Eldar Aslanov: “Məzunlarımızın işğaldan azad olunmuş rayonlarımızda məktəblərə təcrübəyə getməsini təşviq edəcəyik”


Ölkəmizin milli təhsil sistemində aparılan islahatlar özünün bariz nümunəsini müəllim hazırlığında yeni keyfiyyət dəyişikliklərində göstərməkdədir. Bu, özünü xüsusən də yeni pedaqoji təfəkkürə sahib yüksəkixtisaslı müəllim kadrlarının hazırlanmasında da göstərir. Müəllim hazırlığında mühüm istiqamətlərdən olan pedaqoji internaturaların tətbiqi də günümüzün reallıqlarından biridir. Təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən 2013-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə  Dövlət Strategiyası”nda pedaqoji internaturaların yaradılması mühüm vəzifələrdən biri kimi öz əksini tapır. Pedaqoji internatura dedikdə, ali təhsil müəssisəsi məzunlarının yeni əmək şəraitində təcrübə və adaptasiya dövrü başa düşülür ki, bunun nəticəsində məzun tədricən nəzəri pedaqoji kursdan müəllim-peşəkar səviyyəsinə yüksəlir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov “Azərbaycan müəllimi”nə müsahibəsində ölkəmizdə tezliklə tətbiq olunacaq internatura təcrübəsi barədə fikirlərini bölüşüb.  

 

- Pedaqoji internaturaya nədən ehtiyac yaranıb?

-  Məlum olduğu kimi, 2013-cü  ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə  Dövlət Strategiyası”nın Fəaliyyət planında ölkəmizdə pedaqoji internaturanın tətbiq olunması bir vəzifə kimi qoyulub. Fəaliyyət planına uyğun olaraq, 2018-ci ildən Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə bu təcrübənin öyrənilməsi və tətbiqi barədə tapşırıq verilib. Əsas hədəf bu sahədə dünya  təcrübəsi ilə tanışlıq və ölkəmiz üçün müvafiq internatura modelinin seçilməsi olub. Xüsusilə Böyük Britaniyanın, Almaniyanın, Kanadanın ABŞ-ın, Hollandiyanın, Baltikyanı ölkələrin, qardaş Türkiyə Respublikasının pedaqoji internatura və ya pedaqoji sınaqlarla bağlı tətbiq etdikləri təcrüblər  araşdırılıb və bununla bağlı müvafiq arayışlar Nazirliyə təqdim edilib.

 

Bizim apardığımız monitorinqlərə görə, bir məktəbdə bir neçə ali məktəbin müxtəlif ixtisaslar üzrə 200 tələbəsi təcrübəyə gedir. Bu qədər tələbənin bu qədər sıxlığı olan məktəblərdə təcrübə keçməsinin pedaqoji təcrübənin keyfiyyətinə nə qədər mənfi təsir göstərdiyini biz görürdük.

 

Müşahidələrimizin əsas nəticələrindən biri də odur ki, tələbələrimiz bir çox halda nəzəri cəhətdən hazır olsalar da, gündəlik müəllimlik peşəsinin praktiki vərdişlərinə, sinfin idarə olunması, lövhə qarşısında davranmaq və s. kimi məqamlara hazır deyillər. Nəyə görə? Çünki pedaqoji təcrübə, kifayət qədər arzuolunan səviyyədə keçmir. Ona görə də internatura bizim üçün çox vacib bir məqam kimi ortaya çıxdı və 2020-ci ildə təhsil nazirinin əmri ilə yeni dövlət standartları hazırlananda çərçivə sənədi təsdiq olundu. Çərçivə sənədində qeyd olundu ki, birincisi, 21 kreditlik köhnə qaydalardakı pedaqoji təcrübə son semestrdə 30 kreditlik  pedaqoji internatura ilə əvəz olunsun. İkincisi, yekun dövlət attestasiyaları ləğv olundu. Yəni yekun dövlət imtahanı, təhsil ixtisas qrupu olmayacaq. Biz bunu ilk dəfə, bu tədris ilinin buraxılışında, yəni 2024-cü ilin  iyun ayında görəcəyik.  Düzdür, 2024-cü ildə köhnə tədris planı ilə oxuyan beşinci tədris ilinin tələbələri də məzun olacaqlar, onlar  yekun dövlət attestasiyası verəcəklər.

 

Dördillik ixtisaslarda tək ixtisaslaşma üzrə bakalavr əsasında təhsil alan tələbələrimiz isə təcrübə hesabatlarını təqdim edərək müdafiə edərək, 140 krediti tamamlayaraq məzun olacaq və diplomlarını  alacaqlar.

 

- Pedaqoji internatura ilə bağlı təklifləriniz necədir?

- Bizim təklif etdiyimiz pedaqoji internatura modelinin xüsusiyyətlərindən biri ölkənin bütün coğrafiyasına təcrübənin yayılmasıdır. İkinci vacib şərtlərdən biri 6-8 nəfərlik deyil, maksimum iki nəfər qrup halında təcrübənin təşkilidir.    Biz fikirləşirik ki, müəllimin də planları pozulmasın, ona görə də sinifdə maksimum iki tələbə, arzu edərdik ki, bir nəfər olsun. Bir sinifdə bir təcrübəçi tələbə olsun. Müəllimə də həmin tələbə köməkçi olsun. O dərsin hazırlanmasında və keçirilməsində, ilk mərhələdə köməkçisi, sonra onun müavini olsun. Bir az təcrübə qazananda, müəllim görəndə ki, həftələr irəlilədikcə həmən tələbəyə artıq bir mövzunu vermək olar, o tələbə mövzusuna hazırlaşsın, dərsinin hazırlığı prosesini və dərs keçməyi müəllimlə bölüşsün.

 

- Beləliklə, pedaqoji internaturadan keçən gənc müəllimliyə daha hazırlıqlı başlasın...

- Bəli. Bizim ölkədə internatura təhsili uzun illər tibb təhsilinə aid olub. Yəni dövlətimizin müəllim peşəsinə verdiyi qiymətdir ki, müəllim hazırlığında da internatura tətbiq edilir. Bu internaturanın tətbiqi ilə bağlı çoxlu modellər var. Bu, sadəcə Pedaqoji Universitet olaraq bizim təklifimizdir. Bu təkliflər  Elm və Təhsil Nazirliyi tərəfindən istənilib. Bu sahədə xarici təcrübə öyrənilib və  təkliflər, nazirliyə təqdim olunub. Hazırda həmin təkliflər əsasında ümumi pedaqoji internatura və ümumiyyətlə, ixtisaslar üzrə təcrübənin keçirilməsi haqqında qaydalar layihəsi hazırlanır. Yeni qaydaların tətbiq olunmasını gözləyirik. Bizə  bir neçə ay öncə Elm və Təhsil Nazirliyi müvafiq tapşırıq məktubu göndərib. Sənəddə pedaqoji internaturanın tətbiqi ilə bağlı əsas elementlər  öz əksini tapıb. Bu, bizim üçün sınaq ili olacaq. Biz burada, belə demək mümkündürsə, pilot olaraq bu modeli tətbiq edib onun boşluqlarını görməyə çalışacağıq. Hazırda müvafiq internatura təşkil olunacaq məktəblərin razılaşdırılması prosesi tamamlanmaq üzrədir. Biz ixtisaslar üzrə baza məktəblərini razılaşdırmaq üçün nazirliyin müvafiq şöbələri ilə danışıqları davam etdirərək  baza məktəbləri ilə bağlı tələbləri müəyyənləşdirmişik. Bakıda elə məktəblər var ki, tamayülləşib, məsələn, informatika üzrə. Çox arzu edərdik ki, həmin məktəblər bizim informatika müəllimlərimiz üçün baza məktəbi olsun. Bundan əlavə, kimya-biologiya, riyaziyyat, tarix-coğrafiya  üzrə təmayülləşən məktəblər var. Biz çox istəyirik ki, tələbələrimiz  bu ixtisaslar üzrə nəticələri, maddi- texniki bazası, laboratoriya imkanları çox yaxşı olan, həmin fənlər üzrə müəllimlərinin həm diaqnostik qiymətləndirilməsi, həm attestasiya nəticələri çox yüksək olan məktəblərə getsinlər. Tələbələrimizin qabaqcıl müəllimlərin təcrübəsindən faydalanmasını istəyirik və onlar Azərbaycanın bütün guşələrinə təyinat alanda, eləcə də ən ucqar bir dağ kəndinə işləməyə gedəndə ən yaxşı tədris nəticələrini gedib orada tətbiq etməyə çalışsınlar.

 

- Yəni artıq hər bir gəncimiz bacarıqlı müəllim kimi yetişmiş olur.

- Bəli. İnternatura modelinin spesifik xüsusiyyətlərindən biri odur ki, yeni modelin qiymətləndirilməsi ali məktəbin ixtisas üzrə komissiyası tərəfindən aparılır. Qiymətləndirmə tələbənin tərtib etdiyi hesabatlara deyil, komissiya qarşısında öncədən verilmiş formaya uyğun hazırlayacağı təqdimat əsasında aparılacaq. Tələbənin təqdimatında yer alan məlumatlar təcrübəli, həm məktəbin, həm də universitetin ixtisas kadrları olan mütəxəssislər üçün əsas verəcək ki, həmin tələbənin təcrübəsini 100 bal qiymətləndirsin. Əgər tələbə təcrübədən 51 üst bal alarsa, o təcrübədən keçmiş, 30 kredit toplamış sayılacaq. Bu, bizim üçün bir təcrübədir. Təcrübədən tələbə uğursuz olarsa nə olacaq?. Tələbə növbəti ilin sentyabrında və ya fevralda yenə də bir semestr təcrübədə olacaq, yenidən həmin hesabatı hazırlayacaq.

 

- İşğaldan azad olunmuş ərazilərimizdə, Zəngəzurda internaturaların tətbiqi  nəzərdə tutulurmu? 

-  Sözsüz ki, işğaldan azad olunmuş torpaqlarımızda da pedaqoji internaturanın təşkili ilə bağlı fikirlərimiz var. Bu məsələdə bizim 3 yanaşmamız var. Birinci təməl yanaşmamız ondan ibarətdir ki, ölkəmizdə ilk müasir məktəb 1831-ci ildə Şuşada açılıb. Qəza məktəbi kimi açılmış məktəbin bir sıra tanınmış məzunları var.   Artıq Qarabağda məktəblər bərpa olunur. Ağalıda, Füzulidə, Şuşada bu tədris ilindən, şükürlər olsun ki,  müəllimlərimiz, şagirdlərimiz yeni tədris ilinə başlayıblar. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərə, həm Qarabağ, həm də Şərqi Zəngəzura həyatın qayıtması, eləcə də Azərbaycan məktəbinin, Azərbaycan təhsil sisteminin qayıtması böyük bir tarixi hadisədir. İkinci vacib bir məsələ, bilirsiniz ki, 1969-cu ildə ölkəmizin yeganə  ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı - Xankəndi Pedaqoji İnstitutu yaradılıb. 1973-cü ildə filial əsasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edilib. Ali məktəb 1988-ci ilə kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm erməni, həm rus bölmələrində minlərlə şagird təhsil alıb. Ali məktəb Azərbaycanın, eləcə də sovet təhsil sisteminə töhfələr verib. Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi hazırda çox uğurla Ağcabədidə fəaliyyət göstərir. Orada mindən çox tələbəmiz təhsil alır.

 

Biz öz imkanlarımızı götür-qoy edərək ötən yaz semestrindən pedaqoji internaturanı tətbiq etməklə vakant olan ucqar məktəblərdə təcrübəyə tələbələr göndərməyə başladıq. Bu kontekstdə biz işğaldan azad olunmuş rayonlarımızda, kəndlərimizdə məktəblər fəaliyyətə başlayandan sonra məzunlarımızın həmin məktəblərə təcrübəyə getməsini təşviq edəcəyik. Ali məktəb olaraq biz bu prosesə hazırıq. İstərdik ki, yüzlərlə tələbəmiz işğaldan azad olunmuş rayonlarımızdakı məktəblərdə təcrübə keçsin  və ya işləsinlər.

 

Oruc MUSTAFAYEV