Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsində 12 dekabr ümummillli lider Heydər Əliyevin  anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan xalqına qazandırdığı uğurlar diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Qarabağ Qələbəsi ilə bağlı  sevincimizin əsası elə məhz Ümummilli Liderin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, uğurlu xarici siyasətin nəticəsində qoyulub. E.İsayev vurğulayıb ki, Heydər Əliyev müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, muxtar respublikada ali təhsilin inkişafı naminə böyük xidmətlər göstərib. Rektor Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb.

 

Hüquq fənləri kafedrasının dosenti Elman Cəfərli ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi haqda danışaraq respublikanın bu günkü inkişafının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycanı qalibiyyətə aparan, gələcəyə doğru inamla addımlamasını təmin edən Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq hər birimiz üçün qürur mənbəyidir.

 

Ümumi tarix kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı “Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü” adlı çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü və həmin dövrdə qəbul edilmiş tarixi qərarları müstəqilliyə gedən yolun başlanğıcı və milli oyanışın Naxçıvandan başlaması kimi qiymətləndirmək olar.

 

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.