2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub


Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması 2022-ci ildən təşkil edilir. Prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunublar. Həmin il sertifikatlaşdırma prosesində 11211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.

 

2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə sertifikatlaşdırmanın test mərhələsində 1334-ü təkrar sertifikatlaşdırma və 21943-ü ilk dəfə iştirak olmaqla ümumilikdə 23277 nəfər uğur qazanıb.

 

2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırmanın test mərhələsindən ölkə üzrə 8498 nəfər uğurla çıxıb.

 

8 sentyabr - 14 oktyabr 2023-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23259 təhsilverən iştirak edib və onlardan 23160 nəfəri fərqlənib.

 

Uğur qazananların əməkhaqlarına artım tətbiq olunub

 

2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.

 

Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31207 təhsilverən iştirak edib və onlardan 23160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

 

“Sertifikatlaşdırma Azərbaycan təhsilinin keyfiyyətinə uzun vədədə təsir edəcək addımdır. Hər ilin iyun ayında, bir qayda olaraq, bu imtahanlar keçiriləcək. Keyfiyyət standartlarına cavab verə bilməyən müəllimlərlə qanunvericiliyin tələbləri çərçivəsində əmək müqaviləsini davam etdirməyəcəyik” - deyən nazir Emin Əmrullayev prosesi uğurla tamamlayanlar üçün nəzərdə tutulan planlar olduğuna işarə vurub. İlk növbədə uğur qazananların müvafiq olaraq əməkhaqları 10 və ya 30 faiz artırılır: “Artıq ibtidai təhsil səviyyəsində bütün müəllimlərin nəticələri, hər bir müəllimin bilik və bacarığını əks etdirən sertifikatlaşdırma balı bəllidir. Bu, bizim bir sıra qərarlarımızda - istər həmin müəllimlərin 65 yaşına çatanda əmək müqaviləsinin uzadılması, istər vəzifəyə irəli çəkilməsi, istər maddi və qeyri-maddi təşviq edilməsi, saatların bölünməsi və s. kimi məsələlərdə əsas götürəcəyimiz amillərdən biri olacaq. Bu, həm də müəllimlərimizin harada köməyə ehtiyac duyduğunu, hansı məqamlarda onları dəstəkləməliyik, o cümlədən harada boşluqlar olduğunu göstərir. Bu istiqamətdə də metodik xidmətin təşkil olunmasını planlaşdırırıq”.

 

Ümumiyyətlə, son 10 il ərzində müəllimlərin orta aylıq əməkhaqqı göstəriciləri artıb. 2014-cü ildə bu rəqəm 267 manat idisə, hazırda 830 manatdır. E.Əmrullayev hər sertifikatlaşdırmadan sonra əməkhaqqının qalxacağını vurğulayıb.

 

Onlar alacaqları artımı gözləyirlər

 

2023-cü ilin sertifikatlaşdırma imtahanlarında iştirak edərək 59 bal toplayan Sevinc Fərəcovanın əməkhaqqına 35 faiz artım olacaq.

 

1994-cü ildə Lerik rayonunda anadan olan gənc müəllim əvvəlcə Astara Pedaqoji Kollecindən “İbtidai sinif müəllimliyi” ixtisası sonra ADPU-dan “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzun olub. 2011-ci ildən özünün də təhsil aldığı Masallı rayonu Ərzuman İsmayılov adına Yeyənkənd tam orta məktəbinin ibtidai sinif müəllimidir.

 

S.Fərəcova öz üzərində işləməyi sevən müəllimlərdəndir: “Hər müəllim öz üzərində işləməlidir, imtahan oldu-olmadı. Sertifikatlaşdırma bunu bizə xatırlatdı. Məhz bunu etməyimizi təmin etdi”.

 

Sertifikatlaşdırma imtahanlarının nəticələrinə uyğun olaraq görüləcək tədbirlər də diqqət çəkir. S.Fərəcovanın fikrincə, bu tədbirlər dövlətin müəllimlərin həyat şəraitini yaxşılaşdırmaq istiqamətində reallaşdırdığı ən mütərəqqi addımlardandır.

 

Daha bir ibtidai sinif müəllimi Ruqiyyə Bəkirova da builki sertifikatlaşdırma imtahanında 59 bal toplayıb.

 

1995-ci il təvəllüdlü bu gənc müəllim 5 ildir fəaliyyət göstərir. İsmayıllı şəhərindəki 5 nömrəli tam orta məktəbdə çalışır. Sertifikatlaşdırma imtahanlarını müəllimlərin inkişafına yönəlik bir tədbir hesab edir: “Sertifikatlaşdırma prosesi müəllimin həm peşəkar inkişafına, həm də sosial rifah halının yaxşılaşmasına xidmət edir. İndiyədək 670 manat maaş alırdım, bundan sonra əlavə 35 faiz əlavə də alacağam və bu əlavə ailə büdcəmə kifayət qədər yaxşı təsir edəcək”. 

 

Ruqiyyə Bəkirova elm və təhsil nazirinin vədini də xatırladaraq sertifikatlaşdırma prosesinin gənclərin inkişaf etməsi, karyera pillələrində irəliləməsi üçün böyük şans olacağını vurğulayıb.

 

Təranə Süleymanlı Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. 3 il əvvəl keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin qaliblərindəndir. Həmin müsabiqənin test imtahanları mərhələsində 56 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb: “Müəllim olmaq arzum olub. Ona görə şagirdlərimlə işləməyi heç bir vəzifəyə dəyişmərəm. Anam da riyaziyyat müəllimi idi. Mənə müəllimliyi o sevdirib. Onun kimi müəllim ola bilmək üçün çox çalışıram”.

 

T.Süleymanlı aldığı 570 manat maaşın əlavəsi ilə 750 manata çatacağını deyib: “Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin məzunuyam. Maaşıma əlavə olunacaq artımı alacağam. Artımdan sonra alacağım maaşımla maraqlanmışam. 35 faiz əlavə ilə 750 manatadək pul gözləyirəm”.

 

T.Süleymanlının fikrincə, sertifikasiya imtahanı müəllimlərin işə qəbulu müsabiqəsi ilə müqayisədə asan olub: “Eyni tipli suallar idi. Sadəcə dərəcəsinə görə fərqlənirdi”.

 

Züleyxa Heydərova Gəncə Dövlət Universitetini “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai sinfin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura təhsili alıb. 2018-ci ildən müəllimlik fəaliyyətinə başlayıb. 1 il Şamaxıda, 2 il Şəmkirdə işləyib. Sonuncu dəfə müəllimlərin işə qəbulu müsabiqəsində 2021-ci ildə iştirak edib və 56 balla Göygöl rayonu Quşçu kənd Daşdəmir İmanov adına tam orta məktəbində işə başlayıb: “Quşçu kəndindəki fəaliyyətim də daxil olmaqla, artıq 6-cı ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Sertifikatlaşdirma prosesinə 2023-cü ildə cəlb edildim və imtahanda 57 bal topladım. Sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu imtahanlarında hər il məzmun dəyişir, dərinləşir. Məncə, belə də olmalıdır. Çünki biz ölkəmizin gələcəyini hazırlayırıq, üzərimizdə böyük məsuliyyət var və bu məsuliyyətin öhdəsindən gələ bilmək üçün hazırlıqlı olmalıyıq. Sürətlə dəyişən dünyada yaşayırıq. İstər tədris metodikası, ixtisas dili, istərsə dünyagörüşü baxımından hazırlıqlı, bacarıqlı, bilikli olmalıyıq ki, yetişdirdiyimiz nəsil də sürətlə dəyişən, inkişaf edən dünyaya hazır olsun”.

 

917 manat əməkhaqqı alan Z.Heydərovanın fikrincə, 35 faiz əlavədən sonra maaşının nə qədər olacağını hesablamayıb: “Dəniz səviyyəsindən hündürdə yerləşən kənd məktəbində işlədiyim üçün əlavə pul alıram, sinif rəhbərliyinə görə də pulum var. Ona görə alacağım əlavənin nə qədər olacağını bilmirəm”.

 

Z.Heydərova sertifikatlaşdırma prosesindən uğurla keçən müəllim kimi özünü idarəçi kimi də sınayıb: “Direktorların işə qəbulu müsabiqəsinə qatıldım, amma müsahibə mərhələsindən keçə bilmədim. Peşəkar idarəçi müsabiqəsində də iştirak etmişəm. Orada da esse mərhələsində uğur qazanmışam, növbəti mərhələyə hazırlaşıram”.

 

Xatırladaq ki, 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. Bu proses “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir.

 

Ruhiyyə DAŞSALAHLI