Aylar keçdi, illər dolandı, nəhayət, gəlib ömrünün altmışıncı baharına çatdın, əziz dostum! Ürəyinin təmizliyindəndir,  xoşniyyətli olmağındandır ki, dostun, yoldaşın, yaxınların, uzaqların, ətrafındakılar sevincinə qatılır. Üzün həmişə gülür,  dodaqlarından təbəssüm əskik olmur, özündən böyüklər də, kiçiklər də  səninlə rastlaşanda, səninlə danışanda xoş ovqatda olur, təəssüratı yaxşılaşır, əhvalı yüksəlir.

 

Tanrım, qaytar məni uşaqlığıma

 

Eşidəndə ki, sənin altmış yaşın olacaq, uşaqlıq və gənclik illərindən oxuduğum, artıq müəllifini unutduğum şeirdən bir beyt yadıma düşdü:

 

İllərə nə var ki, illər tələsmir,

İllər nə bilir ki, ürək nə çəkir?!

 

Bəli, o dövrlərdə, valideynlərimizin himayəsində, qayğısı altında olduğumuz, dünyanı yalnız al-əlvan boyalarla gördüyümüz, işimizin-gücümüzün az olduğu günlərdə bizə elə gəlirdi ki, illər, aylar, günlər çox ləng gedir. Tez böyümək, yekə kişi olmaq, ali təhsili başa vurmaq, işləmək, bir vəzifə və  ailə sahibi olmaq istəyirdik. İllər isə sanki yerində sayırdı.

 

Həmin hisslərlə sən də yaşamısan, əziz dost! 1963-cü il iyul ayının 22-də  Yardımlı rayonunun Vəlixanlı kəndində dünyaya göz açmısan.

 

Sən Həmzağa kişinin sevimli övladısan. Boya-başa çatdığın bu kəndə, kəndin adamlarına son dərəcə bağlı olduğundan kəndin adını (Vəlixanlı) özünə təxəllüs götürmüsən.

 

Günləri, həftələri, ayları yola saldıqca uşaqlıq təəssüratları ilə görmüsən ki, illər nə isə ləng  keçir. Onlar ötdükcə sənin dünyan da genişlənib, dünyagörüşün də artıb. Arzuların çox olub, həmin arzuların qanadlarında şirinli-şəkərli uşaqlıq illərinə əlvida demisən!

 

Sevimli kənd müəllimlərini, indi dünyasını dəyişmiş Əhmədağa müəllimi, Mirzə müəllimi həmişə hörmət və məhəbbətlə yada salırsan. İlk müəllimin Şamil Məmmədova baş çəkməyi özünə borc bilirsən. Bizə qələm tutmağı, oxuyub-yazmağı, sinifdə, məktəbdə, ictimai yerlərdə davranmağı öyrədən ilk müəllimlərimiz unudulmazdırlar. Mənim də ilk müəllimim, Əməkdar müəllim Nəsibə Qurbanovaya böyük məhəbbətim, hörmətim olub və olacaq da. Yaxınlarda “Azərbaycan müəllimi” qəzetində onun xatirəsinə həsr etdiyim “Mənim ilk müəllimim” adlı yazını çap etdirmişəm...

 

“Düşdük yolların ağına, Baxtımızın sorağına”

(Ramiz Rövşən)

 

Kənd  məktəbini bitirib, Bakıya  ali təhsil almağa gələndə arzuların aşıb-daşırdı. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olundun. 

 

Kənd məktəbinin məzunu ola-ola sən “Rus ədəbiyyatı” və “Tarix” fənləri üzrə şifahi imtahanlardan “əla” qiymətlər aldın, instituta qəbul edildin. Rus dilini mükəmməl öyrənmək, dil-danışıq mühitindən bəhrələnmək üçün tələbə mübadiləsi xətti ilə 1983-1984-cü tədris ilində Həştərxan Pedaqoji İnstitutunun (indiki Həştərxan Dövlət Universiteti) filologiya fakültəsində də təhsil aldın, institutu fərqlənmə diplomu ilə bitirdin. 29 il sonra hazırkı Həştərxan Dövlət Universiteti sənin “Drevnyaya Rus i tyurki: v literaturnıx pamyatnikax XII-XVII vv.” monoqrafiyanı çap etdi.

 

Ali təhsil illərində akademik  Teymur Bünyadovdan,  professorlar Məmməd Qocayev, Yusif  Rüstəmov və Bela Musayevadan, dosentlər Zemfira Mehdizadədən, Sevil Məmmədovadan,  Validə Əliyevadan və başqalarından dərs aldın. Onları da həmişə minnətdarlıqla xatırlayırsan.

 

“Müəllimlik - qaranlıqları aydınlığa çıxaranların peşəsi”

 

Ən böyük arzularından biri təhsil aldığın Vəlixanlı kənd məktəbində müəllim işləmək idi. Bu arzuna qovuşdun. Üç il burada rus dilini və ədəbiyyatını tədris etdin.

 

Rayonda işləyərkən (1985-1988) sənə məktəb direktoru, rayon komsomol komitəsinin birinci katibi və s. vəzifələr təklif olundu. Sənsə M.F.Axundov adına APRDƏİ-nin əyani aspiranturasını seçdin. Orduda xidmət etməli oldun.

 

O vaxtlar Qarabağ hadisələri başlamışdı. Hərbi xidmətdə olduğun Pskov və Minskdəki hərbi hissələrdə Qarabağ tarixi, Ermənistan-Azərbaycan qarşıdurması barədə mühazirələr oxumağa və azərbaycanlılardan ibarət musiqi qrupunun çıxışlarına nail oldun. Elmi rəhbərin, Əməkdar elm xadimi, professor Murtuz Sadıxlının dəyərli tövsiyələri hesabına artıq hərbi xidmət dövründə namizədlik işi üzrə materiallar toplayıb sistemləşdirməyə və ordudan geri dönən kimi işi müzakirəyə təqdim etməyə nail oldun. Vaxtından əvvəl işi (“M.Y. Lermontovun nəsr əsərləri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində”) yekunlaşdırdığına və müdafiəyə təqdim etdiyinə görə Təhsil Nazirliyinin pul mükafatını aldın.      

 

“Elmin fəziləti ibadətin fəzilətindən  əfzəldir” (Həzrəti Məhəmməd peyğəmbər demişkən)

 

Telman müəllim, sən həmişə irəliyə baxmısan. Elmin enişli, yoxuşlu yolları səni özünə elə bağlamışdı ki, araşdırmalarını davam etdirməyə başladın. Özünü yaxşı müəllim kimi tanıtdın. Müstəsna hal kimi institutun rektoru, mərhum professor Firudin Hüseynov  kafedra müdirinə səni müəllimlikdən birbaşa dosent vəzifəsinə keçirməyi təklif etdi. Doktorluq dissertasiyası mövzun təsdiq olundu.

 

Səni maraqlandıran qədim rus ədəbiyyatı abidələrində slavyan-türk əlaqələri mövzusu idi. Mövzun səni Moskva, Sankt-Peterburq kitabxanalarına üz tutmağa, slavyan ölkələrində kitab və məqalələr çap etdirməyə istiqamətləndirdi. Bakıda monoqrafiyaların nəşr olundu. Nəhayət, 2004-cü ildə “Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi, bir müddət sonra professor elmi adı  aldın.

 

Dissertasiyanın müdafiəsi ilə bağlı aparıcı təşkilat Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (Qədim slavyan ədəbiyyatları şöbəsi, şöbə müdiri A.S.Dyomin); rəsmi opponentlər A.Puşkin adına Rus Dili İnstitutunun dünya ədəbiyyatı kafedrasının müdiri professor S.N.Travnikov və professor M.Q.Qocayev olmuşdur.

 

Doktorluq dissertasiyasının müdafiəsi yüksək səviyyədə keçmiş,  istər aparıcı təşkilat, istər rəsmi opponentlər, istərsə də çıxış edən dissertasiya şurası üzvləri əsərin elmi dəyəri, aktuallığı, alınan nəticələrin etibarlılığı və mötəbərliyi haqqında müsbət fikirlər səsləndirmişlər. Təbii ki, mövzunun xarakteri nüfuzlu rus alimlərinin opponentliyinə qarşı ciddi elmi səviyyə və hazırlıq tələb edirdi. 

 

Dissertasiyada X-XVII əsrlərə aid rus ədəbi abidələrində türk və slavyan xalqlarının əlaqələri, onların hərbi-siyasi, mədəni, iqtisadi, dini-etik və sadəcə insani münasibətləri geniş şəkildə araşdırılmış, eyni tarixi-mədəni areala məxsus bu etnos və xalqların ortaq tarixinin və birgəyaşayışının məhsulu olan  müştərək maddi və mənəvi dəyərlərə münasibət bildirilmişdi. Burada “Ötən illərin hekayəti”, “İqor polku haqqında söyləmə”, “Məhmətsultan hekayəti”, “Topal Teymur haqqında povest”, “Kazan tarixi” və sair əsərlərdə türk motivləri və mövzuları geniş və dərin şəkildə təhlil edilir.  Sonradan bu ədəbi abidələrin tərəfinizdən dilimizə tərcüməsi həm də “Qədim rus ədəbiyyatı”, “Rus ədəbiyyatı tarixi” dərsliklərinin yazılmasına imkan verdi. 

 

Geniş elmi maraq dairən, elmi-pedaqoji fəaliyyətin, şəxsi təşəbbüsünlə təşkil olunan yaradıcı təşkilat və mətbuat orqanlarında işin, layihələrin sənə müxtəlif illərdə Türkiyə, Macarıstan, Rusiya, İngiltərə, Almaniya, Serbiya, Gürcüstan, Moldova, Qazaxıstan və  başqa ölkələrdə bir çox treninq və təlimlərdə, konfrans və simpoziumlarda  iştirak  və çıxış etmək fürsəti yaratdı. 

 

Təhsildə innovativ fəaliyyət, təsisçilik, təhsil təşkilatçısı

 

“Ağıl-kamal verdi sənə yaradan,

Çalışıb hər sirri öyrən hər zaman”

(Əvhədi Marağayi)

 

Telman müəllim, sən işgüzar və innovativ fəaliyyəti ilə seçilən təhsil təşkilatçısısan. Hələ 1993-cü ildə ölkədə ilk özəl Tərcümə və Tədris mərkəzlərindən birini təsis etdin, sonra isə 1994-cu ildə ilk özəl - “Mütərcim”  nəşriyyatını yaratdın. Məktəb sevgisi səni ölkədə ilk yeni tipli orta təhsil müəssisələrindən biri - “Turan” liseyini təsis etməyə gətirib çıxardı.

 

Ölkə Prezidentinin istedadlı və qabiliyyətli şagirdlərə qayğının artırılması ilə bağlı sərəncamına uyğun olaraq, bu liseyin və Bakı şəhəri 15 nömrəli məktəbin bazasında,  Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin təşkilinə nail oldun...

 

1991-ci ildən bu günədək rus ədəbiyyatının tarixi kafedrasında laborant, baş laborant, müəllim və dosent vəzifələrində çalışmısan.  2014-2022-ci illərdə universitetin tədris işləri üzrə prorektoru olmusan.  Hazırda rus ədəbiyyatı tarixi kafedrasının professorusan. Uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar müəllim” Fəxri adına layiq görülmüsən.

 

2017-ci ildə təşəbbüsünlə Tədris və İnnovasiya Mərkəzi yaradılmışdır. Bu gün həmin mərkəz bütün təhsil pillələri və səviyyələrində təhsilalanlar üçün  müxtəlif təhsil xidmətləri həyata keçirir. Ölkəmizdə bütün təhsil pillə və səviyyələrində, xüsusilə təlim qeyri-dövlət dillərində aparılan məktəb və siniflərdə  bilinqval və polilinqval təlim modelinin geniş tətbiqi ideyasının tərəfdarı kimi zəruri təhsil proqramları (standartları) və planları işləyib müvafiq icra orqanına təqdim etmisən. Xaricdə və respublikada keçirilən konfranslarda bu mövzuda çıxış edirsən. Rusiyada yaşayan türkdilli uşaqlar üçün rus dili üzrə tədris vəsaitiniz (I-IV siniflər, həmmüəllif dosent Mədinə Qiyasbəyli)  Moskvada nəşr olunub.

 

Layihə rəhbərliyin və həmmüəllifliyinlə hazırlanan “Rus dili xarici dil kimi” dərslik vəsaitindən Bakı Slavyan Universitetində ixtisas üzrə əsas tədris vəsaiti kimi istifadə olunur. Üçcildlik tədris vəsaiti kimi nəzərdə tutulmuş “Rus ədəbiyyatı tarixi”nin birinci cildi də ikidilli tədris vəsaiti kimi faydalıdır.

 

Naşir, tərcüməçi, jurnalist fəaliyyəti

 

“İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır”

(Məmməd Səid Ordubadi)

 

1996-cı ildə “Mütərcim” ədəbi-bədii və tərcümə jurnalını, 1997-ci ildə “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” məcmuəsini təsis etməklə ədəbiyyatımıza, dilçilik, ədəbiyyatşünaslıq, pedaqoji və psixoloji elmi istiqamətlərimizə öz töhfəni verirsən. “Mütərcim” jurnalı uzun müddət Azərbaycan Yazıçılar Birliyi və Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə nəşr olunub. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” ali məktəblərarası elmi məcmuəsi isə buraxılmağa başladığı zamandan Azərbaycan Respublikası Prezidenti yanında  Ali Attestasiya Komissiyasının müəyyənləşdirdiyi nəşrlərin siyahısındadır.

2009-2013-cü illərdə Moskvada nəşr olunan “Literaturnaya qazeta”da və onun “Yevraziyskaya muza” əlavəsində Azərbaycanın təmsilçisi kimi ədəbiyyatımızla bağlı materiallarla mütəmadi olaraq çıxış etmisən. Müəllifi olduğun “Ən yeni Azərbaycan ədəbiyyatı” fəsli Almatıda rus dilində çap olunmuş “Ən yeni xarici ədəbiyyat” məcmuəsinə (2011) daxil edilmişdir. MAPRYALın Azərbaycan üzrə koordinatoru (2006-cı ildən), respublikamızda və xaricdə nəşr edilən bir sıra elmi və elmi-metodik nəşrlərin redaksiya heyətinin üzvüsən. 

 

Tərcüməçilik fəaliyyəti

 

“Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur”

(Onore de Balzak )

 

Tərcüməçilik Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi fəaliyyətinin əsas istiqamətlərindəndir.

 

Sən müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə latın qrafikası ilə buraxılmış 10-dan çox kitabın, o cümlədən antologiyaların tərtibçisi və ön sözün müəllifisən.  Sənin təşəbbüsün və ön sözünlə 2014-cü ildə ikicildlik “Ən yeni rus ədəbiyyatı” antologiyası Azərbaycan, ikicildlik “Noveyşaya azerbaydjanskaya literatura” antologiyası isə rus dilində nəşr olunmuşdur.  M.Y.Lermontov və A.S.Puşkinin (2 cilddə) “Seçilmiş əsərləri”ni tərtib etmiş, M.A.Şoloxovun “Sakit Don” romanını nəşrə hazırlamısan.

 

Qədim və XVIII əsr rus ədəbiyyatı nümunələrini, L.N.Tolstoyun, F.M.Dostoyevskinin, V.Voynoviçin, B.Yevseyevin, V.Kupryanovun, A.Jiqulinin ayrı-ayrı əsərlərini dilimizə çevirmisən. F.M.Dostoyevskinin “Karamazov qardaşları”  romanını tərcümə etmiş (2010), iki cilddə nəşrinə nail olmusan. Həmin  uğurlu tərcüməyə görə  Beynəlxalq Tərcümə Assosiasiyası və Rusiya Elmlər Akademiyasının Puşkin İnstitutunun Beynəlxalq Tərcümə mükafatına, Azərbaycan Yazıçılar Birliyinin Tofiq Bayram adına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatlarına və s. layiq görülmüsən. 

 

“Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır”

(Onore de Balzak)

 

Telman müəllim, sən 30-dan çox kitabın (dərslik, monoqrafiya, lüğət, tədris proqramları və s.), 300-dək məqalənin müəllifisən. Bu sırada məktəb dərsliklərinin hazırlanmasına xüsusi əhəmiyyət verirsən.

 

Təlim rus dilində  aparılan məktəblərin  VII, VIII, XI sinifləri üçün “Literatura” dərsliklərinin (2006-2017-ci illərdə) həmmüəllifi, 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə sifariş edilmiş və icrası davam edən yeni məzmun və tərtibatda “Literatura” dərslik kompleksləri seriyasının (V, VI, VII, VIII siniflər) layihə rəhbəri və həmmüəllifisən. 

 

Telman müəllim, sən Azərbaycanda rus ədəbiyyatının yeni resepsiyası və uzun dövr milli ədəbiyyatımızla sıx yaradıcılıq əlaqəsi olmuş həmin ədəbiyyatla bağlı təsəvvürlərin transformasiyası, bu baxışların ümumtəhsil və ali təhsil müəssisələri üçün dərsliklərə gətirilməsi məsələləri ilə məşğulsan.

 

Davam edən “Literatura” dərslik kompleksləri seriyasında milli ədəbiyyatımızın dominantlığı təmin olunmaqla bərabər, tarixi-xronoloji prinsip əsasında həm də şagirdlərdə rus və dünya ədəbiyyatı barədə dolğun və sistemli təsəvvürün yaradılmasına nail olmusan.

 

Avrasiyaçı-alim

 

Sən həm də avrasiyaçı alim kimi slavyan-türk xalqlarının müştərək tarixi dəyərləri, eyni tarixi-mədəni arealı bölüşdürmə faktlarından bəhs edən bir sıra avrasiyaçılıq tədqiqatlarını Azərbaycan oxucusuna təqdim edirsən.  Bu mövzu ilə bağlı Straxov, Danilevski, Trubeskoy, Savitski, L.Qumilyov, Pletnyova, Erencan Xara-Davan, Nosovski və Fomenko, eləcə də bir sıra Türkiyə və Avropa tədqiqatçılarının əsərlərini tərcümə və təhlil edərək, “Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış” adı altında nəşr etdirib (2010, 2018) Türk Dövlətləri Birliyi ideyasına, tarixi-mədəni tip kimi türklərin dünya sivilizasiyana verdiyi töhfələri və bu sahədə perspektiv tədqiqatları gündəmə gətirirsən. 

 

XV-XVII əsrlər rus ədəbiyyatında türklər” kitabın 2002-ci ildə Moskvada,  sonralar isə Ankarada işıq üzü görmüşdür. Həmin əsər Türkiyə türkcəsində Beynəlxalq Türksoy mükafatına təqdim olunmuşdur (2010).

 

Təltiflərin

 

Telman müəllim, sən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə səmərəli fəaliyyətinə görə “Əməkdar müəllim” Fəxri adına layiq görülmüsən (2016). 

 

Son söz

 

Əziz Telman  Həmzağa oğlu Vəlixanlı (Cəfərov)! Ədəbiyyatşünas və avrasiyaçı-alim, naşir, tərcüməçi, təhsil təşkilatçısı kimi bütün fəaliyyətlərinin fövqündə duran sənin müəllimlik peşəsinə vurğunluğun və tutduğun vəzifələrdən asılı olmayaraq, təhsilimizin təəssübkeşliyi missiyandır. Aparılan islahatlara, yeni məzmunlu təhsil proqramlarının və tədris resurslarının yaradılmasına verdiyin töhfədir. Sən dönüb yaşadığın illərə baxanda sevinə, öyünə bilərsən. Çox böyük işlər görmüsən. Sən kamil şəxsiyyətə xas ola biləcək bütün müsbət keyfiyyətlərə yiyələnə bilmisən. Səni gözəl bir insan, yaradıcı şəxş kimi çox sevirik. Sənin hələ vur-tut 60 yaşın var. Hələ qabaqda görüləsi nə qədər işlərin var. Sənə bundan sonra daha  60 il ömür arzulayıram. Amma  sağlam, gümrah, nikbin bir həyat yaşayasan!!! Var ol!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim