BDU-nun mexanika-riyaziyyat fakültəsinin tələbəsi Aysel İbrahimovanın uğur hekayəsi


Təhsil insanı kamilləşdirir, müdrikləşdirir. Məktəbəqədər tərbiyə ocaqlarından başlanan bu proses  əvvəlcə orta, sonra isə texniki -peşə, ali-orta,  ali təhsil pillələri, elm ocaqları   ilə əvəzlənir və nəticədə gənclərimiz müxtəlif  peşələrə və  ixtisaslara  yiyələnərək mənəviyyatca da saflaşır, müdrikləşir,  təmsil olunduğu cəmiyyətin  də  faydalı üzvlərinə  çevrilə bilir. Bunun üçünsə  seçdiyin  ixtisas ürəyincə olmalıdır,   sonda  səni sevdiyin  peşəyə qovuşdurmalıdır. Haqqında  söhbət açdığımız Aysel İbrahimova da  bu il ali məktəbə  qəbul  olunanlar,  ən böyük arzusuna qovuşanlar sırasındadır. Artıq tələbə adını qazanan  bu gənc qızın söylədiyinə görə,  imtahanın  nəticələrinə uyğun olaraq  seçdiyi ixtisas  ürəyincədir və buna heç vaxt peşman da olan deyil.

 

“Həyatımın  ən sevincli anlarını bu xoş xəbəri eşidəndə yaşadım. Müəllimlik peşəsinə yiyələnmək ən   böyük arzum  idi. Bu müqəddəs arzuma qovuşduğuma görə heç vaxt peşman olmayacağam.  Ən mötəbər bir  universitetin geniş və işıqı auditoriyalarında  ali təhsilimi  davam etdirməyi, tanınmış alimlərdən, pedaqoqlardan   dərs alaraq    riyaziyyat  kimi maraqlı bir elmin  sirlərinə yiyələnmək şansımı  mənə heç nə   əvəz edə bilməzdi.

 

Artıq tələbə adını daşıdığımdan saylı günlər keçib. Bu qısa müddətdə  yaşadığım hisslər, bütün təmaslardan aldığım təəssüratlar barədə  inanın ki,  bir kitab yazmaq olar. İndi oxuduğum təhsil ocağının ərazisi geniş, özü möhtəşəm, auditoriyaları  daha işıqlı və yaraşıqlıdır. Sinif yoldaşlarımı   tələbə yoldaşlarım, orta məktəb müəllimlərimi ali məktəb pedaqoqları əvəzləyib. Artıq tələbə  qızların  arasında  özümə ürək dostları, xarakterimə uyğun   rəfiqələr də qazanmışam. Bir sözlə, bu gün mən   bambaşqa bir aləmdəyəm, necə deyərlər, arzularımın qanadında  pərvazlanıram.”

 

Bu sözləri Xaçmaz rayonu üzrə ən yüksək bal toplayan Aysel İbrahimovanın dilindən eşitmək necə də xoş idi. Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə  o, bu il  648,2 bal toplayaraq Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi adını qazanıb.

 

Aysel Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin məzunudur. Olduqca çalışqan şagird olub. Bütün fənlərə eyni  həvəslə, eyni tələbkarlıqla yanaşıb, ancaq riyaziyyat  fənnini  hədsiz dərəcədə sevib. Bunu  onun  ixtisas seçimində  birinci  olaraq  müəllimliyi göstərməsi bir daha sübut edir. Tələbə qızın  söylədiklərini həyəcansız dinləmək mümkün deyil. Danışdıqca sanki qanad açıb uçacaqdı:  “Buraxılış  imtahanlarında 266,7, qəbul imtahanında isə 381,5 bal toplayaraq   uşaqlıq arzuma qovuşdum. Hələ aşağı siniflərdə  oxuyanda  məndə müəllim, daha doğrusu riyaziyyat müəllimi olmaq  arzusu baş qaldırmışdı”. Artıq təhsilin ali pilləsinə yenicə qədəm qoyan bu gənc tələbə qız özünü həyatda ancaq müəllim kimi görmək arzusunda  olduğunu cəsarətlə ifadə edir. O, başqa peşə və ixtisaslardan fərqli olaraq müəllimin ancaq öyrətmək və təlqin etmək, eləcə də tərbiyə etmək kimi müqəddəs bir vəzifəni   yerinə yetirməsini    insanlıq üçün  ən vacib amil sayır. Deyir ki,  müqəddəs kitablarımızda  xüsusilə vurğulanan, dahilərimizin dilindən vərəqlərə hopan müdrik kəlamlar  müəllimlik peşəsinin   ülviliyinə və olduqca vacibliyinə  ən böyük işarədir. “Təhsil millətin gələcəyidir” və “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kimi  müdrik   kəlamların mahiyyətini  dərindən dərk etdiyini   vurğulayan Aysel İbrahimova   bu  dərin məzmunlu  fikrin Ulu Öndər Heydər Əliyevə məxsus  olduğunu  da qürurla ifadə etdi və dedi ki, dahi şəxsiyyətin təhsil, elm haqqında söylədikləri biz gələcəyin  müəllimləri  üçün  ən vacib fəaliyyyət proqramıdır.

 

- “Sevindirici haldır ki, regionlarda  tədrisin keyfiyyəti gündən- günə yüksəlir və bu danılmaz həqiqət  hər il ali məktəblərə qəbul imtahanları prosesində təsdiqlənməkdədir”. - Bu  sözləri Ayselin  təhsil aldığı məktəbin direktor müavini Namik Müzəffərovun dilindən eşitdik. Təkcə  bu il Aysel İbrahimovanın  təhsil aldığı Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdən 60 nəfərdən çox məzun tələbə adını qazanıb. Onların müəyyən qismi Türkiyə və digər xarici ölkələrin ali məktəblərində təhsillərini davam etdirmək   hüququna sahib olub. Gənc tələbəyə - Aysel İbrahimovaya  ali məktəb illərində uğurlar diləyirik.

 

Sifai SƏFƏROVA