Bakı Dövlət Universitetində (BDU) 600-dən çox bal toplayan I kurs tələbələri ilə görüş keçirilib.

 

Tədbirdə Vətənimizin azadlığı və torpaqlarımızın qorunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

BDU-nun rektoru Elçin Babayev qalib gəlmiş, Zəfər çalmış qüdrətli ölkənin vətəndaşları olmağın böyük qürur olduğunu bildirib: “Azərbaycanın şanlı Zəfəri bütün dünya tərəfindən qəbul edilib. Mənfur Ermənistanın genişmiqyaslı təxribatlarının davam etdiyi və şanlı Ordumuz tərəfindən bu təxribatlara layiqli cavab verildiyi, şəhidlərimizin olduğu bir vaxtda daha çox birləşmək lazımdır. Bu birlik bütün sahələrdə öz əksini tapmalıdır”.

 

Rektor universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verib, 284 tələbənin BDU-ya 600-dən çox bal toplayaraq qəbul olunduğunu vurğulayıb. E.Babayev onların hər birinə BDU ailəsinin üzvü kimi yaxşı mütəxəssis olmağı, Azərbaycanın Zəfər günlərini gələcək nəsillərə ötürməyi tövsiyə edib.

 

Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, elmi tədqiqatlarda real iştirakının təmin olunması məqsədilə yeni yaradılan mərkəzlərin fəaliyyətinə diqqət çəkib.

 

BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası Məsumə Məlikova, BDU-nun İctimai Nəzarət Şurasının sədri, millət vəkili Arzu Nağıyev, AMEA-nın müxbir üzvü, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, millət vəkili Əminə Ağazadə, geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxışlarında tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, güclənmiş dövlətimizə layiq vətəndaş kimi yetişməyi tövsiyə ediblər.

 

Daha sonra I kurs tələbələri adından 687 balla BDU-nun hüquq fakültəsinə qəbul olmuş Nəcməddin Orucov, 676 balla BDU-nun mexanika-riyaziyyat fakültəsini seçmiş Alsu Mehdiyeva öz təəssüratlarını bölüşüb, yeni tədris ili ilə bağlı tələbə yoldaşlarını və tədbir iştirakçılarını təbrik ediblər.