Bir tarixi məruzənin izi ilə


1972-ci ilin qaynar yay günlərinin birində, iyun ayının 29-da  Bakı şəhərində Azərbaycanın siyasi rəhbərliyi, yaradıcı təşkilatların təmsilçiləri, təkcə ərazi baxımından ucsuz-bucaqsız görünməyən, bu günün özündə belə, müxtəlif, hətta mahiyyətinə görə təzadlı görünə biləcək mədəniyyətlər sintezinin beşiyi kimi təqdim edilən Sovet İttifaqının 14 müttəfiq respublikasından, habelə İttifaq rəhbərliyindən nümayəndələrin iştirakı ilə möhtəşəm tədbir keçirilirdi. Həmin zamanlar SSRİ-nin reallıqları üçün nonsens sayıla biləcək o tədbirin qeyri-adi görünə biləcək xüsusiyyəti ondan ibarət idi ki, o, iki il gecikmə ilə baş tuturdu. Əsas məruzəçi, Sovet İttifaqının siyasi olimpində görünməyi ilə dərhal diqqəti çəkən, təmsil etdiyi partiya dairələrində müxtəlif ranqlı insanların sevgi və etimad hissi kimi, həsəd duyğularını da oyadan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əlirza oğlu Əliyev isə o gecikmənin səbəbləri barədə biz söz açmadan, onu şərtləndirən hallara toxunmadan günün qəhrəmanını təqdim edirdi: “Bu gün biz qardaş Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasına partiyanın iradəsi ilə çoxlu əmək və inqilabi qüvvə sərf etmiş olan bir insanın, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ilk sədrlərindən birinin, V.İ.Leninin şagirdi və silahdaşı Nəriman Nərimanovun anadan olmasının 100 illiyini təntənəli surətdə qeyd etməyə toplaşmışıq. Görkəmli partiya və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun adı Azərbaycanda inqilabi mübarizə salnaməsinə həmişəlik daxil olmuşdur” (“Ədəbiyyat və incəsənət” qəzeti, 1 iyul 1972-ci il).

 

Bu çıxış ilk baxışda, ancaq Heydər Əliyevin dünya dilçilik elminə nitq mədəniyyətinin unikal nümunəsi kimi düşmədi. O, qəbul etdiyi qərarlar, atdığı addımlarla Azərbaycan xalqının Ümummilli Lideri titulunu qazanan böyük şəxsiyyətin siyasi iradəsinin göstəricisi olaraq tərcümeyi-halına yazılan ən parlaq səhifələrdən biri idi. Bu, 45 ilə yaxın müddətdə beynəlmiləlçiliyi sözdə öz fəaliyyətinin başlıca prinsipi elan edən, lakin əməldə tamam fərqli mövqe tutan bolşevizmin “millətçilik” damğası ilə tarixin bir küncündə saxladığı, bütün şüurlu həyatı boyu öz xalqının mənafeyinə uyğun olan ədalətli ictimai formasiya uğrunda mübarizəyə qoşulduğuna bütün səmimiyyəti ilə inanan Nəriman Nərimanovun təmiz adının qaytarılması istiqamətində İttifaq rəhbərliyi ilə apardığı mübarizədə Heydər Əliyevin qazandığı möhtəşəm qələbələrdən biri idi. Günümüzdə Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Mərkəzinin yerləşdiyi, həmin vaxtlardan bu günə qədər barəsində əfsanələr dolaşan “ÇK”-nın simvolu olaraq bu gün də xatırlanan Feliks Dzerjinski adına sarayda keçirilən o yubiley tədbirinin siyasi mənası barədə tədqiqatçılar sonra yazacaq. Onda isə, XX əsr memarlığının nümunəsi olan binanın divarları nə qədər qalın olsa da, həmin qalın divarlar içində baş verən hadisənin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çıxmasına, müzakirə olunmasına mane ola bilmədi. Həmin müzakirələrin başlıca predmeti isə 1925-ci ildə müəmmalı və qəfil vəfatından sonra nəşi məşhur Kreml divarları qarşısındakı məzarlıqda, az sonra isə adı partiya arxivlərində “dəfn edilən” Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri Nəriman Nəcəf oğlu Nərimanovun adı üzərindən qara pərdələrin çəkilməsi idi. Dünyanın ən operativ kütləvi informasiya vasitələrindən biri Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ilə bağlı (halbuki həmin mərasim keçiriləndə iki il əvvəl Nərimanovun 100 illiyi tamam olmuşdu) tədbirdən üç gün sonra BBC Sovetlər Birliyində “anlaşılmaz hadisələrin baş verdiyi” qənaətini bölüşürdü. Sovetlər Birliyində “sosial hadisələr”in içində belə, siyasi məqamlar axtaran təcrübəli radio təsisatının ağlına gəlmirdi ki, “Sovet Azərbaycanı ilk Baş nazirinin gecikmiş yubiley tədbiri”ndə hansısa məqamlar axtarsın. Orada, sadəcə olaraq, yubilyar haqqında məruzənin “Sovetlər Birliyinin subyektlərindən birinin, Azərbaycanın gənc və enerjili rəhbəri Heydər Əliyevin etdiyi” qeyd olunurdu.

 

Əlbəttə, yubilyar haqqında 1 saatdan artıq məruzə edən Ümummilli Lider Nəriman Nərimanovun adının üstünə çəkilən qara pərdənin kimlər tərəfindən və niyə çəkildiyini Sovet İttifaqında hamıdan müfəssəl və dəqiq bilirdi. 30 ilə yaxın müddətdə dünyanın ən güclü xüsusi xidmət orqanlarının birində çalışan, onun ən çətin və mürəkkəb təşkilatlarından birinə rəhbərlik edən “Azərbaycanın indiki gənc və enerjili rəhbəri” yaxşı bilirdi ki, Nəriman Nərimanovun adı üzərinə çəkilən qara pərdə onun fəaliyyətinin ancaq Moskva ilə bağlı hissəsində deyil, Bakıda, Azərbaycan Xalq Komissarları Sovetinə rəhbərlik etdiyi dövrlə birbaşa əlaqədardır. Bu, həmin dövrlər idi ki, ANTANTA ölkələrinin faktik olaraq işğal etdiyi, lakin hələ “öldürülməmiş boz qurdun dərisini bölüşdürmək üçün” növbəyə dayanmış dövlətlərin, həmçinin həmin vaxtlarda dövlətləri və dövlətçilik ənənələri olmayan, lakin Çar Rusiyası və Fransanın birbaşa iştirakı ilə nizami hərbi birləşmələri yaradılan, gələcək vədlər fonunda özlərini I Dünya Müharibəsində tərəf kimi hiss edərək hərbi əməliyyatlara qoşulan ermənilər “qəniməti” ovuclarında hiss edirdilər. Belə bir məqamda milli-azadlıq hərakatına rəhbərliyi üstünə götürərək işğalçı qüvvələri ağır məğlubiyyətə uğratsa da, köməyə ehtiyac hiss edən Mustafa Kamal Paşanın üz tutduğu birinci ünvan Azərbaycan Sovet Respublikası oldu. Paşa 1920-ci il may ayının 3-də Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya məktubunda yazırdı: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində maddi vəziyyətimizi təmin edə biləcəyimiz bir mənbə yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

 

Kazım Qarabəkir Paşa Türkiyə Respublikasının qurucusunun xahişini dərhal yeni qurulmuş Sovet Azərbaycanı hökumətinin başçısına bildirdi. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi.

 

Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istədi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırıldı, o isə dərhal hökumətin ehtiyatlarını səfərbər edərək Türkiyəyə 500 kq qızıl göndərdi. Bunun 200 kiloqramı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.

 

Daha sonra Nəriman Nərimanov Rusiyadan alınan 10 milyon qızıl pulu Ankaraya göndərdi. 1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti yardım olaraq Türkiyəyə 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerosin və 350 ton benzin yola salındı.

 

Türkiyənin Azərbaycandan göndərilən yardımları borc kimi qəbul etdiyini bildirən Mustafa Kamal Paşaya yazdığı cavab məktubunda doktor Nərimanov Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirərək əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.

 

Yeri gəlmişkən, həmin mühit və mühitdən doğan məqamlar yazıçı, türk ədəbiyyatının  görkəmli nümayəndələrindən biri, sonralar Mustafa Kamal Paşanın israrlı təkidlərindən sonra diplomatik işə keçən Yaqub Qədri Qaraosmanoğlunun  “Kiralık Konak”, “Hökm gecəsi”, “Yad adam”,  “Ankara”, “Zorən diplomat” və digər əsərlərində təqdim edilir.

 

Həmin vaxtlar didim-didim didilmiş, xarabazara çevrilmiş Osmanlı İmperiyasının qalıqları üstündə dünyəvi dövlət yaratmaq yolunda edilən yardımları Sovet Azərbaycanı hökumətində kifayət qədər yüksək vəzifələrdə oturan bolşevik furajkasındakı daşnaklar izləyirdi. Onlar bu yardımlardan əlavə, Kremldə Şərq xalqlarının təmsilçisi olaraq qəbul edilən Nəriman Nərimanovun Mustafa Kamal Paşanın Rusiya Xalq Komissarları Sovetinin sədri Leninlə təmaslar qurmaqda birmənalı köməklik göstərdiyindən də xəbərdar idilər. Bu, həmin təmaslar idi ki, nəticə olaraq müsəlman xalqları arasında inqilabi hərəkatın yayılmasında maraqlı olan Sovet Rusiyası imperialist qüvvələrlə mübarizə üçün Türkiyəyə hər cür yardım göstərirdi. Ermənilərin Türkiyə ərazilərinə iddialarının fiaskoya uğramasında Nəriman Nərimanovu günahkar bilən o insanlar Sovet Azərbaycanı hökumətinin rəhbəri ilə bağlı Sovet Rusiyasında mənfi təəssürat yaratmaq üçün Kremlə danoslar ötürmək üçün hər vasitəni məqbul sayırdılar. Onların ən fəallarından birini, Stalinin yaxın dairəsinə aid olan Anastas Mikoyanı həbs etdirməkdə aciz olan, lakin onu yük vaqonuna mindirtdirərək, qapısını arxadan bağladan, silahlı əsgərlərin müşayiəti ilə Azərbaycanın sərhədlərindən kənara çıxaran Nəriman Nərimanov yenə də “arxa cəbhədə” azsaylı insanlara güvənə bilirdi. Buna görə idi ki, Ümummilli Lider həmin hadisələrdən 50 il sonra Nəriman Nərimanovun dolğun obrazını təqdim etmək üçün bu fikirləri səsləndirir, onu “əclafların son qalası olan millətçilikdən” uzaq, beynəlmiləlçi, bunlarla bərabər, öz millətinə bağlı şəxsiyyət kimi təqdim edirdi: “1919-cu il iyulun axırlarında N. Nərimanov işləmək üçün Moskvaya çağırıldı. RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın və Orta Şərq ölkələri şöbəsinin müdiri, sonra isə RSFSR xalq millətlər komissarının müavini vəzifələrində ikən gənc hökumətin xarici siyasətinin həyata keçirilməsində onun xidməti az olmadı.

 

N.Nərimanov İran, Türkiyə, Əfqanıstan və digər ölkələrdə danışıqlar aparılmasında və sazişlər bağlanmasında iştirak edirdi. N.Nərimanov RK(b)P MK Şərq xalqları kommunist təşkilatları Mərkəzi Bürosunun tərkibinə daxil idi”.

 

Fikrini davam etdirən Ümummilli Lider dövrünün görkəmli müəllimi, rus-sovet yazıçısı, tərcüməçi, publisist, sənətşünas, akademik, maarif naziri, siyasi xadim M.A.V.Lunaçarskinin N.Nərimanovla bağlı fikirlərini səsləndirirdi: “Bir tərəfdən kommunizm ideyası ilə, digər tərəfdən isə Şərq kütlələri ilə möhkəm bağlı olan inqilabçılar nə qədər qiymətlidir!” (“Ədəbiyyat və incəsənət” qəzeti, 1 iyul 1972-ci il).

 

Ümummilli Lider məruzəsində Nəriman Nərimanovu geniş spektrdə, necə var, o cür təqdim edir, onu ictimai məzmunlu bədii əsərlərin müəllifi, gənc nəslin savadsızlıqdan qurtarması üçün çalışan fədakar ziyalı olduğunu, onlar üçün dərslik və dərs vəsaitləri yaratmaqla bərabər, pedaqoji işlə fəal məşğul olduğunu diqqətə çatdırdığını xatırladırdı.

 

Yeri gəlmişkən, böyük vətənpərvər üçün gəncliyin təhsilə cəlb edilməsindən daha maraqlı heç nə olmadığını onun uşaqlar üçün 1906-cı ilin aprelində “İrşad” qəzetində ilk uşaq jurnalı “Dəbistan”ın birinci nömrəsinin buraxılması ilə bağlı yazdığı təbrikində aydın görmək olar: “Təbriklər, türk uşaqları! Bu günə kimi gileylənirdiniz ki, oxumağa heç nə yoxdur. Ki, sənin kitabların yoxdur. İndi “Leyli və Məcnun” və digər qorxulu nağıllardan azadsan! İndi xəbərlərə susayan, doğma dilini sevən uşaqlar, “Dəbistan” jurnalını oxuyun! Siz isə övladlarını sevən atalar və analar, bu jurnalın “Valideynlər üçün əlavə”sini oxuyun!

 

Bəli, dünən, aprelin 16-da “Dəbistan” jurnalının ilk nömrəsi işıq üzü gördü. Əla jurnal! Aydın görünür ki, jurnalist bəylər lazımi səyləri göstəriblər. İndi atalardan övladları üçün bu jurnala abunə olmaq tələb olunur. Təbrik edirik, gənc qardaşımız “Dəbistan”. Uşaqlarımız üçün nə edəcəyinizi gözləyirik! Allah qorusun! Günlərin birində biz yenə də bu jurnal haqqında öz fikrimizi bildirəcəyik” (“İrşad” qəzeti,18 aprel 1906-cı il).

 

Buna görə idi ki, Ümummilli Lider məruzəsində Nəriman Nərimanovun Azərbaycan dilində qəzet və jurnallar buraxmaq, teatrı inkişaf etdirmək yolunda addımlar atdığını xüsusi olaraq qeyd edirdi: “N. Nərimanov ədəbi yaradıcılığa zəhmətkeşlərin azadlıq və səadəti uğrunda mübarizə vasitəsi kimi, onları şər qüvvələrə, mülkədar və kapitalist zülmünə, nadanlığa, dini fanatizmə və cəhalətpərəstliyə fəal müqavimət ruhunda tərbiyə etmək vasitəsi kimi baxırdı”  (“Ədəbiyyat və incəsənət” qəzeti, 1 iyul 1972-ci il).

 

Ümummilli Lider Nərimanovun bu meyarları əsas tutaraq, xalq kütlələrini oyadıb inqilaba hazırlamağı öz ədəbi və ictimai fəaliyyətinin qayəsi hesab etdiyini xüsusi vurğulayır, görkəmli maarifçi və ədəbiyyat adamının hansı duyğularla yaşadığını xüsusi vurğu ilə xatırladırdı: “Çarizm və burjuaziya milli ədavəti qızışdırdığı, fəhlə sinfini, xalq kütlələrini milli əlamətə görə parçalamağa çalışdığı şəraitdə N. Nərimanov vəhşi millətçilik və şovinizmə qarşı cəsarətlə çıxış edirdi. “Bahadır və Sona” povestində o, burjua millətçiliyi və dini əlahiddəlik ideologiyasına, köhnəlmiş adət və ənənələrə qarşı böyük bir ideya, xalqlar dostluğu ideyasını irəli sürdü. Vətəndaşlıq cəsarətinin timsalı olan bu əsər Azərbaycan ədəbiyyatında böyük hadisə idi. Azərbaycan hüdudlarından uzaqlarda da demokratik ictimaiyyət onu rəğbətlə qarşıladı. Millətçilik və şovinizmin tüğyan etdiyi şəraitdə N. Nərimanov xalqın müqəddəratı ilə həyasızcasına oynayan və bunu “millətin”, “dinin” müdafiəsi haqqında gurultulu ibarələrlə pərdələyən istismarçı təbəqənin xain siyasətini mərdliklə ifşa edirdi” (“Ədəbiyyat və incəsənət” qəzeti, 1 iyul 1972-ci il).

 

Nəriman Nərimanova hücumların arxasında ancaq mikoyanlar yox, 1920-ci il aprelin 28-də Cümhuriyyət hökumətini devirərək ölkəni istila edən, bolşevizmin hələ qırmızı terrora başlamadığı vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti sədrinin milli hökumət rəhbərlərinə loyal yanaşması, hətta Məmmədəmin Rəsulzadəni ölümdən qurtarmasını unutmayan azərbaycanlı bolşeviklər də az deyildi. Onlardan bəziləri, məsələn, Ruhulla Axundov hökumət rəhbərini “müsavatçı olmaqda” ittiham edirdi. Ümummilli Liderimiz bütün bunlar barədə kifayət qədər məlumatlı idi və təbii ki, Nəriman Nərimanovun həyat və fəaliyyəti barədə daha çox şeyləri bilir, mahiyyəti ilə canından əziz bildiyi Azərbaycana bağlı olan bu şəxsiyyətin ləkəsiz adının qaytarılmasını vacib sayırdı. Buna görə idi ki, 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gələn Heydər Əliyevin ilk qayğılarından biri cəmi bir il sonra anadan olmasının 100 ili tamam olacaq Nəriman Nərimanovun yubileyinin keçirilməsi istiqamətindəki asan olmayan işi başa çatdırmaq idi. Təbii ki, partiya arxivlərinə giriş imkanı olan azsayda insanların belə görə bilmədiyi sənədlər “millətçi” damğası ilə gözdən-könüldən uzaq saxlanan Nəriman Nərimanova bu münasibətə şahidlik edə bilərdi. Həmin sənədlər arasında “Oğlum Nəcəfə məktub” cəmi 55 il yaşayan Nərimanovun şəxsi əzablarının ən mükəmməl ifadəsi sayıla bilərdi. Həmin məktubu Ümumittifaq rəhbərlərindən birinin tövbəsi də adlandırmaq olar və biz ona görə bu qənaətə gəlirik ki, bolşeviklər Çar Rusiyası ərazisindəki xalqlara azadlıq versələr də, Nəriman Nərimanov o azadlığın xalqlar arasında diferensial bölgünü hələ Sovet Azərbaycanına rəhbərliyinin ilk illərində gördü. Üstəlik, böyük ədəbiyyat və dövlət adamı düşüncə və əxlaqı, humanistiyinə birmənalı olaraq inandığı Vladimir Leninin-Ulyanovun birbaşa göstərişi ilə Rusiya, Ukrayna və Belarusda qanlı terror aktlarından xəbərdar oldu. Buna görə idi ki, həmin məktub-vəsiyyətnaməsində o, çəkinmədən fikirlərini yazırdı: “Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm. Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq” (“Oğlum Nəcəfə məktub”).

 

Bu, həmin Nəriman Nərimanovdur, Bakı müəllimləri Əliisgəndər Cəfərzadə və Məmmədhəsən Əfəndiyevə yeni uşaq nəşri münasibəti ilə təbrik məktubu göndərən. O, uşaqların tərbiyəsində anaların əlahiddə rolunu qiymətləndirir, lakin onlardan tələb olunan səviyyəni gözləməyi sadəlövhlük hesab edirdi: “Çünki hal-hazırda bədbəxt anaların ev işlərindən başqa heç bir şey haqqında təsəvvürləri yoxdur... Mədəniyyəti, biliyi olmayan ana övladının şüuruna, ruhuna nə verə bilər? Hazırda bu, bizim bütün işlərimizi çətinləşdirən çox ciddi məsələdir. Onlar qışqırırlar ki, İslam zəifləyir! Xalqın cəhalət içində çürüməsindən danışır və qışqırırlar” (“İrşad”, 1905, 9 mart).

 

Bu, hələ Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Borçalı mahalında müəllimlik fəaliyyəti ilə bərabər, ilk ədəbi nümunələr yaradan, yazdığı “Nadanlıq” pyesi ilə millətin faciə mənbələrini göstərən böyük fikir sahibinin gəldiyi qənaət idi.

 

Ümummilli Liderimiz buna görə idi ki, təkcə onun 100 illik yubileyindəki məruzəsində deyil, ümumiyyətlə, Nəriman Nərimanova yanaşmada onu daha çox bəşəri ideyalar və dəyərlərlə yaşayan fikir insanı kimi təqdim edirdi.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya elmləri doktoru, professor