Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin müəllimi Hüseyn İmanov, təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Ülvi İsmayıllı, tibb fakültəsinin “Tibb” ixtisası üzrə II kurs tələbəsi Əli Ələkbərli və iqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elsun Cəfərovun iştirakı ilə “EcoTech” komandası Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonunda iştirak edərək II yerə layiq görülüb.

 

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan “Recyclaton” hakatonu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Tullantısız Dünya” layihəsi çərçivəsində təşkil olunub.

 

Ekoloji hakatonun əsas məqsədi plastik tullantıların azaldılması istiqamətində innovativ təklif və həllər axtarışıdır. Bir ay davam edən hakatona yüzlərlə gənc qatılıb və 197 ideyanı əhatə edən müraciətlərdə komandalar tullantıların azaldılması üçün süni intellektin, blokçeynin, kompleks sensorların iştirakı ilə həllərin hazırlanması, təkrar emal üçün yeni kimyəvi proseslərin tətbiqi, məlumatlandırma və təşviqat üçün mobil tətbiqlərin yaradılması istiqamətində təkliflər verib. Müraciətlər arasında ideyasının kreativliyi, orjinallığı, tətbiqolunma imkanları ilə fərqlənən 60 komanda yarımfinalda iştirak hüququ qazanıb.

 

Hakatonun ilkin mərhələsində 150 komanda yarışıb və 10 komanda final mərhələsində iştirak etmə hüququ əldə edib. Naxçıvan Dövlət Universiteti “Eco Tech” komandası da hakatonun final mərhələsində iştirak edib.

 

Qeyd edək ki, komandalar öz ideya konseptlərini peşəkar münsiflər heyəti qarşısında təqdim edib, dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunub.