DİA-nın komandaları 1/4 final mərhələsində iştirak hüququ qazanıblar


“48-ci İCPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 1/8 final mərhələsi (klassifikasiya) keçirilib. Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 167 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb. Müsabiqə nəticələrinə görə 58 komanda 5 noyabr 2023-cü il tarixində Bakı Mühəndislik Universitetində keçiriləcək “48-ci ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin Azərbaycan üzrə 1/4 final mərhələsinə vəsiqə qazanıb.

 

Müsabiqədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını (DİA) Elektron idarəetmə şöbəsinin müdiri Vüqar Hüseynlinin rəhbərliyi ilə inzibati idarəetmə fakültəsinin tələbələrindən ibarət 6 komanda təmsil edib (APA1, APA2, APA3, APA4, APA5, APA6). Akademiyanın komandaları məsələlərin həllində fəal iştirak ediblər. APA1 (Əmir Ələkbərli, Səkinə Əlizadə, İlkin Ələkbərli) və APA6 (Cəbrayıl Babayev, Fərid Ələsgərli, Kənan Əliquliyev) komandaları seçildiklərinə görə 1/4 final mərhələsində iştirak hüququ qazanıblar.