Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ali təhsil sistemi özünün inkişafının yeni mərhələsinə yüksəlmiş, xalqın ümummədəni və intellektual səviyyəsinin artmasına geniş imkanlar açan məzmun kəsb etmişdi. Onun təhsil siyasətinin dərin fəlsəfəsi var. Bu fəlsəfə 2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl ümumtəhsil məktəb kompleksinin açılışı zamanı söylədiyi nitqdə öz təcəssümünü tapır: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar”. İctimai şüurun yüksək təcəssümünü ifadə edən bu müddəa xalqa sevgidən yaranaraq, müstəqilliyin, inkişafın, dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmənin, hərbi və iqtisadi qüdrətə malik olmanın yolunun təhsildən keçdiyini göstərir. Bu fəlsəfəyə əsaslanaraq, Ulu Öndər Heydər Əliyev ölkədə təhsilin inkişafına və bu müstəvidə gənc nəslin yüksəkixtisaslı kadr kimi hazırlanmasına həmişə xüsusi önəm vermişdi.  Kadr hazırlığına Ulu Öndərin böyük önəm verməsi onun ali təhsil sahəsində apardığı siyasətdə öz əksini tapır. O, ali təhsilin inkişafına və kadr hazırlığına hələ Sovetlər birliyi dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xüsusi önəm vermişdi. 1960-cı illərin sonlarında respublikamızda cəmi on iki ali məktəb fəaliyyət göstərirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 1982-ci ilə qədər ölkəmizdə ali məktəblərin sayı iyirmi birə çatmış, orada təhsil alan tələbələrin sayı yüz min nəfərə qədər artmışdı.

 

Ali məktəblərin və orada təhsil alanların sayı haqqında qərarların Moskvada qəbul edildiyini nəzərə aldıqda, bu dəyişikliklərin nə qədər mürəkkəb olduğunun aydınlığı üzə çıxır. Onları həyata keçirmək güclü siyasi iradə, xalqa, vətənə sevgi, yüksək intellekt və idarəetmə keyfiyyətləri tələb edirdi. Ali məktəblərin yaradılması ilə yanaşı onun infrastrukrunun inkişafı da Ulu Öndərin xüsusi nəzarətində olmuşdu. Həmin illərdə yeni tədris korpuslarının tikilməsi ali məktəblərdə təhsil mühitinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasını şərtləndirmişdi. Bununla yanaşı, ali təhsilin keyfiyyətinin artırılması üçün zəruri addımlar atılmışdı. Bu, ilk növbədə, ali məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı idi. Müxtəlif ixtisaslar üzrə ən müasir cihazlarla təmin edilmiş kabinet və laboratoriyalar, ixtisalaşdırılmış auditoriyalar tələbələrin ixtiyarına verilmişdir.

 

Ulu Öndərin ali təhsil siyasəti özünün həqiqi təcəssümünü müstəqillik illərində tapdı. İkinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Heydər Əliyev təhsil istiqamətində islahatları davam etdirdi. Bunun üçün, ilk növbədə, hüquqi normativ sənədlər hazırlanmalı idi. Təhsilin bütün pillələrində olduğu kimi, ali təhsilin yenidən qurulması taleyüklü vəzifə kimi həllini gözləyən problemə çevrilmişdi. Bu zərurəti böyük uzaqgörənliklə duyan Heydər Əliyev 1998-ci ildə təhsil sahəsində islahatların həyata keçirilməsinə start verilməsi üçün xüsusi sərəncam imzaladı. Sərəncama əsasən, ilk növbədə, İslahat Proqramının hazırlanması üçün Dövlət komissiyası yaradıldı. Aparılan işlər nəticəsində Dövlət komissiyası Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramını hazırladı. İslahat proqramı təhsil ictimaiyyəti tərəfindən müzakirə edildi və  1999-cu il iyun ayının 15-də ölkə başçısı tərəfindən imzalandı. Bu, ölkəmizdə milli xüsusiyyətlər gözlənilməklə Avropa təhsil məkanına inteqrasiya imkanlarını artıran yeni təhsil sisteminin qurulması üçün geniş meydan açdı.

 

İslahatları sürətləndirmək məqsədilə 2000-ci ildə Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında” yeni fərman həyata keçirilən islahatlarda  təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya təhsil sisteminə inteqrasiyası istiqamətlərini daha da aktuallaşdırdı. Həmin fərmanın icrası müstəvisində 2000-ci ildə ali təhsil müəssisələrinə universitet statusu verildi.

 

Yeni kadrların hazırlanması istiqamətində müəllimin böyük rol oynadığı nəzərə alınaraq, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq, Azərbaycan Müəllimlər İnstitutu yaradıldı.

 

Ulu Öndərin ali təhsil siyasəti sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu kontekstdə 2005-ci ildə Azərbaycan universitetlərinin Bolonya prosesinə qoşulması ali təhsilin inkişafının növbəti mərhələsi oldu, Avropa təhsil məkanına inteqrasiya istiqamətində mühüm addım atıldı. YUNESKO və digər beynəlxalq təhsil qurumlarının sənədlərinə əsasən ali təhsil ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanaraq, təsdiq edildi. Bu müstəvidə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb etdi. Proqramın məqsədi ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması idi. Dövlət Proqramının icrası istiqamətində ali təhsilin qanunvericilik bazası Bolonya prosesinin əsas prinsiplərinə uyğun təkmilləşdirildi. İslahat proqramı çərçivəsində ali təhsil sistemində müxtəlif struktur dəyişiklikləri aparıldı, mütəxəssis hazırlığının strukturunda yeni ixtisasların hazırlanmasına start verildi. Ali təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) muxtariyyətinin artırılması bu mərhələdə aparılan islahatların mühüm istiqamətlərindən birini təşkil etdi. Görülən işlər ali təhsil müəssisələrinin maddi-texniki bazasının əsaslı şəkildə yenilənməsinə şərait yaratdı. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı bu islahat proqramının icrası baxımından mühüm əhəmiyyət kəsb etdi, ali məktəblərdə maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilməyə başlandı.

 

2009-cu ildə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrdən biri də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi oldu. Təhsil Qanununda Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası müstəvisində mühüm yeniliklər öz əksini tapır.

 

Prezident İlham Əliyevin 2011-ci il iyulun 11-də “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında imzaladığı sərəncama əsasən Milli Strategiya layihəsi hazırlamaq üçün Dövlət Komissiyası yaradıldı. 2015-ci ilin yanvarın 19-da Fəaliyyət Planı təsdiq edildi.

 

Təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq, ali təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılır. Ali təhsil müəssisələrinin idarəetmə modelinin təkmilləşdirilməsi, əlavə təhsil imkanlarının genişləndirilməsi, ali təhsil müəssisələrinin tədqiqat institutuna çevrilməsi vasitəsi ilə cəmiyyətin inkişafında ali təhsilin rolu artırılır.

 

Hazırda ölkəmizdə 51 universitet fəaliyyət göstərir və bu təhsil müəssisələrində 170 mindən artıq tələbə təhsil alır. Müstəqillik illərində yaradılmış və dünya standartlarına uyğun olan ADA Universiteti, Bakı Ali Neft Məktəbi hazırda ölkə brendinə çevrilmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları,  Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkəmizdə fəaliyyət göstərir.  Bu ali təhsil müəssisələri vətəndaşlarımıza ölkə daxilində  dünyanın aparıcı ali təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanı verir.

 

SSRİ dövründə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə bütün ixtisaslar üzrə kadr hazırlığı aparılmırdı. Bu reallığa xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev istedadlı azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil alması üçün şərait yaratmışdı. Bu gün həmin tarixin səhifələrini vərəqləyəndə fəxr hissi ilə 15 mindən artıq azərbaycanlı gəncin 1970-80-ci illər ərzində SSRİ-nin böyük şəhərlərində fəaliyyət göstərən 170-dən çox ali məktəbdə təhsil aldığını görürük. Onlar respublikamız üçün  ehtiyac duyulan 250-dən çox ixtisas üzrə yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanaraq, geri qayıtmış, müxtəlif önəmli sahələrdə işləyərək, xalqımızın inkişafına xidmət etmişlər. Ulu Öndər hər yeni təhsil ili ərəfəsində Respublika tələbə fəalları ilə (onların arasında SSRİ-nin müxtəlif ali məktəblərinə qəbul olan tələbələr xüsusi yer tuturdu) görüşlər keçirir, onların qarşısında duran taleyüklü vəzifələri açıqlayırdı. 1977-ci il avqustun 27-də keçirilmiş görüşündə gənclərə “Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir” deyərək, təhsili cəmiyyətin, xalqın gələcək inkişafı kimi  qiymətləndirərək onları daha yüksək səviyyədə təhsil almağa ruhlandırırdı. Bu sözlərin dərin qatlarında gəncləri xalqın inkişafına, bu müstəvidə müstəqilliyə, azadlığa çağırış dururdu.

 

Ulu Öndər Heydər Əliyev gənc istedadlı kadrların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasına müstəqillik illərində də xüsusi önəm vermişdi. Təsadüfi deyil ki,  2003-cü ildə azərbaycanlı gənclər dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə təhsil alırdı. Bu siyasət sonrakı dövrlərdə də davam etdirilmişdi. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdi. Həmin proqram çərçivəsində azərbaycanlı gənclər  dünyanın  yüksək reytinqli universitetlərində təhsil almaq imkanı əldə etmişlər. Onların böyük əksəriyyəti məzun olaraq, geri qayıtmış və hazırda 60 faizi özəl, 40 faizi dövlət sektorunda olmaqla fəaliyyət göstərir.

 

Xaricdə təhsil alan bəzi tələbələr öz fəaliyyətlərini xarici ölkələrdə davam etdirmək qərarına gəlmişlər. Hazırda onlar xarici ölkələrdə müxtəlif vəzifələrdə işləyirlər. Bu gənclər Azərbaycanı layiqincə təmsil edir, Azərbaycanın haqq sözünün, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında, işlədikləri ölkələrdə yaşayan azərbaycanlılar arasında “Azərbaycançılıq” ideyalarının yayılmasında, bir sözlə, qərib ölkələrdə Vətənin, xalqın inkişafı istiqamətində var qüvvə ilə çalışırlar. Bu, Heydər Əliyevin təhsil siyasətinin təntənəsidir.

 

Gənclərin xarici ölkələrdə təhsil siyasətinin davamı kimi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram ali təhsil sisteminin yeni inkişaf  mərhələsinin əsasını qoydu. Bu proqram çərçivəsində istedadlı azərbaycanlı gənclərin xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil alması siyasətinin davam etdirilməsi ilə yanaşı, dünyanın qabaqcıl ölkələrinin təhsil təcrübəsinin ölkəmizə gətirilməsi baxımından ikili diplom proqramlarının həyata keçirilməsi önəmli əhəmiyyət kəsb edir.

 

Ulu Öndərin təhsil siyasətinin tərkib hissələrindən biri də xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil almasını təşkil etmək olmuşdu. Hələ SSRİ dönəmində Ulu Öndər Heydər Əliyev xarici ölkə vətəndaşlarının ölkəmizdə təhsil alması istiqamətində mühüm işlər həyata keçirirdi. Bakı Dövlət Universitetində, Azərbaycan Neft və Kimya İnstitutunda və digər ali məktəblərdə çoxlu sayda xarici ölkə vətəndaşları təhsil alırdı. Bu siyasət bu gün də uğurla davam etdirilir.

 

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri hər bir azərbaycanlı üçün unudulmazdır. Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan dünya meridianlarında inamla irəliləyir, ölkəmizin nüfuzu durmadan artır, iqtisadiyyatı, hərbi qüdrəti güclənir, xalqın rifahı yaxşılaşır. Bu yüksəlişdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasəti önəmli rol oynayır. 

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru



Bölmənin digər xəbərləri