Lənkəran Dövlət Universiteti (LDU) “Leykozlu uşaqlara dəstək” İctimai Birliyi ilə birgə “Regionlarda talassemiya və  qan donorluğu barədə maarifləndirmə” mövzusunda maarifləndirici seminar keçirib.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  keçirilən tədbiri giriş sözü ilə açan təbiət fakültəsinin dekanı, dosent Ramiz Şəmmədov seminarın olduqca vacib məsələyə həsr olunduğunu deyib. Bildirib ki, tibb elminin əldə etdiyi nailiyyətlər artıq əksər xəstəliklərin qarşısını almağa imkan verir:” Bu gün bütün dünyada olduğu kimi, respublikamızda da müasir tələblərə cavab verən səhiyyə ocaqları tikilib, həmin müəssisələr ən müasir tibbi avadanlıqlarla təmin olunub, ixtisaslı kadrlar hazırlanıb. Bütün bunlara baxmayaraq, elə xəstəliklər var ki, onun qarşısında tibb elmi hələ ki, acizdir. Bu xəstəliklərdən xilas olmağın yolu isə tibbi maariflənmədən keçir.  

 

Layihə rəhbəri, “Leykozlu uşaqlara dəstək” İctimai Birliyinin sədr müavini Emin Nəbili çıxışında layihə çərçivəsində Lənkəran şəhərində talassemiya xəstəliyi, səbəbləri, müayinə və müalicəsi ilə bağlı görülən işlər, həmçinin qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı geniş məlumat verib, tövsiyələrini çatdırıb.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu, ekspert İradə Kərimova, Mərkəzi Qan Bankının Lənkəran bölməsinin rəhbəri İlkin Əsədullayev və “Nömrə 1” psixoloji mərkəzinin psixoloqu Nigar Sadıqova nikaha daxil olan gənclər arasında bu xəstəliklər barədə məlumat azlığının olması, xəstəliyin yayılma səbəbləri, qohum nikahların törətdiyi fəsadlar, ölkəmiz üçün strateji olan qan donorluğunun inkişaf etdirilməsi, sağlam ailələlərin cəmiyyət üçün vacibliyi və s. barədə ətraflı söz açıblar.

 

Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.