Ədliyyə Akademiyası və SABAH Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasında təhsil alan tələbələri  üçün “Əşya hüquqlarının nəzəri və praktiki problemləri” mövzusunda “Hüquqşünas masası” keçirilib. Tədbirdə SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasında təhsil alan 150 tələbəsi iştirak edib.

 

BDU-nun mülki proses və kommersiya hüququ kafedrasının dosenti Elçin Xələfovun moderatorluğu ilə keçirilən tədbirdə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin hakimi  dosent Samirə Eyvazova, BDU-nun mülki hüquq kafedrasının müdiri dosent Şükür Yusifov və  Ədliyyə Akademiyasının mülki hüquq və mülki proses kafedrasının baş müəllimi Günel Mustafayeva məruzə ilə çıxış ediblər.

 

Məruzələrdə mülki hüququn ən böyük sahələrindən biri olan əşya hüququnun mahiyyətinə, əsas xüsusiyyətlərinə toxunulub, Avropa İnsan Hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ ilə bağlı məşhur məhkəmə qərarlarına nəzər salınıb, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər tərəfindən istifadə hüququna dair Konstitusiya Məhkəməsinin qərarları barədə geniş məlumat verilib.

 

Tədbir tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.