Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə və müəllim heyətinin istəyi nəzərə alınaraq, “Ayna” Mətbuat Evinin rəhbəri, Əməkdar jurnalist Elçin Şıxlı ilə görüş keçirilib.

 

Tədbirdən əvvəl Quba rayonundakı “Media Şəhidləri” Parkındakı abidə ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub. Daha sonra Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin rəmzi olan Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ziyarət olunub.

 

Filialın ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova açılış nitqi ilə çıxış edərək bildirib ki, hər bir şəxsiyyət üzləşdiyi mühitdən əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır:”Bu gün 65 illik həyatının işığına yığışdığımız görkəmli jurnalist Elçin Şıxlı da Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlı ocağından nur götürüb, öz işığını yaradıb”.

 

Sonra kafedranın müəllimi Kəmalə Bayramova “Elçin Şıxlı şəxsiyyətində İsmayıl Şıxlı bənzərliyi” adlı məruzə ilə çıxış edib.

 

Tədbirdə görkəmli şair Ramiz Qusarçaylı, kafedranın baş müəllimi, şair Rahib Sədullayev də çıxış edərək bildiriblər ki, Elçin Şıxlı yaradıcılığında ilahi işarə olan söz çox mükəmməl şəkildə özünə yer tapıb.

 

Filialın müəllim və tələbələrinin ünvanladığı sualları cavablandıran Əməkdar jurnalist Elçin Şıxlı gənclərin aktivliyindən məmnun olduğunu deyib.

 

Tədbirdə filialın I tədris ili tələbələrinin təqdimatında "Dəli Kür" filmindən fraqment nümayiş olunub. O cümlədən, filialın ART incəsənət klubunun üzvləri tərəfindən Elçin Şıxlının portretləri çəkilib.

 

Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev Əməkdar jurnalistə filial kollektivi adından xatirə hədiyyəsi təqdim edib.