gent Universitetinin nəzdində fəaliyyət göstərən Tərcüməçilik bölməsində holland, fransız, alman, italyan, ingilis, rus, türk dilləri və dil texnologiyası tədris olunur. Yohan Vandeveyl həmin mərkəzdə şifahi və yazılı tərcüməçilər yetişdirildiyini vurğulayıb.

 

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov universitetin beynəlxalq əlaqələrindən bəhs edib.

 

Daha sonra Elçin Məmmədov və Aydan Xəndan filologiya və şərqşünaslıq fakültələrində tədris olunan fənlər, dillər, aparılan tədqiqatlar barədə qonaqları məlumatlandırıblar.

 

Görüşdə Gent Universiteti ilə əlaqələrin perspektivləri müzakirə olunub.