Azərbaycan-Fransız Universitetinin (UFAZ), Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) təşkilatçılığı ilə kosmik proqramlara həsr olunmuş ActInSpace beynəlxalq hakatonu keçirilib. 

 

Universitetdən bildirilib ki, UFAZ artıq 3-cü dəfədir bu yarışa ev sahibliyi edir.

 

UFAZ tələbələri ilə yanaşı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası , Azərbaycan Dövlət İqtisad Universiteti, Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Xəzər Universiteti, Step IT Kompüter Akademiyası, Xırdalan şəhər 1 və 2 nömrəli məktəblərin şagirdləri, “Azərkosmos”, “Saffron Group” və “Edumedia” şirkətlərinin əməkdaşları iştirak ediblər. “Azərkosmos”un tərəfdaşlığı ilə təşkil olunan hakatonda ümumilikdə, 31 komandanın 143 iştirakçısı mübarizə aparıb.

 

ActInSpace eyni vaxtda, təxminən 34 ölkədə və 5 qitənin 66 şəhərində keçirilir. İştirakçılar müxtəlif sahələri təmsil edirlər və verilən problemi 24 saat ərzində komanda şəklində həll etməlidirlər. Tədbir müsabiqə, patentlər, proqram təminatı, tarix və ya kosmik infrastrukturlara əsaslanaraq komandaların həll etmələri üçün problemlər qoyaraq sahibkarlığı inkişaf etdirmək və kosmik maraqlı tərəflər, vətəndaşlar arasında əlaqələri möhkəmləndirmək məqsədi daşıyır.

 

24 saat ərzində müxtəlif sahələrdən olan 20-dən çox mentor komandalara kömək və dəstək olub. Qalib komanda fevralda keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək üçün Fransaya göndəriləcək.

 

ActInSpace Azerbaijan Hackathon-a “Azərkosmos” ilə yanaşı, Fransanın Azərbaycandakı səfirliyi, Step IT və C'est Bon şirkəti dəstək verib.