T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin müəllimləri həmin günü qürur və fəxrlə xatırlayırlar


“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”, - bu sözlər müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur.  Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşır, bu sahədə görülən işlərə xüsusi önəm verirdi. Ümummilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.  Prezident Heydər Əliyev tədris ilinin başlanması və “Bilik Günü” münasibətilə ümumi təhsil müəssisələrinə gedir, müəllim və şagird kollektivi ilə görüşür, onların fəaliyyətinə böyük stimul verirdi. Belə bir xoşbəxtliyi iki dəfə yaşayan ümumi təhsil müəssisələrindən biri də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini nəzərə alaraq 6 nömrəli məktəb-liseydə olduq, direktor Gülşən Orucovanın və müəllim heyətinin Ümummilli Liderlə bağlı xatirələrini dinlədik.

 

“Həmin əlamətdar günü xatırladıqca iftixar hissini yenidən yaşayıram”

 

Gülşən Orucova, Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru: “Mən 1992-ci ildən bu məktəbdə Azərbaycan bölməsinin ilk müəllimi kimi işləməyə başlamışam. Fəaliyyət göstərdiyim 31 il ərzində iki tarix yaddaşımda dərin iz buraxıb: 2001-ci il Ulu Öndərin və 2011-ci il Prezident İlham Əliyevin məktəbimizə gəldikləri gün. O vaxt dərslər sentyabrın 1-də başlayırdı və avqustun 31-də məktəbin direktoru hamımızı topladı ki, sabah Ulu Öndər bizim məktəbə gələcək. Mən də ibtidai sinif müəllimi olaraq Ulu Öndərin gəlişi ilə bağlı öz birinci sinif şagirdlərimə axşamdan belə bir şeir yazdım:

 

Bu gündən məktəbliyəm, yaxşı oxumalıyam,

Vətənimə xeyirli, dəyərli olmalıyam.

Heydər baba verirsə bu gün xeyir-duamı

Daha mətin addımla atıram ilk addımı.

 

Mənə də şərəf oldu ki, Ümummilli Liderimizi şəxsən qarşılayanlardan biri də mən oldum. Ulu Öndər məktəbimizdə iki dəfə olub. 1977-ci ildə cənab Prezident İlham Əliyev məzun olduğu vaxt və 2001-ci ildə. Ulu Öndər 2001-ci ildə məktəblə tanış olduğu müddətdə  görüşdən məmnun qalmışdı və sonda da nitqini belə bir cümlələrlə bitirmişdi: “Mən inanıram ki, 6 nömrəli məktəb milli-mənəvi dəyərlərə əsaslanan qabaqcıl məktəb olaraq qalacaqdır”. Həqiqətən də bu, müəllimlərə verilən bir mesaj idi ki, bu etimadı doğrultmaq, bu etimada layiq olmaq hər birimizin borcudur. Əslində müəllim, bir ziyalı olaraq bizim borcumuz təkcə akademik biliklər öyrətmək deyil. Biz milli dəyərlər ruhunda ənənələrə sadiq olaraq tariximizi, mədəniyyətimizi, incəsənətimizi yaşada biləcək əsl Azərbaycan vətəndaşı yetişdirməliyik. Bu gün bizim hər birimizin bir müəllim olaraq nümunəmiz var. Məktəbimizin fəxri məzunu cənab Prezident bütün bu deyilənlərin hamısını özündə cəmləndirən bir Azərbaycan vətəndaşıdır və bu da bizim üçün bir örnəkdir. Bəli, biz fəxr edirik ki, tarix yazan məzun məhz bizim məktəbin məzunudur. Məktəbimizin 6-cı mərtəbəsində Prezident İlham Əliyevin attestatı nümayiş olunur. Ulu Öndər Heydər Əliyevlə bağlı məktəbimizin Heydər Əliyev Muzeyi var. Burada isə Ümummilli Liderin attestatı, tərifnamələri və s. nümayiş olunur. Bu da bizim uşaqlar üçün bir örnəkdir. Bu gün bizim şagirdlərimizin nailiyyətləri Ulu Öndərin tövsiyələrinə sadiq olduğumuzu bildirir. Heydər Əliyev təhsilin hər bir sahəsini gözəl bilirdi. İstər şagirdlərə, istər müəllimlərə verdiyi suallar hər birimizi həyəcanlandırırdı, amma nə xoş bizə ki, həmin imtahandan üzüağ çıxdıq və Ulu Öndər də bu məktəbdən məmnun qaldı. Bu gün də həmin əlamətdar “Bilik Günü”nü xatırladıqca eyni iftixar hissini yenidən yaşayıram”.

 

“Dahi insanı görmək, suallarına cavab vermək çox xoş idi”

 

Təranə Səmədova, təşkilatçı: “Mən 30 ilə yaxındır 6 nömrəli məktəb-liseydə təşkilatçı olaraq fəaliyyət göstərirəm. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin məktəbimizə gəlişində mən də iştirak etmişdim. Belə bir dahi insanı həyatda görmək, onunla təmasda olmaq, onun suallarına cavab vermək çox xoş idi. Eyni zamanda məsuliyyət çox idi. Hamımız çox həyəcanlı idik. Lakin görüş zamanı Heydər Əliyev öz sadəliyi ilə elə bir şərait yaratdı  ki, hər kəs özünü çox rahat hiss edirdi. Heydər Əliyev 1977-ci ildə məktəbimizə gəlməsindən danışdı, burada işləyən müəllimlərin adlarını çəkdi. Heydər Əliyevin həm bir valideyn, həm də bir dövlət başçısı kimi məktəbimizə dəyər verməsi bizim hamımız üçün, şagirdlər üçün də çox xoş idi.  Onun bizə verdiyi dəyər qarşımızdakı məsuliyyəti artırır və gələcəyə ümidlə qanadlandırır”.

 

“Ulu Öndər mənə, məktəbin kollektivinə uğurlar arzuladı”

 

Zarema Almazova, biologiya və iqtisadiyyat müəllimi: “Mən 1989-cu ildən bu məktəbdə çalışıram. Eyni zamanda 10 il bu məktəbdə oxumuşam  və məzun olmuşam. Mənim anam Emma Kazımova cənab Prezident İlham Əliyevin biologiya müəllimi olub. 1977-ci ildə İlham Əliyev məktəbi bitirəndə mən də bu məktəbin 8-ci sinif şagirdi idim. Həmin gün biz bilirdik ki, İlham Əliyevin valideynləri gələcək və səbirsizliklə hamı onların gəlişini gözləyirdi. Mənim anam Heydər Əliyevlə görüşüb söhbət etdi. Onun həmin mötəbər gündən xatirə qalan fotoşəkli var idi. Anam bu şəkilə baxıb həmişə fərəhlənirdi. 2001-ci ildə bizə məlumat veriləndə ki, Heydər Əliyev yenidən bizim məktəbə gələcək, hamımız, xüsusilə anam çox sevindi. Həmin şəkli də götürdü və 2001-ci il sentyabrın 1-də Heydər Əlivevlə məktəbimizdə ikinci dəfə görüşdü. Anam Ulu Öndərlə söhbət edərkən 1977-ci ildə çəkdirdikləri fotoşəkli ona göstərdi. Mən çox fəxr edirəm ki, Ümummilli Liderimiz Heydər Əliyevlə həyatda iki dəfə rastlaşmışam. Heydər Əliyev müəllimlərlə çox səmimi, maraqlı söhbətlər edirdi, hamımıza xoş sözlər deyirdi. Bildirirdi ki, biz cavan da olsaq üzərimizə çox məsuliyyətli iş götürmüşük. Heydər Əliyev məndən soruşdu ki, “Siz həm biologiya, həm də iqtisadiyyat üzrə necə dərs deyirsiniz?Axı bunlar fərqli sahələrdir?”. Ulu Öndər mənə və məktəbimizin kollektivinə böyük uğurlar arzuladı”.

 

“Heydər Əliyev bizimlə səmimi söhbət etdi”

 

Sədaqət Məmmədova, biologiya müəllimi: “Mən də 30 ilə yaxındır ki, bu məktəbdə çalışıram. İlk dəfə Heydər Əliyevi 1975-ci ildə görmüşəm. Mən onda məktəbi bitirmişdim və o zaman elə Ulu Öndərin səyi nəticəsində qəbul imtahanlarını yüksək səviyyədə verən uşaqları Azərbaycandan xaricə, Rusiya Federasiyasına, Moskva, Leninqrad, Voronej və s. şəhərlərə göndərirdilər. Mən də imtahanlarda yüksək nəticə göstərdiyim üçün Moskva şəhərindəki Piroqov adına İkinci Tibb Universitetinə eksperimental tibbi-biologiya fakültəsinə qəbul olunmuşdum. Avqust ayında tələbələrə xəbər verildi ki, hamımız bir reyslə Moskvaya uçmalıyıq. Yola düşməmişdən qabaq isə indiki Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevlə görüş keçirildi. Heydər Əliyevlə ikinci görüşümüz 2001-ci ildə 6 nömrəli məktəb-liseydə baş verdi. Mən onu çox yaxından gördüm. Möhtərəm Prezidentimiz İlham Əliyevin biologiya müəllimi Emma Kazımova ilə mən yan-yana durmuşdum. Heydər Əliyev bizimlə çox mehriban görüşdü, səmimi söhbət etdi. O, məktəbimizin müəllimlərinə xoş sözlər söyləyərək cansağlığı, nailiyyətlər arzuladı”. 

 

“Hamımız Heydər Əliyevin gəlişini çox təntənəli gözləyirdik”

 

Şəhla Muxtarova, rus bölməsində Azərbaycan dili müəllimi: “Mən 1992-ci ildən bu məktəbdə çalışıram və Heydər Əliyevin məktəbimizə gəlişi bugünkü kimi xatirimdədir. Balaca qızım birinci sinfə gedirdi və mən onu məktəbə gətirdim. Hamımız Heydər Əliyevin gəlişini çox təntənəli gözləyirdik. İndi də gözümün qarşısındadır ki, necə asta, səssiz maşın yaxınlaşdı, dayandı və Heydər Əliyev qapıdan içəri keçdi. Ulu Öndər hamımızla salamlaşdı, məktəbə daxil oldu, mərtəbələri, sinifləri gəzdi, məktəb kollektivi ilə tanış oldu. Sonra hamımızı məktəbin həyətinə yığdılar. Ümummilli Lider heç bir müəllimi diqqətdən kənar qoymadı. Onun çıxışını dinləmək bizə olduqca xoş təəssürat bağışladı. Heydər Əliyev qocaman müəllimimiz Emma Kazımova ilə səmimi söhbət etdi, hamıya xoş sözlər dedi, tədris ilində böyük nailiyyətlər arzuladı”.

 

“İki dahi şəxsiyyətin xeyir-duasını aldığımıza görə çox minnətdar idik”

 

Viktoriya Abdullayeva, riyaziyyat və informatika müəllimi: “2001-ci ilin ilk dərs günü Heydər Əliyev məktəbimizi ziyarət edəndə xüsusi olaraq mövcud kompüter otaqlarına daxil oldu və siniflərlə tanış oldu. Ulu Öndər uşaqlarla söhbət etdi, onların kompüter texnologiyalarına münasibətini öyrəndi. Kompüter sinifləri onun çox xoşuna gəlmişdi və o, bununla bağlı xoş fikirlər bildirdi. Sonradan mən Ulu Öndərin məktəbimizə gəldiyi il birinci sinifə gedən uşaqların 5-ci sinifdən 11-ci sinfədək sinif rəhbəri oldum. Biz şagirdlərlə tez-tez bu xoş hadisəni xatırlayırdıq, bu barədə danışırdıq. Həmin sinif məktəbi bitirəndə məktəbimizə cənab Prezident İlham Əliyev gəldi. Onlar bundan fərəh hissi keçirirdilər. Həmin sinfin şagirdlərinin hər biri çox yaxşı oxuyurdu. Sonradan da onların hamısı həyatda uğur əldə etdi, özünü layiqli vətəndaş kimi reallaşdırdı. Onlar birinci sinfə gedəndə ata Prezident, məzun olanda isə oğul Prezident məktəbimizi ziyarətə gəlmişdilər. Şagirdlər də, mən də hər zaman iki dahi şəxsiyyətin xeyir-duasını aldığımıza görə çox minnətdar idik”.

 

“O uşaqlarla çox sadə dildə, mehribancasına danışırdı”

 

Adilə Şahmalıyeva, tarix müəllimi: “2001-ci ildə Heydər Əliyev 6 nömrəli məktəbə gələndə mənim qızım 10 yaşında idi və mənim yanımda dayanmışdı. Ulu Öndər nitqində deyəndə ki, “uşaqlar ailənin, dövlətin sərvətidir” qızım başıını qaldırıb heyrətlə dedi: “Mən sərvətəm, ana!”. Bilirsiniz, uşaqlar çox diqqətlə Heydər Əliyevə qulaq asırdılar. O uşaqlarla çox sadə dildə, mehribancasına danışırdı. Mən baxıb fikirləşirdim ki, böyük insan, dahi şəxsiyyət işinin çox olmasına baxmayaraq qiymətli vaxtını ayırıb uşaqlara necə böyük diqqət göstərir, onlarla söhbət edir, onlara öyüd-nəsihət verir. Ulu Öndər sadə,  gülə-gülə uşaqlarla danışmağa davam edirdi. Uşaqlara deyirdi, ki: “Siz gərək yaxşı təlim-tərbiyə alasınız, fiziki cəhətdən sağlam olasınız, fiziki tərbiyəyə fikir verəsiniz, idmanla məşğul olasınız”. Hamımızın yadındadır ki, Heydər Əliyev uşaq evlərində kimsəsiz uşaqlarla tez-tez görüşə gedirdi, qol qaldırıb onlarla bir ata, baba kimi rəqs edirdi, onlara qayğı göstərirdi. Ona görə də bütün uşaqlar onu “Heydər baba” adlandırırdılar və əsil baba məhəbbəti ilə sevirdilər”.

 

“Həmin gün bayram oldu bizim üçün”

 

Nərgiz İbrahimova, fizika müəllimi: “Mən də 30 ildən çoxdur 6 nömrəli məktəb-liseydə fəaliyyət göstərirəm. 2001-ci ildə biz biləndə ki, Ulu Öndər Heydər Əliyev bizim məktəbə gələcək, sevincimizin və həyəcanımızın hədd-hüdudu yox idi.  Həmin gün gəldi. Böyük şəxsiyyət, dahi insan Heydər Əliyevi biz məktəbimizdə, qarşımızda gördük. Ulu Öndər davranışı, səmimiyyəti, sadəliyi, sualları, qayğısı ilə elə səmimi bir ortam yaratdı ki, bizim həyəcanımızdan əsər-əlamət qalmadı. İnanın, mən başqa heç bir insanda bu cür səmimiyyət görməmişdim. Biz həmişə nümunə kimi həmin “Bilik Günü”nü xatırlayırdıq. Həm müəllimlər, həm şagirdlər, həm də valideynlər Ümummilli Liderin məktəbimizə gəlişinə çox sevinir və bu hadisədən qürur duyurdu. Həmin gün daim yaddaşlarımızdan silinməyəcək bayram oldu bizim üçün”.

 

“Heydər Əliyevin hər bir sözü çox mühüm əhəmiyyət daşıyırdı”

 

Nərgiz İsmayılzadə, psixoloq: “Mən psixologiya üzrə fəlsəfə doktoruyam və 1993-cü ildən 6 nömrəli məktəb-liseydə fəaliyyət göstərirəm. 2001-ci ildə Heydər Əliyev bu məktəbə gələndə bizim məktəb təzə təmirdən çıxmışdı. Yadımdadır, Heydər Əliyev direktorla bərabər, ardınca da müəllimlər məktəbin bütün mərtəbələrini, sinif otaqlarını gəzdi  və məktəbdə aparılan işlərdən çox razı qaldı. Ulu Öndər məktəb kollektivi ilə görüşdü, əlimizi sıxdı, oğlu İlham Əliyevə dərs deyən qocaman müəllimlərlə çox səmimi söhbət etdi, xatirələrini bölüşdü. Həmin vaxt mən cavan idim və Heydər Əliyevin hər bir sözü mənim üçün çox mühüm əhəmiyyət daşıyırdı. Ulu Öndər müəllimlərə dedi: “Sizin işiniz çətin olsa da, çox şərəflidir. Çunki siz cavan kadr, şəxsiyyət yetişdirirsiniz. Çalışın işinizə çox məsuliyyətlə yanaşasınız”. Bu sözlər həmişəlik olaraq mənim beynimdə həkk olundu. Mən bütün fəaliyyətim boyu bu kəlmələrə sadiq olmağa çalışmışam və bundan sonra da çalışacağam”.

 

Lamiyə ƏLİMƏRDANOVA