“Günəş fəallığı bir qədər artıb. Son 3 sutka ərzində maksimum alışma M 6.35 olub.  Günəşin səthində 6 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 120-dir. 25 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınıb. 25 fevral saat 23:48-də baş vermiş M sinifli alışma ilə bağlı olaraq Yerə doğru yönəlmiş Tac Kütlə Atılmaları qeyd olunub”.

 

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Qeyd olunub ki, enerjisi 2 MeV-dən çox olan elektron seli (141 pfu), həmçinin 3229 oblastında baş vermiş M sinifli alışma səbəbilə 10 MeV-dən çox enerjili proton seli də pik səviyyəyə çatıb (S1 səviyyəli qasırğa). Enerjisi 100 MeV-dan çox olan proton seli isə fon səviyyəsində qalıb. Hesabat dövründə Günəş küləyinin sürəti artaraq Yer orbitində 700 km/san-yə çatıb. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 21 nT, radial istiqamətdə isə azalaraq -18 nT olub.

 

“Fevralın 26-sı axşamdan başlayaraq geomaqnit sahə aktivləşərək G3 səviyyəli maqnit qasırğasına qədər yüksəlib. Hal-hazırda maqnit qasırğası hələ də davam etməkdədir (7Kp).

 

Alışmalara bağlı olaraq radiosiqnalların ötürülməsində R2 səviyyəli kəsilmə olub.

 

Kosmik hava proqnozuna gəldikdə bildirilib ki, proqnoz günlərində (27 fevral - 1 mart) M sinif alışma ehtimalı 65%, X sinif 15% gözlənilir. Radiosiqnalların ötürülməsində 65% R1-R2 səviyyəli, 15% R3 səviyyəli kəsilmələrin olması proqnozlaşdırılır”-deyə məlumatda bildirilir.  

 

Vurğulanıb ki, enerjisi 2 MeV olan proton selinin 27-28 fevralda Günəş küləyinin paylanması səbəbi ilə normal və həyəcanlaşmış səviyyədə, enerjisi 10 MeV-dən çox olan proton selinin 27 fevrala kimi pik səviyyədə qalacağı, 24-25 fevralda baş vermiş CME və mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə 01 martda yüksək enerjili zərrəciklər selinin yenidən aktivləşəcəyi gözlənilir (S1~60%).

 

24-25 fevralda baş vermiş CME və mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə Günəş küləyinin sürətinin yenidən artacağı gözlənilir.

 

Maqnit qasırğasının 28 fevralda da G2 səviyyəsinə düşəcəyi, 01 martda isə daha sakit kosmik hava proqnozlaşdırılır.