Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup əməkdaşı - tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Xarici Dillər Mərkəzinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Mirvari Qasımova “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə - Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” (“Pedagogical Professionalism and Internationalization - Dialogue with the Post-Soviet Islamic Education Space”) layihəsi çərçivəsində Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetində (FAU) işgüzar səfərdə olublar.

 

Səfər zamanı layihənin digər tərəfdaşı olan Qazaxıstanın Qazax Milli Pedaqoji Universitetindən və Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetindən olan administrativ heyət və əməkdaşlarla beynəlxalq təhsil, təhsildə beynəlmiləlləşmə mövzularında fikir mübadiləsi aparılıb, cari layihənin davam etdirilməsi, həm layihə tərəfdaşı olan universitetlərin öz aralarında, həm də digər tövsiyə oluna biləcək müxtəlif universitetlərlə gələcək əməkdaşlıq imkanları qiymətləndirilib, fəaliyyət dayanıqlılığını təmin etmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə Beynəlxalq Təhsil Şəbəkəsinin (Network on International Education in South Caucasus and Central Asia (NIE-SCCA)) yaradılması barədə razılıq əldə edilib.

 

Təlim səfəri çərçivəsində Bakı-Nürnberq diasporunun yaradıcısı, eyni zamanda FAU-nun professoru, həmyerlimiz Yaşar Musayevlə görüş keçirilib.