Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Abay adına Qazaxıstan  Milli Pedaqoji Universitetinin (QMPU) coğrafiyaçı alimləri ilə görüş keçirilib.   

 

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qazax həmkarlarını Bakıda salamlamaqdan məmnunluğunu bildirib, onları tədbirdə iştirak edən alimlərlə tanış edib. Qeyd olunub ki, Qazaxıstan və Azərbaycanın Coğrafiya institutları arasında imzalanmış memoranduma əsasən, tərəflərin qarşılıqlı elmi   yaradıcılıq fəaliyyəti uzun illərdir, uğurla davam edir.

 

Qazaxıstan Milli Pedaqoji Universitetinin Təbiət Elmləri və Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Kulyaş Kaymuldinova qazax həmkarlarını iclas iştirakçılarına təqdim edib. Azərbaycana gəlməklərinin səbəbini açıqlayan Kulyaş Kaymuldinova qeyd edib ki, bu, “Davamlı inkişaf aspektləri üzrə təlim və yenidən hazırlıq” layihəsi çərçivəsində görülən işlərlə əlaqədardır. Universitet barədə məlumat verən direktor işlədiyi müəssisənin reytinqli dünya universitetləri sırasında yer aldığını, hazırda institut əməkdaşlarının 7 qrant layihəsi üzərində işlədiyini, müəssisənin lazım olan avadanlıqlarla tam təmin edildiyini, bir sıra ixtisaslar üzrə universiteti bitirən məzunların  100% işlə təmin olunduqlarını diqqətə çatdırıb.

 

Vaxtılə doktorluq dissertasiyasını Azərbaycan Coğrafiya İnstitutunda müdafiə edən QMPU-nun professoru Bahadurxan  Abdumanapov institutun doktoranturasına qəbul qaydaları, təhsil proqramları, Tələbələrə Xidmət Rəqəmsal Mərkəzinin fəaliyyəti, universitetdə müəllim və tələbələrə yaradılan imkanlar, məktəblərdə coğrafiya fənninin tədrisi, dərsliklərin hazırlanması, ali məktəbə hazırlıq və müəllimlərin işə qəbulu, distant və onlayn formatda aparılan təhsil, Xəzər dənizinin öyrənilməsi, türkdilli  universitetin yaradılması və s. haqqında geniş məlumat verib.

 

QMPU-nun elmi işlər və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini, dosent  Karlıqaş Muzdıbayeva noyabrın 24-də Almatıda “Davamlı inkişafın təbiət elmləri, təhsil və elm paradiqmaları” mövzusunda onlayn formatda keçiriləcək  Beynəlxalq Elmi Gənclik Forumu haqqında danışıb, azərbaycanlı həmkarlarını tədbirdə fəal iştiraka dəvət edib.

 

Görüşdə qazax coğrafiyaçılarına “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilinə tərcümə olunmuş 2 cildi hədiyyə edilib. Qonaqlar da öz növbəsində Qazaxıstanda çap olunan coğrafiya dərsliklərini institut rəhbərinə təqdim ediblər.