Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2023-2024-cü tədris ilində Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüşüb. 

 

Rektor tələbələri BDU tələbəsi adını qazanmaqları və qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza, yaxşı təhsil alacağınıza, xalqımıza, dövlətimizə layiq, peşəkar mütəxəssislər kimi yetişəcəyinizə əminəm”.  

 

Rektor E.Babayev universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.