Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan konfrans keçirilib. Konfransda institutun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.

 

Əvvəlcə Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Dövlət Himni səsləndirilib. 

 

Daha sonra çıxış edən institutun rektoru Azad Novruzov  istiqlal şairinin həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyindən danışıb. Bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tədbirlərin keçirilməsi ənənə halını alıb. Onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.

 

Sonra proqrama uyğun olaraq Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri- filologiya üzrə elmlər doktoru, professor Yusif  Səfərovun, filologiya üzrə fəlsəfə doktoru Fəxriyyə Cəfərovanın, doktorant Şəbnəm Əliyevanın və hümanitar fənlər kafedrasının müdiri Aslan İbrahimovun  məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. Məruzəçilər Azərbaycan poeziyasına yeniliklər gətirən, milli mübarizəyə, istiqlala xidmət edən Əhməd Cavad irsinin Azərbaycanda yaşadıldığı qədər, qardaş Türkiyədə də dəyərləndirildiyini diqqətə çatdırıblar.

 

Tədbir tələbələrin ifasında Əhməd Cavadın şeirlərinin səsləndirilməsi ilə davam edib. 

 

Sonda Əhməd Cavadın 130 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.