Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR-ın Gənc İstedadlar Proqramı ilə bağlı təqdimat keçirilib.

 

Təqdimat mərasimində rektor Elmar Qasımov bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin təşəbbüsü ilə həyata keçirilən Gənc İstedadlar Proqramı yeni səriştə və bacarıqların əldə olunması üçün əvəzsiz platformadır və proqramdan yararlanan tələbələr arasında BANM-ın tələbələri də olub. Rektor tələbələrin bu proqrama böyük maraq göstərdiklərini, proqramı uğurla başa vuran tələbələrin SOCAR-ın müəssisələrində əmək fəaliyyətinə başladıqlarını xatırladıb. O, bu il də proqrama müraciət edərək SOCAR-ın təqdim etdiyi bu imkandan yararlanmaq istəyən tələbələrin sayının çox olacağına əminliyini söyləyib.

 

SOCAR-ın Baş ofisində İnsan resursları departamentinin işə qəbul şöbəsinin rəisi Cavid Umbayev, şöbə rəisinin müavini Həmid İsrafilov və aparıcı mütəxəssis Aygün Qəniyeva təqdimatda iştirak edən IV və V kurs tələbələrinə proqram barədə geniş məlumat verib, seçim prosesindən danışıb, tələbələrin suallarını cavablandırıblar.

 

BANM-ın “Kimya mühəndisliyi” ixtisasının builki məzunu, hazırda BANM-də magistratura təhsili alan və SOCAR-ın STAR neft emalı zavodunda işə qəbul olan Fərid Hüseynli və “SOCAR Downstream”də çalışan BANM-ın ötənilki məzunu Çiçək Bayramova Gənc İstedadlar Proqramının üstünlüklərindən danışıb, tələbələrə  bu imkandan yararlanmağı tövsiyə ediblər.