Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mükafatlandırılma mərasimində ADPU-nun rəhbərliyi, Konstitusiya Məhkəməsinin nümayəndələri, universitetin struktur rəhbərləri və tələbələr iştirak ediblər.

 

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu ilə bağlı geniş nitq söyləyib, gənclərin hüquqi dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb.

 

Çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə  Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub. Qeyd edib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədi ilə ənənəvi olaraq olimpiadalar təşkil edilir, maarifləndirmə işləri aparılır.

 

Daha sonra universitet üzrə 134 tələbənin qatıldığı olimpiadada yüksək nəticə göstərərək, I yeri tutan kimya və biologiya fakültəsinin tələbəsi Aysel Əmirova, II yeri tutan kimya və biologiya fakültəsinin tələbəsi Həzrə Əmirova, III yeri tutan tarix və coğrafiya fakültəsinin tələbəsi Anar Əlizadə və fərqlənən 15 nəfər tələbə təltif edilib.