Azərbaycan Dillər Universitetində (ADU) Samara Dövlət Texniki Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU  dünyanın bir sıra nüfuzlu universitetləri ilə elmi, mədəni əlaqələr qurur, müəllim-tələbə mübadiləsini davam etdirir:”Bu istiqamətdə atılan addımlardan biri də ölkələr arasında dil və mədəniyyət mərkəzlərinin qarşılıqlı şəkildə fəaliyyət göstərməsidir. Ölkə universitetləri arasında mədəni, elmi əlaqələrin inkişafı, həmçinin müəllim-tələbə mübadiləsi olduqca əhəmiyyətlidir”.

 

Görüşdə Samara Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anna Zotova, Pedaqogika, beynəlxalq mədəni əlaqələr və rus dili xarici dil kimi kafedrasının müdir əvəzi, professor Yuliya Lopuxova, dosent Mariya Yurina iştirak ediblər.

 

Çıxışlarda vurğulanıb ki, ikitərəfli əlaqələrin genişlənməsi və inkişafı yeni perspektivlərə yol açacaq, elmi müstəvidə yeni imkanlar əldə olunacaq.

 

Daha sonra universitetlər arasında Anlaşma memorandumu imzalanıb. Sənəddə yeni təcrübələrin qarşılıqlı öyrənilməsi, tədris prosesinə tətbiq olunması, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində addımların atılması, akademik, elmi, mədəni əlaqələrin qurulması kimi məsələlər öz əksini tapıb.