Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ADPU-nu seçən bir ailənin üç qız övladı – Sevil, Sevda və Nisə bacıları ilə görüş keçirib.

 

Görüşdə rektor Cəfər Cəfərovla yanaşı, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov iştirak ediblər.

 

Şərəfli və məsuliyyətli müəllimlik peşəsini seçən bacıları təbrik edən rektor onların seçiminin olduqca təqdirəlayiq olduğunu diqqətə çatdırıb və bunu müəllimlik peşəsinin artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.

 

Təəssüratlarını bölüşən gənclər də ən vacib və böyük məsuliyyət tələb edən peşələrdən olan müəllimlik ixtisasını məhz müəllimlik məbədi olan ADPU-da dərindən mənimsədiklərini bildiriblər. Onlar gələcəyin sağlam gənclərini yetişdirmək üçün müəllimlik ixtisasını seçdiklırini vurğulayıblar. Bacılar həm də aktiv ictimai fəaliyyətlə məşğul olurlar.

 

Səmimi söhbət şəraitində keçən görüşün sonunda rektor müəllim bacılara xatirə hədiyyələri verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Xaçmaz şəhərindən olan bacılardan böyüyü Qafarova Sevil ADPU-nun kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasının V tədris ilində, digər bacısı Qafarova Sevda tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının II tədris ilində, kiçik bacıları Qafarova Nisə  isə riyaziyyat fakültəsinin “İnformatika müəllimliyi” ixtisasının I tədris ilində təhsil alır.