Klassik ədəbiyyatın, ayrı-ayrı zaman kəsiyində yaşamış sənətkarların, eləcə də müasir ədəbi-mədəni mühitin görkəmli nümayəndələri ilə bağlı Ulu Öndər Heydər Əliyevin söylədiyi fikir və mülahizələr konseptual məzmunu ilə ədəbi prosesin ümumi axarına bütün səviyyələrdə istiqamət verib. Sovetlər dönəmindəki çoxtərəfli  fəaliyyət planı, eləcə də Azərbaycanın müstəqilliyinin ilk illərindəki tarixi xidmətləri bir örnək olaraq özündən sonrakı dövr üçün nümunəyə çevrilib. Xalqın zəngin etnokulturoloji mədəniyyətini əks etdirən Novruz bayramı ilə əlaqədar söylədiyi mülahizələr və mərasimə qatıldığı zaman apardığı söhbətlər bütün mahiyyəti ilə etnik mədəniyyətə sahib çıxmaq, mərasim foklorunun geneoloji sisteminə həssaslıq nümayiş etdirmək istəyindən qaynaqlanırdı. “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə bağlı tarixi çıxışı, eləcə də klassik ədəbiyyatın görkəmli nümayəndələrindən N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, H.Cavid, C.Məmmədquluzadə, C.Cabbarlı və s. sənətkarlarla bağlı tarixi yubiley sərəncamları böyük şəxsiyyətin ədəbiyyata baxışını, həssas münasibətini  aydın şəkildə ortaya qoymuşdu. Azərbaycan Yazıçılar Birliyinin qurultayında (1997) Heydər Əliyev özünün timsalında nümunə olaraq bir məqamı xüsusi olaraq vurğulayırdı: “Orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının əsərlərini sevə-sevə oxumuşdum. Onları bu gün də unutmamışam. Bəlkə də bu əsərlərin bəzilərini ondan sonra oxumamışam, ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyata, mənəviyyata, mədəniyyətə daim bağlı olmuşam”.

 

Bütün ruhu, varlığı ilə milli-mənəvi dəyərlərə bağlanan Ulu Öndər bu konseptual söyləmələri ilə etnokulturoloji sistemə həssaslığı və gələcək nəsli bu ruhda böyüdüb tərbiyə etməyi bir məqsəd olaraq geniş auditoriyaya aşılamağa çalışırdı. Xalq mərasimləri və meydan tamaşalarına həssaslığı və həyatının ayrı-ayrı dövrlərindən, eləcə də uşaqlıq zamanı ilə bağlı verdiyi epizodik örnəklər milli-mənsubluq missiyasının bir prinsip olaraq əsas götürülməsindən qaynaqlanır.

 

Novruz mərasimlər toplusudur. Bayramdan əvvəl evlərdə aparılan təmizləmə işləri, çərşənbələr (su, od, torpaq, yel çərşənbəsi), tonqal qalanması, bayram süfrəsi, yumurta döyüşdürülməsi, meydan tamaşaları və s. bütün mahiyyəti ilə xalqın əski təsəvvürlərindən gələn bir ənənə olaraq müqəddəslik səviyyəsində özünə yer alır. Eləcə də dünya şöhrətli ədəbi abidəmiz “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı tarixi çıxışları, konseptual səviyyədə söylədiyi mülahizələr keçmişə, milli-mənəvi dəyərlərə, etnik mədəniyyətə sonsuz sevginin ifadəsi olaraq əvəzsizlik qazanır. Dastanın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman və sərəncamlar (1997, 1999-cu il), bu yönlü işlərin aparılmasına dair göstərişlər sırf milli mənsubluq duyğusuna həssaslığın nümunəsi olaraq diqqəti cəlb etmiş və sonrakı dönəmlər üçün strateji istiqamətin əsas hədəf və istiqamətini müəyyənləşdirmişdir. Oğuz türklərinin qədim mədəniyyətini əks etdirən bu dastan bütünlükdə etnosun tarixi keçmişini, dövlətçilik məfkurəsini, sosial münasibətlərini, əxlaq, davranış, mənəviyyat təsəvvürlərini gələcəyə daşımaq baxımından mükəmməl bir qaynaqdır.

 

Dastandakı bəşəri idealların tərənnümü dünya xalqlarının mənəvi sərvətlər xəzinəsində yerini və məqamını göstərməklə bərabər, həm də toplumun mədəniyyət təsəvvürlərini, münasibətlər sistemini, ideallarını, bədii-estetik düşüncəsini bütün aspektləri ilə ortaya qoyur. Heydər Əliyev də çıxışında bunları bir prinsip olaraq əsas götürərək deyir: “Azərbaycan xalqı “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley, bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır.

 

Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan  “Kitabi-Dədə Qorqud” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə “Kitabi-Dədə Qorqud” dastanının yaranması üçün xalqımızın necə böyük səylər göstərdiyini  və nəhayət, bu tarixi abidəni yaratdığını  nəzərə alsaq, onda təsəvvür edə bilərik ki,  bizim xalqımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır”. Bütün bunlar xalqın tarixi, mədəniyyəti, adət-ənənəsi, zəngin milli məfkurəsi haqqında təsəvvürlərin bir dəyər olaraq qorunması və keçmişə sayğının ifadəsi olaraq diqqət mərkəzinə gəlir; Dünyaşöhrətli siyasətçinin milli dövlətçilik konsepsiyasında humanitar xəttin aparıcılığını bir məqsəd olaraq aydın şəkildə sərgiləyir.

 

Yüz illərin, min illərin qan yaddaşını özündə saxlayan folklor örnəkləri, meydan tamaşaları, mərasim aktları, ənənələrin müqəddəsliyi Azərbaycan miqyasında özünütanıtma, özünüdərk və özünəqayıdış baxımından nümunəyə çevrilir. Xalqın dil zənginliyi, yaşam tarixi, ədəbiyyat möhtəşəmliyi, musiqi ecazkarlığı haqqında təsəvvürlərin geniş identifikasiyasını aydınlaşdırır. Mənəvi yaddaşın bərpası və nümunəsi olaraq İçərişəhər, Gəncə, Şuşa, Ordubad və s. mədəniyyət komplekslərinin bir şərəfli tarix, keçmiş olaraq uca tutulması və ona həssaslıq bütün mahiyyəti ilə tərbiyə və təlqin örnəyi olaraq uca tutulur. Tarixin daş yaddaşı kimi əvəzsizlik qazanan Qobustan qayaları, sazın, muğam sənətinin, xalq mahnılarının, rəqs-oyun mədəniyyətinin müxtəlif işarə və kodlarındakı arxaik elementlər əski təsəvvürləri müqəddəs nəsnə kimi qoruyub gələcəyə daşımaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Bütünlükdə bu zənginliyi himayə edən qurumların yaranması və fəaliyyət proqramları Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə cızdığı konsepsiyanın milli mədəniyyət fəlsəfəsinə dayanır.

 

“İrs”, “Yallı”, “Atəşgah”, “Aşıq Pəri məclisi” və s. qurum və birliklər, “Bulaq”, “Ozan”, “Dastan axşamı” verilişləri milli mədəniyyət müstəvisində fəaliyyət planının həyata keçirilməsi baxımından müəyyənləşmiş hədəflər idi.

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci (1969-1982) və ikinci dönəmi (1993-2003) bütün mahiyyəti ilə millilik baxımından etnosun mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, ədəbiyyatına, incəsənətinə, tarixinə sahib durmaq missiyasına köklənmişdir. Qeyri-adi təşkilatçılıq bacarığı, siyasi nüfuzu, xalq adət-ənənəsinə sonsuz bağlılığı bütün səviyyələrdə özünü göstərməklə, həm də gediləcək yolun perspektivlərini müəyyənləşdirirdi.

 

Aşıq Ələsgərin 150 (1972), Aşıq Alının 180 illik yubileyləri (1981) qədirbilənlik nümunəsi olaraq topluma aşılanmaq məqsədi daşıyırdı.  Ümumxalq bayramı səviyyəsində keçirilən bu bayram-yubileylər sonrakı dönəmlərdə bir ənənə olaraq təkrarlanıb, müxtəlif tədqiqatların, araşdırmaların aparılması üçün əsas olub. Aşıq Ələsgərin iki yüz illik yubileyi ilə bağlı tədbirlər planı (2021) bu böyük işlərin davamı olaraq özünü göstərdi. Ümumiyyətlə, 70-80-ci illərdə olan istedadlı sənətkarların təltifləri, mükafatlandırılması və müxtəlif yubiley tədbirlərinin keçirilməsi Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin və milli mədəniyyət konsepsiyasının örnəyi olaraq nəzər-diqqəti cəlb edir. “Qurbani saz bayramı” (1978), “Bayatı bayramı” (1979), “Dastan gecəsi” (1980) və s. bütün mahiyyəti ilə humanitar təsəvvürlərin müqəddəsliyinə bağlanır.

 

XVI əsr Azərbaycan poeziyasının qüdrətli sənətkarı Məhəmməd Füzuli ilə bağlı  çıxışında onu Şərq, Türk dünyası, eləcə də Avropa ədəbiyyatı timsalında müqayisələrə cəlb etməsi orijinallıq örnəyi kimi mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev xüsusi həssaslıqla vurğulayırdı: “Füzuli təkcə Şərqdə yox, müsəlman aləmində, təkcə Türk dünyasında deyil, bütün dünyada, o cümlədən inkişaf etmiş qərb ölkələrində də çox məşhur olmuşdur. Amma Azərbaycan xalqı üçün, bizim üçün Füzuli dahi olmuş, sevilmiş, xüsusilə son əsrdə daha yüksək zirvələrə qaldırılmışdır”.

 

Heydər Əliyevin çoxşaxəli fəaliyyətində müasir ədəbiyyatın, teatrın, musiqinin, incəsənətin müxtəlif sahələrinin inkişafı ilə bağlı söhbətləri, mülahizələri bir növ konseptual məzmunu ilə sonrakı fəaliyyət üçün nümunə idi. C.Cabbarlı, S.Vurğun, M.Dilbazi, S.Rəhimov, B.Vahabzadə, İ.Şıxlı, İ.Qasımov, Y.Səmədoğlu, M.Araz, Anar, Z.Yaqub, B.Azəroğlu və s. onlarla sənətkarlar haqqında söylədiyi fikirlər dünyaşöhrətli siyasətçinin ədəbiyyat, mədəniyyət baxışlarının, bədii-estetik düşüncənin əsas aspektlərini özündə ehtiva etmək xüsusiyyətləri ilə səciyyələnir. Məsələn, Mirvarid Dilbazinin səksən beş illik yubileyində (23 aprel 1998-ci il) tarixi çıxışı, böyük sənətkarı “İstiqlal” ordeni ilə təltif etməsi Ulu Öndərin elmə, mədəniyyətə, sənətə həssaslığının örnəyidir.

 

Xüsusi həssaslıqla söylədiyi “bugünkü yubiley mərasiminin indiyə qədər olan yubileylərdən fərqli bir xüsusiyyəti də vardır. Bu gün biz böyük şairəmiz Mirvarid Dilbazinin 85 illik yubileyini qeyd edirik. Eyni zamanda, biz bu gün gözəl Azərbaycan qadını, anası - qeyrətli, namuslu, ismətli, fədakar Azərbaycan qadını Mirvarid Dilbazinin yubileyini qeyd edirik”- fikirləri bütünlükdə Azərbaycan qadınına, poeziyaya, mədəniyyətə, milli dəyərlərə hörmətin ifadəsidir.  Xalq şairi M.Dilbazinin yubileydə söylədiyi nitq də Ulu Öndərə sonsuz xalq məhəbbətinin örnəyidir. Orada deyilirdi: “Əziz, hörmətli, dünyaşöhrətli oğlumuz, bu çətin günlərimizdə, ağır işlərimizdə, vaxtınız dəqiqələrlə ölçüldüyü bir məqamda Sizin elmimizə, ədəbiyyatımıza, incəsənətimizə, tarixi şəxsiyyətlərimizə belə böyük diqqətlə yanaşmağınız adi bir iş deyildir. Bu, Sizin milli vüqarınızın nəticəsidir”. Göründüyü kimi, xalqımız Ulu Öndəri hər zaman ürəkdən sevib. Dünyaşöhrətli siyasətçinin gördüyü böyük və əvəzsiz işlər, yaşadığı həyat zənginlikləri bugünkü və gələcək nəsillər üçün gözəl örnəyə çevrilib.

 

Rafael ƏLİYEV,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin humanitar fənlər kafedrasının müəllimi