Mingəçevir Dövlət Universitetinin (MDU) və digər tərəfdaşların təşkilatçılığı, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Kyiv National University of Technologies and Design - KNUTD) evsahibliyi ilə “Qloballaşma şəraitində təhsil, elm və biznesin inteqrasiyası problemləri” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna, Almaniya, Böyük Britaniya, Polşa, Estoniya, Özbəkistan və digər ölkələrin ali təhsil müəssisələrinin qatıldığı konfransda Azərbaycandan MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak edib.

 

Zoom platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında KNUTD rektoru İvan Qrişenko, Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov, Ukrayna Maliyyə İdarəetmə Akademiyasının prezidenti Tetyana Yefimenko, MDU-nun rektoru Şahin Bayramov və digər ölkələrdən olan iştirakçı ali təhsil müəssisələrinin, müvafiq qurumların rəhbər heyəti üzvləri çıxış ediblər.

 

Açılış nitqlərində ali təhsilin innovativ prinsiplər əsasında modernləşdirilməsinin, təhsil, elm və biznes mühiti arasında inteqrasiya əlaqələrinin gücləndirilməsinin zəruriliyi kontekstində tədbirin aktuallığı və əhəmiyyəti vurğulanıb. Bildirilib ki, beynəlxalq konfransın tematik istiqamətləri müasir qloballaşan cəmiyyətin tələbləri nəzərə alınmaqla, milli ali təhsil sistemlərində aparılan islahatların məzmununa uyğun gəlir.

 

MDU-nun rektoru Ş.Bayramov ali təhsilin qlobal proseslərdən ən çox təsirlənən sferalardan biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bugünkü reallıqlara uyğunlaşmaq və müasir çağırışlara cavab vermək üçün daha effektiv yolların müəyyən edilməsi hazırda universitetlər qarşısında duran başlıca vəzifələrdəndir. Azərbaycanın timsalında dövlətin ali təhsil müəssisələrinə göstərdiyi dəstəyin əhəmiyyətli rolundan bəhs edən Ş.Bayramov eyni zamanda, universitet idarəçiliyində daha çevik mexanizmlərin tətbiqinin və strateji tərəfdaşlıqların önəmini vurğulayıb. MDU-nun strateji məqsəd və hədəflərindən danışan rektor yeni dövrün universitetinə çevrilmək yolunda gündəlikdə duran prioritet məsələlər barədə məlumat verib. Təcrübə mübadiləsi və faydalı təşəbbüslərin yaradılması baxımından beynəlxalq konfransı əlverişli platforma kimi dəyərləndirən Ş.Bayramov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

 

Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Qeyd edək ki, MDU və KNUTD arasında əməkdaşlığın əsası 2021-ci il oktyabrın 29-da hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.