Mahirə Nağıqızının söz dünyasına bir baxış


Mahirə Nağıqızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda (2012); elmlər doktoru elmi dərəcə almaq üçün isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzularında (2017) dissertasiyalar müdafiə edib. Mahirə Nağıqızı tanınmış alim olmaqla yanaşı istedadlı şairdir,  Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gözəl şeirləri vardır.  Qələmindən neçə-neçə şeir kitabı çıxmışdır. Diqqət yetirək: “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ana kəndim Xalxalım” (2010), “Ömrün çıraqdır sənin” (2010), Sözün hikməti” (2012), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015), “Dilimiz - varlığımızdır” (2021), “Salam Olsun (vətənpərvərlik şeirləri)” (2021) və s.

 

Azərbaycan bəstəkarları tərəfindən Mahirə xanımın sözlərinə 30-dan artıq mahnı bəstələnib, aşıqların ifasında 70 mahnı səslənib.  Bəzi mahnıları diqqətə çatdıraq: Sevinc Mansurovanın bəstəsində “Azərbaycan” və “Layla çal, yatım ana; “Ata Heydər, oğul İlham”, Arif Səlimovun bəstəsində “Ay ana”,  “Ana”, “Balam”; Tahir Mahiroğlunun bəstəsində “Ata”; Tahir Əkbərin bəstəsində “Qısqanıram və s.

 

Mahirə Nağıqızının şeirləri mövzu müxtəlifliyi, mövzu rəngarəngliyi, məzmun dolğunluğu baxımından diqqəti cəlb edir. İlk növbədə, qeyd etməliyik ki, o, vətənpərvər şairdir. Əsərlərində milli ruhun təbliği, milli özünüdərkə xidmət özünəməxsus yer tutur. Vətən sevgisini, onun bütövlüyünü, toxunulmazlığını, müstəqilliyini, azadlığını dönə-dönə vurğulayaraq doğma yurdu vəsf edir. Torpaqlarımızın işğal altında olduğundan yana-yana danışır, lakin inanır ki, gec-tez tutulmuş ərazilərimizə sahib olacağıq. Erməni faşist işğalçılarına qarşı sonsuz nifrətlə mübarizəmizdən, müharibəmizdən söz açır, erməni ordusunu 44 gün ərzində darmadağın etməyimizi, zabit və əsgərlərimizin fədakarlığını, şəhidlərimizin, qazilərimizin böyük hünərini parlaq boyalarla işıqlandırır. “Salam olsun” şeirini yada salaq:

 

Rəzil oldu bizi qüvvə saymayanlar,

Qanda batdı qan içməkdən doymayanlar.

Bu milləti yıxılmağa qoymayanlar,

Dünyada hər anınıza salam olsun!

 

Bu tarixi qələbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  rolu xüsusi vurğulanır, Vətən müharibəsində ölkəmizə dəstək duran Rəcəb Tayyib Ərdoğan böyük məhəbbətlə vəsf edilir: 

 

Adı qalar zaman-zaman Sər doğanın,

İzi qalmaz hər olanın, hər doğanın.

İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,

Həmişə var canınıza salam olsun!

 

Əldə silah, fədakarlıqla, hünərlə döyüşənlər, Vətənin azadlığı, ərazi bütövlüyü,  müstəqilliyi uğrunda müharibə meydanında həlak olanlar da unudulmur:

 

Şəhidlərim, haqqınız var çiynimizdə,

Kəfən geydik, qalacaqdır əynimizdə,

Çıxmayacaq, yaşayacaq eynimizdə,

Tökülən al qanınıza salam olsun!

 

Azərbaycanımız yüz illər, min illər ərzində Vətənimizin müstəqilliyi, azadlığı uğrunda yüz minlərlə oğlunu, qızını itirib.  İkinci Dünya müharibəsində cəbhəyə 600 mindən çox azərbaycanlı yola düşüb, onların yarısı geri qayıtmayıb, həlak olub. Birinci və ikinci Qarabağ müharibələrində nə qədər şəhid vermişik. Bir də 20 Yanvar şəhidləri vardır. SSRİ rəhbərliyi öz vətəndaşlarının üzərinə tanklar yeridib, dinc sakinləri avtomat güllələrinə tuş edib. Mahirə xanımın “Şəhidlər”  şeiri  sovet ordusunun xalqımıza tutduğu divanı yada salır: 

 

Doğulub düşmənə daş atmaq üçün,

Ürəyi qorxudan boşaltmaq üçün.

Ölərlər vətəni yaşatmaq üçün,

Hər qəlbdə bir qala tikər şəhidlər.

 

Vətən  Mahirə xanımın ən çox sevdiyi və yüksək dəyər verdiyi mövzulardandır. Əslində burada bir qəribəlik də yoxdur. Bütün şairlər, ilk növbədə, ana adlandırdığımız Vətəni tərənnüm  edən şeir yazıb. Biz hamımız Vətəni, doğma diyarı  sevirik. Bunu hərəmiz fərqli şəkildə mənalandırırıq. Birimiz şeirlərilə, digəri nəsr əsəri ilə, başqası memarlıq işi ilə, kimisi onun müdafiəsinə atılmaqla, qeyriləri Azərbaycanı dünya miqyasında tanıtmaqla. Mahirə Nağıqızı da həm özünün Vətənə məhəbbəti, həm də  “Qar havası var” və başqa şeirləri ilə öz mövqeyini bildirir. Diqqət yetirək:

 

Haraya getsəm də, Vətən, ay Vətən,

Könlümdə ruhunun var, havası var.

Ayrılıqdı bilməm, xiffətdi - bilməm,

Sənsiz hər tərəfdə qar havası var.

 

Köksündə dondurmaz ayazı qışın

İstisi bəsimdi bircə qarışın.

Qürbətdə küləyin, yağan yağışın,

Səsində bir ahu-zar havası var.

 

Mahirə xanım - anadır. Ananın insan həyatında nə demək olduğunu çox gözəl bilir və  ailədə analıq vəzifələrini  uğurla, yüksək səviyyədə yerinə yetirir. Şeirlərinin bir çoxunu analara, xüsusən özünün dünyalar qədər bağlandığı   sevimli anasına həsr edib.

 

Mahirə xanım 2020-ci ildə işıq üzü görmüş “Onun daş nağılı” kitabına ana ilə bağlı üç şeir daxil edib. Qəribə burasındadır ki, hər üç şeirini “Anama” adlandırıb. Əslində burada qəribəlik də yoxdur. Bu şeirlər şairin anaya, anasına böyük, dərin məhəbbətinin timsalı kimi meydana gəlib.

 

Şairin Anaya həsr etdiyi şeirlər arasında “Saçların balladası” şeiri səmimiliyi, təbiiliyi ilə diqqəti cəlb edir. Mahirə xanım ana qayğısının, ana nəvazişinin, ana sevgisinin hamımıza tanış olan aşağıdakı notları ilə bir daha bizi tanış edir:

 

Hər dəfə başımı dizinin üstə -

Çəkərdi, saçımı oxşardı anam.

Bir onu, bir də ki, qulac saçıma

Dəyən nəfəsini unudammıram.

 

“Anama” adlanan digər şeirdə  ana nikbin əhvali-ruhiyyədədir. Həmişə belə olub, onu heç kim bu həyatdan gileyli görməyib:

 

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

 

Analar zəhmətə qatlaşan olurlar.  Evin bütün ağırlıqları onların üzərinə düşür. Evdə görüləsi iş-güc çoxdur. Şeirin qəhrəmanı da hər şeyi  çatdırır. Buna səhər ertə yuxudan oyanmaq, işə başlamaqla, özü də kiminsə şirin yuxusuna haram qatmamaqla nail olur:

 

Yadımdan çıxmaz ki, hər səhər erkən,

Elə gəzinərdin evdə yavaşdan.

Nə cür çatdırırdın, deyə bilmərəm,

O boyda işləri durub o başdan...

 

Şair çox düşünüb-daşınır, dağı Arana, Aranı dağa aparır. Fəqət dünyada anadan qiymətli heç nə tapa bilmir. Bunu yəqin etdikdən sonra qələmə sarılır:

 

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq

Hər şeyin qiyməti olur həyatda,

Sənin qiymətini tapmadım ancaq.

 

Mahirə xanım şeirlərinin birində ananın   fikir çəkdiyini,   narahat olduğunu, hətta  göz yaşı tökdüyünü görüb   qayğılanır. Bu, onu varından yox edir. Anaya təsəlli verməyə, onun dərdini, kədərini yüngülləşdirməyə çalışır:

 

Yenə qəlbim göynətməsin qəlbini,

Ağ saçını suya sərib ağlama.

Kim böləcək bölünməyən dərdini,

Fəqan çəkib qərib-qərib ağlama.

 

İstəyir ki, ana özünü ələ alsın, qayğılanmasın, göz yaşı tökməsin.  Axı göz yaşı təsəlli ola bilər, dərdi, kədəri bir azca, azacıq yüngülləşdirə bilər, fəqət “bölünməyən dərdini heç kim bölə bilməyəcək”  (“Kim böləcək bölünməyən dərdini”). Əbədi heç nə olmur, gələn - gedir, dolan - boşalır,  olan - olmur. Hər şey də, şeirdə deyildiyi kimi, “gəldi-gedərdir”. Diqqət yetirək:

 

Ah eləmə, ahu-zarın hədərdi,

Bu dünyada hər şey gəldi-gedərdi,

Göz yaşımnan göyətmişəm bu dərdi,

Təsəlli ver, durub-durub ağlama.

 

Mahirə Nağıqızının qadına, anaya xüsusi dəyər verməsi  təbiidir. Professor T.Novruzovun aşağıdakı fikrini mən də təsdiqləyirəm: “Mahirə Nağıqızının poeziyasının baş obrazı ANAdır”.

 

Mahirə xanımın bədii yaradıcılığının bir istiqamətini də  Azərbaycanımızın adlı-sanlı insanlarına, məşhur elm adamlarına ünvanlanmış şeirləri təşkil edir. Bu baxımdan professor Həsən Mirzəyevə həsr etdiyi şeir səciyyəvidir:

 

El oğluydu, el adamı, - dedilər,

Tək qoymayıb bir adamı, - dedilər.

Ata, qardaş, əmi, dayı, - dedilər,

Dağda, düzdə Həsən Mirzə yaşayır.

 

Şeirdən göründüyü kimi, Həsən Mirzəyev təkcə adlı-sanlı alim, millət vəkili olmaqla öz fəaliyyətini məhdudlaşdırmayıb, el oğlu, el adamı olub, camaatın xeyrinə, şərinə yarayıb. Belələri həyatda həqiqi şəxsiyyət statusu alırlar.

 

Məhəbbət əbədi ehtiyacdır. Nazim Hikmətin dediyi kimi, “İnsanın ən böyük kəşfi məhəbbətdir”.  Elə şair tapılmaz ki, eşq, sevgi, məhəbbətə aid şeirləri olmasın. Hətta bəzi məşhurlar məhəbbət şeirləri ilə yaradıcılığa başlamışlar. Bu mənada Mahirə xanımın şeirlərini arayıb-axtardım, görüm ki, onun məhəbbətə aid hansı şeiri var. Tapdım. Yalnız birini - “Sənsiz” şeirini diqqət mərkəzinə gətirmək istəyirəm. Onun da bir bəndini: 

 

Bu səhra dünyamın yuxularının,

Hər gecə gəzdiyi ormanı sənsən.

Yaralı qəlbimin, xəstə canımın,

Yeganə davası, dərmanı sənsən.

 

Eşq ilə dikələn dərd - sarayıymış,

Başqa cür deyilən hay- harayıymış.

Sənsiz yaşadığım gün - haramıymış,

Ömrümün-günümün hər anı sənsən.

 

Mahirə xanımdan ötrü məhəbbət  ümiddir,  imandır,  inam və nəhayət,  həyatdır. Eşqə mübtəla olan şəxs əxlaqını saflaşdırır, mənəviyyatını zənginləşdirir,   pak, kindən-küdurətdən azad olar.

 

“Sənsiz” şeirindən göründüyü kimi, şair eşqi “yaralı qəlbin, xəstə canın davası-dərmanı” adlandırır. Aşiqi “ömrümün-günümün hər anı” hesab edir. Uğurlu bənzətmələrdir.

 

Mahirə xanımın şeirləri arasında bir şeiri (“Köhnədi”) xüsusilə məni valeh etdi. Mənalandırma son dərəcə gözəldir. Yalnız iki bəndini nümunə gətirirəm:

 

Zaman gedər, zaman gələr,

Dünyanın çarxı köhnədi.

Buluddan yağış ələnər,

Aparan arxı köhnədi.

 

Danış, dərdin mənə gəlsin,

Təki sənin üzün gülsün.

Taxda çıxan hardan bilsin,

Çıxdığı taxtı köhnədi.

 

Münasibət bildirək:  Yağış yağır. Hamının ürəyincədir ki, yağış olsun, əkin-biçin suvarıla bilsin. Suyu arx aparır, arx isə köhnədir, yağış suyunu ünvana  çatdıra bilmir  (“Buluddan yağış ələnər, Aparan arxı köhnədi”).

 

Qeyd etdiyimiz kimi, Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəlidir. Biz bu yaradıcılıqdan bəzi nümunələri diqqət mərkəzinə gətirə bildik. Təbii ki, bütün şeirlərinin üzərində dayanmaq mümkünsüzdür.

 

Bu yazını bitirərək bir daha vurğulayırıq: Mahirə Nağıqızı çağdaş poeziyamızın sayılıb-seçilən nümayəndələrindəndir!  Qoy bundan sonra da belə olsun!

 

Mahirə xanımın şeirləri sevilə-sevilə oxunur! Şair sevilirsə, demək, o, əbədilik qazanıb.

 

Əbədilik qazanan şairlər var olsunlar!!!  Mahirə xanıma uğurlar diləyirik!

 

Akif ABBASOV,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Azərbaycan Yazıçılar  Birliyinin üzvü