Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında üçüncü yerə layiq görülən AzTU SABAH qruplarının "Platon Tech" komandasının üzvlərini qəbul edib.

 

Rektor Azərbaycanı dünyada layiqincə təmsil etdiklərinə görə komanda üzvlərinə təşəkkürünü bildirib, davamlı müvəffəqiyyət üçün tələbələrə bundan sonra da bütün şəraitin yaradılacağını deyib.  

 

“Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyev onların olimpiadaya hazırlaşmaları üçün AzTU-nun CezeriLab laboratoriyasında yüksək şərait yaradıldığını bildiriblər. Tələbələr onlara göstərdiyi dəstəyə görə AzTU-nun rektoru V.Vəliyevə təşəkkür ediblər.

 

Daha sonra çıxış edən AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, komandanın mentoru Günel Məmmədli komandaya olimpiadaya hazırlıq prosesindən yarışın sonuncu gününə kimi AzTU rəhbərliyinin xüsusi dəstəyinin olduğunu vurğulayıblar.

 

AzTU-nun İctimai Şurasının sədri Osman Gündüz də Azərbaycanı yüksək səviyyədə təmsil etdikləri üçün komandanı təbrik edib.

 

Görüşün sonunda komanda üzvlərinə Təşəkkürnamə və noutbuk təqdim olunub.  

 

Xatırladaq ki, 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında həmyerlilərimiz "FUTURE INNOVATORS SENIOR" nominasiyası üzrə dünya üçüncüsü olublar.