Nobel mükafatı laureatlarının adları açıqlandı


İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq ayrı-ayrı elm sahələrində 2018-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Oktyabrın 1-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. www.nobelprize.org saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu tərəfindən elan edildiyi kimi fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-ın Texas Universitetindən Ceyms Ellison və Yaponiyanın Kioto Universitetindən Tasuku  Hondzö  layiq görülüblər.  Nobel komitəsindən verilən məlumata görə,  alimlərə elmi mükafat  xərçənglə  mübarizə nəzəriyyəsinin kəşfinə görə təqdim olunacaq.  Komitə  bu  mükafatı təsis edərkən kəşflərin nəzəri dəyərindən  çox praktik əhəmiyyətinə üstünlük verib. Bu mənada Nobel  komitəsinin qərarı  olduqca qanunauyğun hesab olunur. 

“Xərçəng  hər il milyonlarla insanın həyatına son qoyur və hazırda bəşəriyyətin  sağlamlığı üçün ən böyük problemdir. Nobel laureatları bu il bizim immun sistemimizin xərçəng hüceyrələrinə hücum etmək qabiliyyətini  stimullaşdırmaqla xərçəngin terapiyasında tamamilə yeni prinsip müəyyən ediblər”,- Nobel komitəsinin açıqlamasında bildirilir. 

Professor   C.Ellison  immun sisteminə tormozlayıcı təsir göstərən  CTLA-4  zülalını  əldə edib. C.Ellison və onun komandası bu zülaldan istifadə etməklə immun sisteminin hansı hissələrinin xərçəng hüceyrələri tərəfindən blokadaya alınmasını müəyyən edə biliblər. Bu tədqiqat sçanlar üzərində sınaqdan keçirilib və xərçəngin bir neçə növünü müalicə etmək mümkün olub.  Professor T.Hondzö də faktik olaraq eyni məcrada işləyib, lakin o, digər hərəkət mexanizmə malik PD-1 zülalından istifadə edib. Digər zlalarla əlaqəyə girən PD-1  limfositlərin hücumunun qarşısını alır.  Bu isə orqanizmə xərçəng hüceyrələrinin hücumunun  qarşısını  almağa kömək edir. .Ellison və T.Hondzö immun sisteminin zəifləməsinin qarşısını alan fərqli strategiyaların xərçəngin müalicəsində necə istifadə oluna biləcəyini bizə göstərib.   Tibb sahəsində 2 laureat tərəfindən həyata keçirilmiş kəşf   immun hüceyrələrini “tormoz”dan azad etməklə   immun sisteminə  xərçəng hüceyrələrinin hücum etmək qabiliyyətinə əsaslanıb”, - deyə Nobel komitəsinin məlumatında qeyd olunur.

 

Alimlərin hazırladıqları eksperimental metod insan orqanizminin xərçəng hüceyrələri ilə mübarizə aparması üçün  immun hüceyrələrinin əlaqələndirilməsi və azad olunmasını nəzərdə tutur. Nobel komitəsində hesab edirlər ki, bu kəşflərə  əsaslanan terapiya xərçənglə mübarizədə son dərəcədə  effektivdir.  Bu kəşf  tibdə inqilabi dəyişiklik kimi qiymətləndirilir. Komitə üzvləri bəyan ediblər ki, “bu kəşf xərçəngin müalicəsində inqilab edib və bizim xərçənglə mübarizəyə dair münasibətimizi kökündən dəyişib”.

 

Bir maraqlı faktı da qeyd edək ki, hər il Nobel mükafatına  mümkün laureatların namizədliyinə dair proqnozlar verən Thomson  Reuters  Ellison və Hondzö  barədə çox dəqiq  proqnoz verib.   2016-cı ldə onların adları namizədlər syahısında olub. 2 ildən sonra bu proqnoz özünü doğruldub.  Nobel komitəsinin saytına verdiyi ilk müsahibədə  Ellison  mükafata layiq görülməsi xəbərinə “İnana bilmirəm, mən şokdayam,  bu, mənim  həyatımda ən böyük arzum olub” deyib. 

 

Digər laureat Hondzö isə sayta açıqlamasında “pasiyentlərimin  “siz mənim həyatımı xilas etdiniz” sözlərini eşitmək daha çox sevindiricidir. Bu,   mənim üçün istənilən mükafatdan daha xoş hissdir” deyib.  

* * *

Oktyabrın 2-də İsveç Kral Elmlər Akademiyası  tərəfindən  2018-ci ilin fizika üzrə Nobel mükafatı laureatlarının adları  elan olunub. Bu il   mükafata lazer fizikası sahəsində yenilikçi ixtiralarına görə üç alim - amerikalı Artur Eşkin, fransalı Jerard Moro  və kanadalı  xanım Donna Strikland layiq görülüb. Nobel komitəsindən verilən məlumatda qeyd olunur ki,   yüksək elmi mükafat alimlərə  “lazer fizikası sahəsində inqilabi nailiyyətə görə” verilir. Nobel komitəsi  Artur Eşkin  tərəfindən  “optik pinsetlərin kəşf edilməsini  və onun bioloji sistemlərdə tətbiq olunmasını” yüksək qiymətləndirib.   Kral Elmlər Akademiyası bildirib ki, A. Eşkinin əsasını qoyduğu optik pinsetlərin inkişafı orqanizmdəki  viruslar kimi ən kiçicik hissəcikləri onlara zərər yetirmədən tuta bilər, bu isə “elmi fantastikanın köhnə xəyalı”nıın reallaşması deməkdir. “Optik pinset  həyat mexanizminin müşahidəsi və ona nəzarət  üçün tamamilə yeni imkanları yaradıb”, - deyə Kral Akademiyasının açıqlamasında bildirilir. Jerar Moro və onun kanadalı  keçmiş tələbəsi  Donna Strikland isə “yüksəksürətli ultraqısa optik impulsların generasiyası metodunu hazırladıqlarına görə”  yüksək mükafata layiq görülüblər.  Alimlər  lazerlərin köməyi ilə kiçik hissəcikləri idarə etməyə imkan verən optik pinset ixtira edib.  Nobel komitəsində qeyd ediblər ki, hazırda dünyada milyardlarla insan  hər gün lazer printerlərindən və optik skanerlərdən istifadə edir, milyonlarla insan isə lazer cərrahiyyəsinə üz tutur. Nobel komitəsi hesab edir ki, J.Moro  və  D. Strikland   bəşəriyyət tərəfindən yaradılmış ən qısa və intensiv lazer impulslarına yol açıblar. Maraqlıdır ki, onların inqilabi məqaləsi  1985-ci ildə dərc edilib. Bu məqalə D.Striklandın doktorluq dissertasiyasının əsası olub.  Artur Eşkin mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Jerard Moro və Donna Strikland arasında bölüşdürüləcək.

* * *

İsveç Kral Elmlər Akademiyası  oktyabrın 3-də 2018-ci il üzrə kimya sahəsində  Nobel mükafatı laureatlarının adlarını  elan edib. Yüksək elmi mükafata  amerikalı alimlər, Kaliforniya Texnologiya İnstitutunun professoru xanım Fransis Arnold,  Missuri Universitetindən Corc Smit,  Böyük Britaniyanın  Kembric Universiteti molekulyar biologiya laboratoriyasından Qreqori Uinter “fermentlərin istiqamətlənmiş təkamülü” sahəsində tədqiqatlarına görə layiq görülüblər.   F.Arnold fermentlərin təkamülünün öyrənilməsi,  C. Smit və Q.Uinter isə peptid  və anticismlərin təsvirinə görə mükafata təqdim olunublar.   Nobel komitəsi alimlərin kəşfini  “təkamülün köməyi ilə inqilab” adlandırıb.   F.Arnold  istiqamətlənmiş təkamül sahəsində pioner hesab olunur.  O,   fermentlərin - kimyəvi reaksiyaları katalizləşdirən zülalların təkamülünü nəzarət altına almağa nail olub. İndi onlardan   bioloji yanacağın yaradılmasından tutmuş əczaçılığa qədər bir çox sahədə istifadə etmək olar.  Amerikalı C.Smit və britaniyalı Q.Uinter isə  faqovativ ekran  -  zülalların dezoksiribinuklein turşusu (DNT), peptid  və başqa zülallarla qarşılıqlı əlaqəsinin  öyrənilməsinin laboratoriya metodunu işləyib hazırlayıb.  O, zülalları və onları  kodlaşdıran genetik informasiyaları əlaqələndirmək üçün bakteriofaqlardan (zülalları sıradan çıxaran viruslar)  istifadə edib.  C.Smit müəyyən edib ki,  bakteriofaqlardan yeni zülalların təkamülü üçün istifadə edilə ilər. Q.Uinter isə bundan yeni dərmanların istehsalı üçün necə istifadə etməyi müəyyənləşdirib.

 

Tədqiqatlar autoimmun xəstəliklərlə, həmçinin metastaz vermiş xərçənglə mübarizə aparmağa  kömək edəcək.  Bu tədqiqatlar yeni dərman vasitələrinin yaradılmasına imkan verəcək.  Mükafatın (1 milyon dollar) 1/2-i F.Smitə çatacaq, qalan hissəsi digər laureatlar arasında bölüşdürüləcək.       

 

Tibb və fiziologiya üzrə laureatlar

 

Ceyms P. Elison (James P.Allison) 1948-ci il avqustun 7-də ABŞ-ın Texas ştatında Elis şəhərində anadan olub.   Texas Universitetinin məzunudur. 1973-cü ildə  universitetin doktorluq elmi dərəcəsini alıb.  1974-1977 -ci illərdə Kaliforniyadakı  Scripps Elmi-Tədqiqat Fondunda və  klinikada postdoktorant olub.  1977-1984-cü illərdə  Texas ştat  Smitvilla Universitetinin Onkologiya mərkəzində,  1985-2004-cü illərdə Kaliforniya  Berkli Universitetində, 2004-2012-ci illərdə Nyu-York ştatında Sloan Ketterinq Memorial Xərəng Mərkəzində professor-müəllim heyətində yer alıb.  O, eyni zamanda 1997-2012-ci illərdə Hovard Hyuz Tibb İnstitutunda tədqiqatlar aparıb.   2012-ci ildən Texas Universitetinin Anderson Xərçəng Mərkəzində (Cancer Center)  professor vəzifəsində çalışıb.  Eləcə də Texas ştatındakı   Hyuston Parker İmmunoterapiya Xərçəng Mərkəzi ilə əməkdaşlıq edib.  Hazırda C.Ellison Texas Universiteti nəzdində xərçənglə mübarizə mərkəzində immunologiya şöbəsinə rəhbərlik edir.

 

 

Tasuku Hondzö (Tasuku Honjo) 1942-ci il yanvarın 27-də Yaponiyanın Kioto şəhərində anadan olub.  Tokio Universitetinin məzunudur. 1966-cı ildə  tibb  elmləri  doktoru elmi dərəcəsini  alıb.  1971-1974-cü illərdə  Vaşinqtonda Karneqi, daha sonra Merilend ştatındakı  Milli Səhiyyə  institutlarının elmi əməkdaşı olub. 1975-ci ildə Kioto Universitetində doktorluq elmi dərəcəsi alıb.  1974-1979-cu illərdə Tokio Universitetinin, daha sonra Osaka Universitetinin  professor-müəllim  tərkibinə daxil olub.  1984-cü ildən  Kioto Universitetinin professorudur. 1996-2000, 2002-2004-cü  illərdə tibb fakültəsinin  dekanı işləyib.  Hazırda Kioto Universitetində  immunologiya  professoru  vəzifəsini tutur.   ABŞ Milli Akademiyasının (2001),  Yaponiya Elmlər Akademiyasının üzvü seçilib.  Yaponiya və bir sıra ölkələrin nüfuzlu elmi mükafatlarına layiq görülüb. 

 

Fizika  üzrə laureatlar

 

Artur Eşkin (Arthur Ashkin) 1922-ci il sentyabrın 2-də ABŞ-ın Nyu-York ştatında Bruklin şəhərində anadan olub. Kolumbiya Universitetinin məzunudur.  Kornell Universitetində doktorluq elmi dərəcəsi alıb. 96 yaşlı amerikalı alim, fizik,  ixtiraçı  optik qurğuların  yaradılması  sahəsində pioner hesab olunur.  Bu optik qurğular atom, molekul və bioloji hüceyrələrin idarə olunmasına  gətirib çıxarıb.  Alim 1978-ci ildə optik pinseti icad edib.  Bir müddət elmi tədqiqat mərkəzlərində (Lucent Technologies və  Bell Laboratories) çalışıb.  1992-ci ildə  nəzəri fizika sahəsində 40 illik uzunsürən elmi karyerasına son qoyub və təqaüdə çıxıb. A.Eşkin həm də fotorefraksiya, ikinci harmoniyanın generasiyası və   qeyri-xətti optika sahəsində tədqiqatları ilə tanınır. 47 patentin və çoxsaylı  tədqiqat işlərinin müəllifidir.  1996-cı ildə ABŞ Milli Elmər Akademiyasının  üzvü seçilib.  Onun tədqiqatlarından bəhrələnən fizik   Stiven Çu 1997-ci ildə fizika sahəsində Nobel mükafatı alıb. 1987-ci ildə kvant  elektronikası üzrə, 1998-ci ildə Tauns, 1993-cü ildə Rank, 2004-cü ildə Xarvi mükafatlarına, 1996-cı  ildə isə Ayvs medalına layiq görülüb.

 

Jerar Moro (Grard Albert Mourou) 22 iyun 1944-cü ildə Fransanın Albertvil şəhərində anadan olub.  Fransa  və Amerika fizikidir.  1967-ci ildə  Qrenobl Universitetini fizika ixtisası üzrə  bitirib.  Bundan sonra Politexnik Məktəbində işləyib.  1970-ci ildə Paris Universitetinin doktoranturasına daxil olub.  Eyni zamanda bir müddət Kanadanın Lavalya Universitetində çalışıb.  1973-cü ildə fizika üzrə  fəlsəfə  doktoru elmi  dərəcəsini alıb. Sonra bir il San-Dieqo, Kaliforniya Universitetində işləyib. Daha sonra Paris Milli Qabaqcıl Texnologiyalar Məktəbinin tətbiqi optik  laboratoriyasında və Politexnik Məktəbində yüksəksürətli proseslərlə məşğul olan elmi qrup  təşkil edib.

 

1977-ci ildə ABŞ-ın Roçesters Universitetində işləməyə başlayıb.  Optika İnstitutunda böyük elmi işçi  vəzifəsinə təyin olunub.  1988-ci ildə Miçiqan Universitetində professor vəzifəsini alıb, burada yüksəksürətli optika mərkəzinin əsasını qoyub və  uzun müddət ona rəhbərlik edib.  Rusiya Elmlər Akademiyasının   (2008-ci ildən) xarici üzvüdür.  1985-ci ildə Donn Striklandla birlikdə  çox güclü lazer impulslarının alınması üzrə yeni texnikanı təklif edib.  Elmi fəaliyyətinin əsas istiqamətləri lazerlər fizikası  və qeyri-xətti optikadır.

 

Donna Strikland (Donna Strickland) 1959-cu ildə Kanadanın Ontario vilayətində Quelf şəhərində anadan olub. Elektrotexnika və lazerlər sahəsində ixtisaslaşıb.  O,  lazer  impulslarının gücləndirilməsi metodunu ixtira edib. 1981-ci ildə Makmastera Universitetini, 1989-cu ildə  Roçesters  Universitetini bitirib və optika sahəsində fəlsəfə  doktoru elmi dərəcəsini alıb. Onun elmi rəhbəri Jerar Moro olub. D.Strikland 1988-ci ildən 1991-ci ilə qədər  Kanadanın Milli Tədqiqatlar Şurasının elmi əməkdaşı olub.  Hazırda  Vaterloo Universitetinin fizika və astronomiya kafedrasında  işləyir. O, lazerlərin öyrənilməsi ilə məşğul olan qrupa başçılıq edir.  Bu qrup   qeyri-xətti optikanın tədqiqatları üçün yüksək intensivlikli lazer sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir.  O, son 55 ildə fizika üzrə bu yüksək ada layiq görülmüş ilk qadın,   həm də Vaterloo Universitetinin  ilk Nobel laureatıdır.  Vaterloo Universitetinin saytına verdiyi ilk müsahibəsində D.Strikland  “məndə özümə qarşı nəhəng əminlik var... Mən sadəcə irəliləyir və istədiyimi edirəm” deyib.

 

 

kimya üzrə laureatlar

 

Frensis Arnold (Frances Hamilton Arnold). 25 iyul 1956-cı il tarixində Nyu-York ştatı Olbani şəhərində anadan olub.  Bakalavr və  magistratura  təhsilini ABŞ-ın  Prinston və Berkli Kaliforniya universitetlərində alıb.  Berkli Kaliforniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsini (PhD) alıb.    Hazırda Kaliforniya Texnologiya İnstitutunda işləyir.   Amerikalı alim və mühəndis istiqamətlənmiş təkamülün pioneri hesab olunur.     ABŞ  Milli Elmlər (2008),  Mühəndislik (2000) və ABŞ Tibb akademiyalarının (2004), həmçinin Amerika Fəlsəfə Cəmiyyətinin (2018)  üzvü seçilib.  Çarlz Stark Dreyper mükafatına (2011),  texnologiyalar və innovasiyalar  sahəsində ABŞ-ın milli medalına (2013), “Minilliyin texnologiyası” mükafatına (2016) layiq görülüb. Onun adı  ABŞ Milli İxtiraçıları Şöhrət Zalına  daxil edilib.  Stokholm,  Çikaqo universitetlərinin, Sürix Texnologiya İnstitutunun  fəxri  doktorudur. 

 

 

Qreq Uinter (Gregory Paul Winter) 14 aprel 1951-ci il tarixində  Böyük Britaniyanın  Lester şəhərində anadan olub. 1973-cü ildə  Kembric Triniti-Kollecini bitirib.  Britaniya   biokimyaçısı   və biotexnoloq,  zülal  mühəndisliyi  üzrə mütəxəssisdir.  Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990) və Böyük Britaniya  Tibb Elmləri Akademiyasının  (2006) üzvüdür. 2004-cü ildən  cəngavər-bakalavr,  2012-ci ildən Kembric Triniti-Kollecinin başçısıdır. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru elmi  dərəcəsini alıb.  London İmperial Kolleci  və Kembric  Genetika  İnstitutunun postdoktorantı olub. Onun tədqiqatçılıq karyerası əsasən  Molekulyar Biologiya Laboratoriyası  (Laboratory of Molecular Biology) və Protein Mühəndisliyi Mərkəzi (Centre for Protein Engineering) ilə bağlıdır. “Protein Engineering,  Design and Selection”  jurnalının baş redaktoru, “European Journal of Immunology”  jurnalı redaksiya heyətinin üzvüdür. 

 

 

Corc Smit (George P.Smith)  10 mart  1941-ci ildə  ABŞ-ın Konnektikut ştatının Nopuolk şəhərində anadan olub. Amerika  kimyaçısıdır.   Kolumbiya  Missuru Universitetinin  fəxri professorudur.  Bakalavr təhsilini  Xaverford Kollecində biologiya üzrə alıb.  Bir müddət orta məktəbdə biologiya  müəllimi və laborant işləyib.  Sonra  Harvard Universitetində bakteriologiya və immuologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.  1975-ci ildə Viskonsin Universitetinin posdoktorantı olub.  1983-1984-cü tədris ilində Dyuk Universitetində  Nobel mükafatı laureatı Robert Uebster ilə  işləyib. Maraqlıdır ki, R.Uebsterə Nobel qazandıran tədqiqat işinin böyük hissəsi  C.Smitə məxsusdur.

 

 

Qeyd edək ki,  laureatların mükafatlandırılması mərasimi  ənənəyə uyğun olaraq 2018-ci il dekabrın 10-da İsveç sahibkarı və ixtiraçı, Nobel mükafatının təsisçisi Alfred Nobelin anım günündə keçiriləcək.  2018-ci ildə Nobel mükafatının məbləğı 9 milyon İsveç kronu  (təxminən 1 milyon ABŞ dolları) təşkil edir.

 

Oruc MUSTAFAYEV           

 

Bölmənin digər xəbərləri