Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Shusha - The pearl of Azerbaijan culture” (Şuşa - Azərbaycan mədəniyyətinin incisidir) adlı ingilis dilində tədbir keçirilib. Tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.

 

Tədbirin açılışında MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva çıxış edib. Bildirilib ki, 30 ilə yaxın müddətdə erməni işğalında olan Azərbaycanın qədim şəhəri Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin şücaəti sayəsində azad olundu. Əsrarəngiz təbiəti, tarixi, mədəni və strateji əhəmiyyəti ilə Azərbaycanın incisi hesab edilən Şuşada bu gün üçrəngli dövlət bayrağımızın qürurla dalğalanması, qədim şəhərin tarixi görkəminin və əvvəlki şöhrətinin bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi hər birimizdə sonsuz fəxarət və sevinc hissləri yaradır. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması baxımından tədbirin universitet və məktəb kollektivi ilə birlikdə ingilis dilində keçirilməsinin önəmi vurğulanıb və təşkilatçılara minnətdarlıq ifadə olunub.

 

Sonra MDU-nun Xarici dillər kafedrasının müəllimləri Xədicə Əliyeva və Türkanbəyim Əhmədlinin aparıcılığı ilə tədbir davam edib.

 

Kafedranın müdiri Mehdi Rəhimov “44 günlük Vətən müharibəsi” və ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən amerikalı mütəxəssis John Bunke “Zəfər Günü – Şanlı Qələbəyə gedən yol” mövzusunda ingilis dilində məruzələrlə  çıxış ediblər.

 

Tədbir bədii hissə ilə sona çatıb.