Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş  “Hüseyn Cavid-140” adlı tədbir keçirilib.

 

Tədbirdən əvvəl H.Cavidin əsərlərindən ibarət sərgi təqdim olunub.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək Hüseyn Cavidin XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, onun yaradıcılığında milli və bəşəri idealların yüksək təcəssümü hələ bir əsr bundan əvvəl dünyaya verilmiş mesajdır.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, dosent Lütviyyə Əsgərzadə “Hüseyn Cavid: mühiti və müasirləri”, ADPU-nun Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva isə “Hüseyn Cavid irsi və müasir dövr” mövzularında məruzələrlə çıxış ediblər.

 

Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Nazilə Abdullazadə isə böyük dramaturqun yaradıcılığı haqqında təəssüratlarını bölüşüblər.

 

H.Cavidin qızı Turan Cavidin xaritələrindən ibarət videoçarxın nümayişindən sonra fakültədə fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin təqdimatında ölməz sənətkarın yaradıcılığından əbədiyaşar incilər təqdim olunub. 

 

Bədii kompozisiyada dahi ədibin “Şeyx Sənan”, “İblis” kimi əsərlərindən səhnələr nümayiş etdirilib. H.Cavidin “Qız məktəbində” şeirinə bəstələnmiş mahnı dərnəyin üzvü Sədəfxanım Mehdiyevanın ifasında səsləndirilib.

 

Sonda çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı, professor  Mahirə Hüseynova bildirib ki, "Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu yazıb-yaradan H.Cavidin əsərləri bu gün də aktual və mənalı səslənir.