Naxçıvan Dövlət Universitetində 12 Noyabr – Konstitusiya Gününə həsr olunan tədbir keçirilib. Ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Vurğulanıb ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, yeni Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaradıb. E.İsayev bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.

 

Tədbirdə Hüquq fənləri kafedrasının müəllimi, dosent Elman Cəfərli “Milli Konstitusiyamız siyasi-ideoloji və hüquqi tərbiyə müstəvisində” mövzusunda çıxış edib.

 

Hüquqşünalıq ixtisası üzrə II kurs tələbəsi Toğrul Bəylərovun “Azərbaycan Respublikasının Konstitusiyası və gənclər siyasəti” mövzusunda çıxışı da dinlənilib. Vurğulanıb ki, Ulu Öndər tərəfindən başladılan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə 2007-ci ilin "Gənclər ili" elan olunması bunun bariz nümunəsi idi.